Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici
QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq
maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un "Dondurulmuş
münaqişələrin həlli üçün perespektivlər və siyasi cəhdlər" layihəsi
çərçivəsində 11-13 aprel 2014-cü ildə Litvanın paytaxtı Vilnüsdə
beynəlxalq konfrans keçiriləcək.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan,
Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və
torpaqlarının qanunsuz işğalına həsr olunan konfransda sabiq SSRİ
məkanında dondurulmuş münaqişələrin mümkün həlli mexanizmləri və
perespektivləri müzakirə ediləcək.
Toplantıda münaqişə zonalarında baş verən kütləvi qırğınlar və
Xocalı soyqırımının da ayrıca müzakirə olunması nəzərdə
tutulur.
Konfransda Litvanın Xarici İşlər Nazirliyinin, QHT-lərinin, elmi
təsisatlarının nümayəndələri, Avropa Parlamentinin üzvləri, 30-dan
artıq millət vəkili, diplomatik korpus və KİV təmsilçiləri,
münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak
edəcəklər.
Şuranın sədri, millət vəkili Azay Quliyev konfransda keçmiş Sovet
məkanında mövcud olan analoji münaqişələr, o cümlədən Azərbaycanın
ərazi bütövlüyünün pozulması faktı və konfliktin beynəlxalq hüququn
prinsiplərinə əsaslanan həlli variantları ilə bağlı təkliflərini,
doğma yurdlarından köçkün düşən 1 milyondan artıq azərbaycanlının
pozulmuş hüquqlarını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
problemi ilə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini
səsləndirəcək.
Qeyd edək ki, Şura sədri A.Quliyevin konfransdan əvvəl Litva
QHT-ləri ilə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə
edəcəyi də gözlənilir.
|