Kanalizasiya suları sakinlərin evinə dolub - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kanalizasiya suları sakinlərin evinə dolub - FOTOLAR

“Hər dəfə yağış yağanda qorxuya düşürük. Çünki bizim küçədə kanalizasiya boruları düzgün çəkilməyib. Borunu çəkib küçənin yarısında saxlayıblar. Sonra borunu əyib, digər küçənin kanalizasiya xətti ilə birləşdiriblər. Boruların ölçüsü kiçik olduğuna görə yağış yağanda kanalizasiya suları evimizə, həyətimizə dolur. Bir ildir bu küçədə yaşayıram, bütün qışı bu problemdən əziyyət çəkmişik. Kanalizasiya bütün küçə boyu getməli və ümumi xətdə birləşdirilməli idi. Həm də boruların ölçüsü çəkiləndə başlanğıcdan sona qədər böyüməlidir. Lakin bütün xəttin ölçüsü eynidir. Yağış yağanda gecə səhərə qədər yata bilmirik ki, su yenə evə dolacaq”.

Bu barədə Publika.az-a Gəncə şəhəri, Natəvan qəsəbəsi,5-ci küçənin sakini Niyaz Niyazov müraciət edib.

O təkcə özünü deyil, küçədə onlarla ailənin bu problemdən əziyyət çəkdiyini deyir: “Bu barədə “Azərsu”, İcra Hakimiyyətinə də müraciət etmişik. Gəncə su idarəsinin texniki bölməsinin işçiləri gəlib baxıb. Onlar şikayətimizi dinlədi, problemin xəttin düzgün çəkilmədiyindən yarandığını təsdiqlədilər. Aidiyyatı ünvana deyəcəklərini bildirdilər. İndi bizə deyirlər ki, bütün küçə sakinləri birlikdə şikayət məktubu yazmalıdır ki, bəlkə “Azərsu” bu problemin həllini plana sala. Ayaq yeri qoyurlar ki, bəlkə. Bu özbaşınalıqdır, problem təcili həll olmalıdır. Hər gün yağış yağır, iyulun 5-nə qədər də yağış proqnozu verilib. İndi biz uşaqlarımızı götürüb evdən getməliyik? Bir tədbir görülməlidir ki, evlər dağılmasın. Dağılandan sonra tədbir görülməsinin heç bir əhəmiyyəti yoxdur”.

“Azərsu” ASC-dən qurumun Gəncədə su və kanalizasiya xətlərinin yenidən qurulması ilə bağlı iş apardıqlarını bildirdilər. Konkret adıçəkilən küçə ilə bağlı şikayətin araşdırılacağını və məlumat veriləcəyini dedilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm