Hunlar haqqında - ziddiyyətli fikirlər
Bizi izləyin

Qırmızı.az

Hunlar haqqında - ziddiyyətli fikirlər

Hunların şimali yueban qrupu olan qaoqyüylərin şamanizmindən bəhs edən görkəmli alim L.Potapov “bilavasitə qədim türklərin şamanlar haqqındakı materiallarına müraciət edək” deyir və qədim türklərin dövründən bəhs edərkən də M.S. VI - XII əsrləri nəzərdə tutduğunu vurğulayır.

“Qədim türklərə qədərki” şamanlar haqqında məlumat verən müəllif syünnü (xunnu) tayfalarının M.Ö. I minilliyin sonlarında şamanı “wu” adlandırdıqlarının Çin qaynaqlarından məlum olduğunu yazır, xunnuların şimal qruplarının yueban adlandıqlarını, qaoqyüylərlə eyni dili danışdıqlarını, adət-ənənələrinin eyni olduğunu və qaoqyüylərin də telelərin, o cümlədən də uyğurların ulu babaları olduqlarını göstərir. Bütün bu adı keçən tayfaların türk olduqlarını söyləməmişdən əvvəl onu qeyd edək ki, xakas arxeoloqu L.Kızlasov hunların türk olduqlarını qəbul etmir və yazırdı: “Hunlar müasir elmə məlum olmayan, indi artıq ölmüş dil ailəsinə aid dildə danışırdılar”.

Xakas arxeoloq Leonid Kızlasov (1924-2007)

L.Potapovun da qeyd etdiyi kimi, əgər hunların şimal qrupu olan yuebanların dili və adət-ənənəsi türk olduqları heç bir şübhə doğurmayan tele və uyğurların ulu babaları saydığı qaoqyüylərlə eynidirsə, deməli, hunlar da həm dilləri, həm kökləri, həm də adət-ənənələrilə türkdürlər. Belə olduğu halda L.Kızlasovun hunların dilini “ölmüş dil ailəsi”nə aid etməsi tamamilə məntiqdən uzaqdır.

L.Potapov qədim türklərin Türk xaqanlığını qurduğunu (551-744) və uyğurlar başda olmaqla tele tayfasının türklər üzərindəki qələbəsindən sonra Uyğur xaqanlığını (745-840) yaratdığını qeyd edərkən də biz onun “türk” (Çin salnamələrində “tukyu”) kəlməsinin aid olduğu tayfalarla digərləri arasında türk və türkdilli deyərək bir sərhəd qoyduğunu görürük. Onun hunları, yuebanları, qaoqyüyləri türkdilli saymasının əsas səbəbi də türk kəlməsini tayfa adı olaraq ayırmasıdır. Sovet dövrünün bir çox alimlərinin türklərin bir xalq kimi tarix səhnəsinə miladdan sonra çıxdıqlarını söyləmələrinin səbəbini də bunda görürük. Biz isə tukyuları da, hunları da, syanbiləri də, tele və uyğurları da, uxuanları da, qaoqyüyləri də, təbii ki, tayfa adlarını göstərmək şərtilə, türklər olaraq verir, L.Potapovun “qədim türklər” adlandırdığı tukyuları da türk tayfalarından biri kimi verəcək, türk kəlməsini “türkdilli” sayılan bütün türk qövmlərinə aid edirik.

Ümumiyyətlə, hunlarla bağlı qarışıq fikirlər çoxdur. Məsələn, son zamanlar tədqiqatçılar arasında “Ordos bürüncü” termini tez-tez səslənir. Bu termin şərti olaraq “skif bürüncü”, “Orta Asiya qrupu”, “suyyuan bürüncləri” terminlərini əvəz edir və ilk dəfə 1930-cu ildə E.X.Minnz tərəfindən elmə daxil edilmişdir. Bu mədəniyyətin izlərinin bu gün Cənubi Sibir, Orta Asiya türkləri arasında da geniş yayılması onun məhz hun türklərinə aid olduğunu bir daha sübut edir.

Ordos cənubdan Çin əyaləti olan Şan-si, digər üç tərəfdən isə Sarı çayla əhatə olunurdu. Tədqiqatçılar Y.S.Boqdanov və D.V.Kuznetsov V.Radlova əsaslanaraq “Ordos”un türk kəlməsi olub (“ordo”, “ordu”, “orda”) “xan çadırı”, “xanın qərargahı”, “xanın yerləşdiyi yer” mənasını verdiyini qeyd edirlər. XVI əsrin ortalarına qədər Ordos Çin imperiyasının müxtəlif əyalət, vilayət və qəzalarına daxil olsa da, çaxar hakimiyyəti zamanı ayrıca ölkə oldu. İndi isə İç Monqolustan Muxtar rayonunda Xuanxe çayının böyük əyrisinin içində səhralıq yerdir. Buranın bol sulu gözəl otlaq yerləri hələ qədim zamanlardan heyvandarlıqla məşğul olan bir çox tayfaları cəlb etmişdir. Çinin şimal qonşuları haqqında ilk yazılı dəqiq məlumat Milada on beş əsr qalmış inklərin tərtib etdikləri fal sümüklərinin üzərindəki yazılardan alınır. Həmin yazılara görə, burada yaşayan köçərilər həm də dağın ətəyində meşə salır (köçərilər meşəsalma ilə necə məşğul ola bilərlər?! – G.Y.), sonra onlardan yaşayış yeri, əmək alətləri, oxlar və s. düzəldir, əkinçilik və heyvandarlıq üçün ideal olan bu torpaqlardan getmək istəmirdilər.

Bəs bu köçərilər kim idi? Məqalədə onlar tez-tez “şimal barbarları” deyə anılırlar. Yalnız bir yerdə yazılır: “Xan sülaləsi zamanında Ordosun syünnülərin əlindən alınan ərazisində Şofan dairəsi yaradıldı. Lakin Çin əyanları “barbarları” oturaq həyat tərzinə keçirə, onlara əkinçilik ənənələri aşılaya bilmədilər”. Deməli, buranın əhalisi hunlar (syünnü, xunnu) imiş və Ordosun syünnülərin əlindən alınan hissəsindəki “barbarlar” “oturaq” həyat tərzinə keçmək, əkinçiliklə məşğul olmaq istəmirdilər. Maraqlıdır ki, məqalə müəllifləri özləri burada yaşayan “köçərilərin” meşəsalma, əkinçilik və heyvandarlıqla məşğul olduqlarını, ağaclardan ev və s. düzəltdiklərini yazırlar. Köçəriliklə, barbarlıqla meşəsalma, ağac evlər qurmaq nə dərəcədə uzlaşır?! Müəlliflərə görə, bu “şimal barbarları”na məxsus abidələr (tunc fiqurlar – G.Y.) bəzən Ordosdan uzaqlarda da tapılır. Bir çox hallarda Ordosa aid abidələri “skif – Sibir” ənənəsi ilə bağlayır, təəssüf ki, skiflərin də türk deyil, irandilli olması fikrini müdafiə edirlər. Müəlliflər yazırlar: “görünür, Çinə skif - Sibir ənənəsinin daxil olması məhz Ordos ərazisindən, yəni iç Monqolustanın qərb hissəsindən başlamışdır. Təsadüfi deyil ki, ilk dəfə məhz burada skif - Sibir ənənəsi özünü göstərmiş və daha erkən Taoxunbala abidəsi tapılmışdır”.

1960-1980-ci illərdə Çin arxeoloqları tərəfindən aşkar olunan bir çox əşyada “skif surəti”nin tapılması onların Çin təsviri sənəti və heykəltaraşlığı ilə heç bir əlaqəsinin olmaması Ordos mədəniyyətinin skif - Sibir mədəniyyəti ilə çox yaxın olduğundan xəbər verir. Onu da qeyd edək ki, məqalənin əvvəlində müəlliflər “skif” terminin, adının bu mədəniyyətlərə verilməsinin şərti (bizcə, “şərti” sözünün yerinə “yanlış” yazılsaydı, daha doğru olardı. – G.Y.) olduğunu da vurğulayır, məhz buna görə də “Ordos bürüncü” terminindən istifadə edirlər.

Beləliklə, yuxarıda gördük ki, Çin qaynaqlarında “şimal barbarları” adlandırılan hunlar meşə salır, ondan evlərin tikilməsində, müxtəlif alətlərin düzəldilməsində istifadə edir, bürüncdən ətraflarında gördükləri heyvan və quşların fiqurlarını düzəldir, əkinçiliklə və heyvandarlıqla məşğul olurlar. Onlar Ordos adlandırdıqları şəhərlərinə də çox bağlıdırlar və dünyaya “Ordos bürüncü” adı ilə kamil sənət əsərləri bəxş etmişlər. Bütün bunlardan sonra onlara vəhşi və ya köçəri demək, Ordos mədəniyyətini türklərə aid etmək istəmədiklərindən irandilli adlandırdıqları skif mədəniyyəti adı ilə təqdim etmək böyük yanlışlıqdır.

Güllü Yoloğlu, tarix elmləri doktoru

(admiral.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm