“Alimin həyatı, yaradıcılığı və taleyi” kitabının təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

“Alimin həyatı, yaradıcılığı və taleyi” kitabının təqdimatı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın görkəmli arxeoloq və etnoqrafı Ələsgər Ələkbərovun anadan olmasının 125 illiyi münasibətilə çap olunmuş “Alimin həyatı, yaradıcılığı və taleyi” kitabının təqdimatı olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ələsgər Ələkbərovun XX əsrdə Azərbaycan arxeologiyası və etnoqrafiyasının əsaslarını qoymuş görkəmli insanlardan biri olduğunu qeyd edib. O, deyib ki, bu baxımdan Tamilla Kərimova-Qocayeva, İlhamə Sadıqova və İdris Əliyevin birgə qələmə aldıqları “Alimin həyatı, yaradıcılığı və taleyi” kitabının çox böyük əhəmiyyəti var.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova görkəmli alim tərəfindən Azərbaycanda küp qəbirləri, qədim şəhər tarixi və digər tədqiqat mövzularının bünövrəsinin yaradıldığını, Azərbaycan arxeologiyasında və etnoqrafiyasında bir çox “ilk”lərə imza atıldığını bildirib. Qeyd olunub ki, Ə.Ələkbərov qısa vaxtda tədqiqatları ilə Azərbaycan arxeologiyasına və etnoqrafiyasına dəyərli töhvələr verib, gələcək tədqiqatçılar nəsli üçün əvəzsiz və zəngin məlumat bazasını miras qoyub.

Sonra professor Hidayət Cəfərovun “Ə.Ələkbərov və Xocalı tədqiqatları” , tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin “Naxçıvan arxeoloji abidələrinin tədqiqində Ə. Ələkbərovun rolu”, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin “Ə.Ələsgərovun həyat və yaradıcılığı arxiv sənədlərində” mövzularında məruzələri dinlənilib.

İnstitutun şöbə müdiri, tarix elmləri doktoru Səfər Aşurov, AMEA-nın Tarix İnstitutu direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov və başqaları tədqim edilən əsəri və müəlliflərin əməyini yüksək dəyərləndirib, bugünkü Azərbaycan elminin məhz Ələsgər Ələkbərov kimi insanların hesabına ərsəyə gəldiyini söyləyiblər.

Tədbirdə alimin nəvəsi Nigar Ələkbərova–Seyidzadə kitabın müəlliflərinə, AMEA-nın, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm