• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

“İnanıram ki, o “ağ atlı xanım” məni...” – Dilqəm Əhməd “MARAQLI ŞƏXS”DƏ FOTOLAR

“İnanıram ki, o “ağ atlı xanım” məni...” – Dilqəm Əhməd  “MARAQLI ŞƏXS”DƏ  FOTOLAR

Yaranandan hər bir insan oğlunun özünə məxsus dünyası olur. Kimləri o dünyanı sevdiyi işi görməklə doldurur, kimisi də niyə, nə üçün yaşadığını bilmədən ömür yolunda sadəcə addımlayır. Bu dəfə kolleksionerlərdən bəhs edəcəyik. Dünyada məşhur kolleksiyaçıları arasında Böyük Britaniya kralı V Qeorq, Böyük Britaniya kraliçası II Yelizaveta, Misir kralı I Faruk, Monako şahzadəsi III Rene, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt, aktyor Çarli Çaplin, “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennon və s. kimi bir çox tarixi şəxsiyyətlərin adlarına rast gəlinir. Bizim təqdim edəcəyimiz kolleksioner Dilqəm Əhməddir - Cümhuriyyətə aid dəyərli arxivi toplayaraq Azərbaycan tarixinə bəxş edən şəxs.

Bizi kolleksiyası ilə tanış etmək üçün yaşadığı ünvana kənd Binəqədiyə apardı. Əvvəlcə qarnımızı doydurub, kiçik otağında barmaq basmağa yer qalmayan köhnə kitablar, solğun fotolar, qəzet və jurnallarla tanış etdi. Sən demə, bizim köhnə-kürüş sandığımız bu əşyalar böyük bir sərvətə bərabər imiş.

Beləliklə, Publika.az “Maraqlı şəxs” layihəsi çərçivəsində Dilqəm Əhmədin zəngin kolleksiyasına dair söhbəti təqdim edir.

- Kolleksiyan neçə hissəyə bölünür?

- Kitablar, məktublar, vəsiqələr fotolar və s. Kitab kolleksiyam 1922-1939-cu illəri əhatə edir. Göstərdiyim illər arasında Azərbaycanda kitablar latın qrafikası ilə nəşr edilib. Söhbət 5 milyon nüsxəyə yaxın kitabın nəşrindən gedir. Həmin nəşrlərin daxil olduğu kataloqum var. Çalışıram oradakı kitabları da alım. Bu, həm araşdırdığım sahə ilə bağlıdır, həm də mənə zövq verir. Hər dəfə əlifba dəyişəndə şəxsi kitabxanalarda, dövlət kitabxanalarında kitabları atırlar. Halbuki Azərbaycandan başqa dünyanın hər yerində köhnə kitablar dəyər, xəzinə hesab edilir. Kitabları dənə-dənə toplayıram. Bukinistlərdə əlaqə nömrələrim var. Nə zaman əllərinə belə kitablar düşür zəng edirlər. Mən də maaşımın hamısını verib onları alıram.

- Heyfin gəlmir puluna?

- Uşaqlıqdan maraqlıyam kolleksiyaya. Məsələn, hər ilə aid kalendar toplamışam. Bundan əlavə bir zamanlar məşhur filmlərin aktyorlarının şəkilləri satılardı. Onları alırdım. 90-cı illərin əvvəllərində butulka qapaqları yığmağa başladım. Yəni uşaqlıqdan vərdiş idi.

- Butulka qapaqların qalır?

- Yox nənəm atdı hamısını.

- Adətən, bu işlə iş adamları məşğul olduğundan jurnalist maaşı ilə dolanan birinin kolleksiya toplaması qəribə təsir yaradır. Kolleksiyanı toplamağa başlayanda nə qədər maaş alırdın?

- O ərəfədə maaşım yaxşı idi. Elə ona arxayın olub bu işə başladım. İndi çox təəssüflənirəm. Devalvasiya nəticəsində mənim də maddi vəziyyətimdə problemlər var. Ona görə də bəzi şeylərə həsrətlə baxıram.

- Heç kömək edən olmur?

- Düzdür, imkanlı adamlar kömək ediblər. Bundan əlavə şirkətlər layihəmi təsdiqləyiblər oradan əldə etdiyim pulla hansısa parçanı almışam. Sosial şəbəkədə “20 manat” kampaniyası da keçirmişəm. Yığılan 2000 manata Türkiyədən arxiv alıb həmin materialların əsasında kitab yazmağı düşünürdüm. Kitab hazır olduqdan sonra da kampaniya iştirakçılarına hədiyyə ediləcəkdi.

- Kampaniya baş tutmadı?

- Əksinə, kampaniya uğurla başa çatdı və 1780 manat pul yığıldı. Dekabrın əvvəlində arxivi almaq üçün pulun birinci hissəsini -1000 dolları göndərdim. Əldə 780 manat qalmışdı. Üzərini düzəldib dollara konvertasiya edəcəkdim ki, 21 dekabr hadisəsi baş verdi. Yəni dolların məzənnəsi 1,05 manatdan 1,55 manata yüksəldi. Əlimdə qalan 785 dəyərsizləşdi. Səsimi çıxarmadım. Kifayət qədər borca düşdüm. Həmin borcu apreldə yeni bir borca girərək qaytardım.

- Belə çıxır təkcə bank sektoru deyil, kolleksionerlər də zərərə düşüb?

- Əminliklə deyə bilərəm ki, devalvasiyanın ziyan vurduğu adamlardan biri də mənəm.

- Booknistlər mövzuya həssaslığından istifadə edirlərmi? Söhbət qiyməti bir qədər də artırmaqdan gedir.

- Yeni vaxtlarda bəli. Sonradan əksər bukunist bu işlə ticarət məqsədi ilə məşğul olmadığımı öyrəndi. Onu da deyim ki, bu kitabların alıcısı da çox deyil.

- Necə düşünürsən, bu mövzuda səni aldatmaq mümkündür?

- Bir bukinist var kolleksionerlər arasında ona insafsız ləqəbi qoymuşuq. Həmin şəxs bəzən 10 manat dəyərində kitabı 50 manata satır. Mənə gəlincə, illərdir bu işlə məşğul olduğumdan maraq dairəmə aid hər şeyin dəyərini bilirəm. Yəni aldadılmağım asan deyil.

- Hansı kitaba daha çox pul saymısan?

- Ən bahalı kitablarımdan birini bu yaxınlarda dostuma satdım. Çünki onun maraq dairəsinə aid idi. Həmin kitabı təqribən 90 avroya satın almışdım. Müəllifi Mirzə Kazım bəy olan kitab 1846-cı ildə Kazanda çap edilmişdi. Türk Tatar dilinin ümumi qrammatikası adlanırdı. Azərbaycan dilinin qrammatikası haqqında yazılmış ilk kitab idi.

- Aldığın qiymətə satdın, yoxsa daha baha?

- Yox, 50 manata.

- Səncə ucuz bazarlıq deyil?

- Devalvasiyanı nəzərə aldım. Ümumiyyətlə, kolleksionerlər arasında alış-veriş ayıb deyil, normaldır.

- İndiyə qədər kolleksiyanın təkcə kitablar hissəsinə xərclədiyin pulu hesablamısan?

- Yox. Amma ümumilikdə kolleksiyama 5 min manatdan çox pul xərcləmişəm. Hansı ki bu pulla 2 ay Avropanı gəzib dolaşa bilərdim. Yaxud kənd Binəqədiyə gəlib-getməyin çətin olduğu zamanda özümə avtomobil alardım. Peşman deyiləm. Təsəvvür edin bu fotoları almaq üçün xaricilər nə qədər pul xərcləyirlər.

- Bir xaricinin kiçik Azərbaycan haqqında arxivlər nəyinə gərək ola bilər?

- Aldıqlarından daha baha qiymətə muzeylərə satırlar.

- Muzeylərimiz səndən bu arxivləri almaq istəyib?

- Hələ ki yox.

- Kolleksiyana daha nə daxildir?

- Bahalı hissəsi vəsiqə kolleksiyasıdır. Bu kolleksiya da 1922-39-cu illəri əhatə edir.

- Sıravi vətəndaşlara aid vəsiqələrdir?

- Bəli. Bu günlərdə sovet Azərbaycanının ilk şəxsiyyət vəsiqələrindən birini almışam.

- Bir vəsiqəni neçəyə alırsan?

- Elə nadir vəsiqələr olub ki, onlara 50 manat vermişəm.

- Nadir dedikdə nəyi nəzərdə tutursan?

- Məsələn, 1929-cu ilə aid Nərimanov adına texnikumun tələbə biletini 50 manata almışam. Belə şeylərin qiyməti həqiqətən baha olur.

- Kolleksiyanda nə qədər vəsiqə var?

- 20-ə yaxın. Vəsiqə tapmaq çətindir. Əslində kitablar, vəsiqələr kolleksiyamın sadə hissəsidir. Əsl sərvət Azərbaycan Cümhuriyyəti və nümayəndələrinin mühacirəti ilə bağlı kolleksiyamdır. 1920-ci ildə Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra siyasətçilərimiz, yazıçılarımız İrana, Türkiyəyə, Fransaya mühacirətə getdilər. Məndə Məmmədəmin Rəsulzadənin şəxsi məktubları, dəfn albomu, mühacirlərimizin fotoları var.

- Doğrusu albom diqqətimizi çəkdi…

- 34 fotodan ibarət albomdur. Dostlarından biri Rəsulzadənin dəfn mərasimində çəkilmiş şəkillərini toplayaraq albom tərtib edib.

- Sənə neçəyə satıb?

- 1200 manata.

- Dilqəm, kolleksiyandan yararlananlar olurmu?

- İki nəfər elmi işinin müdafiəsində kolleksiyamdan istifadə edib. Biri foto arxivdən, digəri jurnal və kitablardan faydalanıb. Bundan əlavə aldığım dəyərli fotolarla bağlı bir neçə tarixçi ilə fikirlərimi bölüşürəm. Bu yaxınlarda gürcü tarixçi Giorgi Mamulia mənim kolleksiyamda Məmmədəmin Rəsulzadənin Finlandiyada yaşadığı şəhərin adının qeyd edildiyi fotonu görüb heyrətlənmişdi. Sən demə, illərdir sənədlərdə həmin şəhərin adını axtarırmış. Məhz həmin foto sayəsində şəhərin adını tapdı.

- Foto kolleksiyanda ən bahalı fotonun dəyəri neçəyədir?

- 650 dollar. Həmin vaxt dolların manata olan məzənnəsi 1,05 manat təşkil edirdi. 1918-ci ildə İstanbulda bir oteldə çəkilmiş fotodur. Bildiyiniz kimi 1918-ci ilin iyun ayında Azərbaycan nümayəndə heyəti kömək almaq uçun Türkiyəyə getmişdi. Foto həmin görüşlərdən çəkilib. Yeri gəlmişkən, fotodan yer üzündə bir ədəddir, oda məndədir.

- Bu qiymətli xəzinəni kimdən almısan?

- Etika xatirinə mənbəni açıqlamıram. Bu, Türkiyədə köhnə kitabları, saatları satan bir şəxsdir. Ondan ilk dəfə “ebay” vasitəsi ilə Almas İldırımın fotosunu aldım. Sonra satıcıya yazdım ki, sizdə başqa nələr varsa, mənim elektron poçtuma göndərin. Çoxsaylı fotolar göndərdi. Artıq tanışlığımızdan 3 il ötür. Bu müddət ərzində həmin şəxsdən cümhuriyyətimizə aid arxivi hissə-hissə almışam.

- Azərbaycana aid arxivi necə əldə edib ki?

- Bunu mənə demədi. Amma bəllidir ki, belə şəxsi sənədlər bəzən əldən-ələ keçir. Kimsə vəfat edir, arxivi əldən-ələ keçir, kimsə dostuna-tanışına hədiyyə edir bunun nəticəsində əl dəyişir. Sözün açığı marağımda deyil bunları haradan alıb. Əsas odur fırlanıb mənə gəlirlər.

Bu arada, keçən ilin avqust ayında İstanbulda olarkən həmin şəxslə görüşdüm. Çox zəngin arxivə malikdir. Bu arxiv təkcə bizə aid deyil.

- Bizə aid hissənin neçə faizini sən almısan, tam səmimi etiraf et.

- 98 faizini.

- Plastinkalar da yığırsan?

- Nadir olanda alıram. Məndəkilər Üzeyir Hacıbəyovun əsərləridir.

- Üzərindəki qiymət 2 rubl 30 rəpikdir. Sən neçəyə almısan?

- 25 manata.

- Dəyər ifadəsi ilə belə 2 rubl, 25 manat uyğun deyil axı...

- Belə dəyərli əşyalar ucuz olmur.

- Bu qədər arxivi toplamaqda məqsədin nədir?

- Arzum odur ki, dövlət mənə yer versin, orada muzey açım. Məsələn, “Caspian Plaza”da bir ofisdə sərgi təşkil etdik. Yüzlərlə adam gəldi. Görünən o idi ki, Azərbaycanın tarixi keçmişinə aid bu sənədlər onlar üçün çox maraqlıdır. Rəhbərlik təkrar sərgi keçirməyi təklif etdi. Doğrusu hər dəfə bunları harasa daşımaq çətin olduğundan təxirə saldıq. Bunları nəzərə alanda kiçik muzeyim olmasını istəyirəm. Başqa tərəfdən aldığım arxivləri tədqiq edirəm. Hazırladığım materiallar jurnallarda çap edilir. Təvazokarlıqdan uzaq olsa da Azərbaycan tarixinə 40-a yaxın nadir foto qazandırmışam.

- Bəs özün üçün sərgi təşkil edirsənmi?

- Demək olar ki, hər gün. İşin zövqü odur ki, onu seyr edəsən, həmin əşyalara toxunasan. Bir anlıq təsəvvür edin Azərbaycan Cümhuriyyətinin ən böyük ideoloqlarından biri Əlimərdan bəy Topçubaşov hansısa fotostudiyada şəkil çəkdirib. Və o foto ancaq sizdədir. Yaxud Məmmədəmin Rəsulzadənin şəxsi sağlamlığı ilə bağlı dostuna yazdığı məktub. 1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub. Bunları Azərbaycan tarixinə qazandırmaq insanda çox gözəl hislər yaradır.

- Dilqəm, elə olubmu ki, maaşının 90 faizini bu marağına xərcləyib ay ərzində pulsuz qalasan?

- Dəfələrlə. Əhməd Ağaoğlunun qızının arxivini 450 dollara aldım. Maşımın demək olar ki, 99 faizini bu arxivə xərclədim. Bir ay yemədim, içmədin yeni paltar almadım. Bundan pis də olmadım. Çünki həmin pulu hər zaman qazana bilərəm. Amma belə arxivlər adamın əlinə bir dəfə düşür. Düzdür, bəzən bahalı materiallar olur ki, onu ala bilmirəm.

- Məsələn nəyi?

- Deputat nişanlarını (Bir zamanlar Azərbaycan parlamentinin deputatı olmuş şəxslərin nişanlarını). Hazırda bazarda belə nişanlar 650 manat, sovet deputatlarının nişanları 400 manat təşkil edir. 1920-ci ildə Naxçıvan parlamentinin deputat nişanı 6000 manata satılırdı. Əslində mənim kolleksiyam zəngindir. Amma bu işin ən ucuz qismi ilə məşğulam.

- Bildiyim qədər kolleksiyanı saxlamaq da ucuz başa gəlmir...

- Doğrudur. Qoruyucu avadanlıqlar bahadır.

- Allah qəzadan bəladan saxlasın. Nə vaxta kimi bu işi davam etdirəcəksən?

- Nə zamana qədər əmək qabiliyyətim var və subayam kolleksiyamı genişləndirməkdə davam edəcəm.

- Belə çıxır Azərbaycan tarixinə töhfələrin “ağ atlı xanımın” gəlişinə qədərdir?

- İnanıram ki, Azərbaycanda mən məşğul olduğum sahəni başa düşəcək xanımlar var. Düzdür, 3 ildir bu işlə məşğulam və sözügedən sahə ilə maraqlanan cəmi bir xanım tanıyıram. Yəqin ki, xanımların da özlərinə məxsus kolleksiyaları var. Söhbət ətir, ayaqqabı, paltar kolleksiyasından gedir. Bu da bir növdür. Mənim kimi köhnə kitab toplayan xanım yoxdur.

- Yaxşı, nə zaman evlənirsən?

- Hər kəsin evlənəcəyi qız kateqoriyası var. Ailə quracağım şəxsin digər keyfiyyətləri öz yerində önəmli olanı işimə hörmətlə yanaşmasıdır. Demirəm, dünyama daxil olsun. Bu, mənim heç kəsi buraxmadığım öz dünyamdır.

- Dilqəm, sərvətlə bir evdə yaşamaq nə qədər təhlükəsizdir. Bunun oğrusu var, maraqlı olan insanları var, gəlib cibləri boş getməyə bilərlər...

- Oğrulara bura gəlməyi məsləhət görməzdim çünki ətrafda iki polis idarəsi var. Bundan əlavə qonşunun 24 saat durmadan hürən canavar kimi iti var. Məni belə otağımda rahatsız edir. Nə qədər şikayət etsək də, itin damını otağımın pəncərəsinin altından yığışdırmırlar.

- Kolleksiya həm də yatırımdı. Xərclədiyin pulu çıxara bilirsənmi?

- Aldığım arxivlər əsasında hazırladığım məqalələrdən aldığım qonorarı deyə bilərəm. Bu da ildə iki üç dəfə baş verir. Kitabdan da pul qazanmaq olmur. Gördüyünüz kimi, təəssüf də olsa pul geri qayıtmır.

- Paxıllığını çəkdiyin kolleksioner varmı?

- Bir iki dostumuz var hansı ki, müsbət mənada paxıllıq edirəm. Həmin dostumda çar dövründə Azərbaycan milyonçularının şirkətlərə aid orijinal sənədlər, açıqcalar var.

- Bazarda rəqibin çoxdur?

- Kolleksionerlərin toplandığı çay evləri var. 20-30 nəfər olurlar. Amma konkret kolleksiyamı əhatə edən illərə aid kolleksioner 2-3 nəfərdir. Əslində onların sayı çox ola bilər sadəcə qaynaqlardan xəbərsizdirlər.

- Qaynaqlari gizli saxlayırsan?

- Bəli. Hansısa arxivi almaqda məni qabaqlaya bilərlər. Ona görə bu normaldır.

- Ruslana (kolleksioner Ruslan Rəhimov – Red.) da demirsən?

- Əvvəllər bir-birimizdən gizlədirdik. Ürəyimiz yumşaq olduğundan sonra sirri bölüşdük. Məsələn, anlaşmamız var. Bir sayt var hansı ki, Ruslan sayəsində tanımışam. Orada maraqlı nəsə olanda Ruslana deyirəm, o, almırsa mən alıram.

- Halallıq alırsan?

- Demək olar ki.

- Bakıda otura-otura Türkiyədə auksiona qatılmaq çətin deyil?

- Çox çətindir. Burada inam böyük rol oynayır.

Leyla Əliyeva,

Foto: Elçin Murad

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR