Xəstənin sağlam ayağını kəsən həkim və mərkəzin direktoru İŞDƏN QOVULDU
Bizi izləyin

Qırmızı.az

Xəstənin sağlam ayağını kəsən həkim və mərkəzin direktoru İŞDƏN QOVULDU

İyunun 24-də Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə Məmmədova Tərlan Həsən qızına cərrahiyyə əməliyyatının aparılması zamanı baş verən hadisəyə dair aparılan araşdırma nəticəsində mərkəzin direktoru və həkim işdən azad edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb: "Aparılan kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verdiyi müəyyən olunub. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenası nəzərə alınaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.

Buna baxmayaraq cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edilərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib".

Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə, Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, nazirliyin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.

Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.

Nazirlikdən bildirilib ki, Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğlu təyin olunub.

Həmçinin o da vurğulandı ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm