İctimai, yoxsa əxlaqsız nəqliyyat? – Problem nə zaman düzələcək
Bizi izləyin

Qırmızı.az

İctimai, yoxsa əxlaqsız nəqliyyat? – Problem nə zaman düzələcək

“Sayğac 3 manat 70 qəpik vurmuşdu. Məndə də 3 manat, bir də bütöv 20 manat var idi. Taksi sürücüsünə dedim ki, pulunu çıx. Dedi ki, xırda yoxumdur. Dedim o zaman düş, dükanda xırdala. Dedi ki, zəhmət çək özün xırdala. Mən də dükanda xırdalayıb acıqla dedim ki, indi düş gəl pulunu apar. Xeyir ola, həm xırda pulun yox, həm xırdalamaq istəmirsən, həm də zəhmət çəkib gəlib heç olmazsa mənim xırdaladığım pulu da götürmək istəmirsən?

Taksi sürücüsünün cavabı:

- Özün gətirməsən polisə gedib deyəcəyəm ki, düşəndə maşından da şey-şüy götürmüsən”.

Bakı şəhəri, London taksilərindən birində sərnişin-sürücü söhbətindən bir fraqmentdir. Görəsən dünyanın hansısa ölkəsində taksi sürücüsünün sərnişini polislə hədələmək adəti var?

Bakı şəhəri. Yasamal rayonu.

Hələ bu nədir ki?..

Karam, lalam, koram

“Bu gün saat 07 radələrində 55 nömrəli marşrutla 208 nömrəli marşrutun sürücüləri yol davasına çıxıb. Səhv başa düşməyin, onlar dar yolda bir-birlərinə yol vermək üstündə dava etməyiblər. Başımızın üstündə Allah var. Yolun eni kifayət qədərdir. Məqsəd iki saniyə öndə getmək olub. Birdən 208 nömrəli avtobusun sürücüsü bir az irəli keçib və rəqibinin qabağını kəsib. Elə hər şey də bundan sonra başlayıb. Avtobus sürücüləri bir-birinə elə söz deyiblər, elə söyüşlər işlədiblər ki, burada uzun bir üç nöqtə yerinə düşər. Söyüşlə ürəkləri soyumayan sürücüdən biri avtobusu digərinin üzərinə sürüb. Daha sonra özünü məğlub hiss edən, həmkarına ürəyindəki bütün söyüşləri çatdıra bilmədiyini düşünən 208 nömrəli marşrutun sürücüsü avtobusu yolun ortasında saxlayıb. “Müdriyyət”ə zəng vurub, bu cür işləməyəcəyi bəyanatını verib. Qarşı tərəfdən eşitdiyi cavab onu məmnun etmədiyindən avtobusu yolun ortasında saxlayıb, əda ilə “sürmürəm” deyib. Yaşı 40-ı keçmiş kişi 5-10 dəqiqə dayanandan sonra nəhayət uşaq olmadığını xatırlayıb. Yoluna davam edib. Bu söhbət müddətində isə hər iki sürücü idarə etdiyi avtobusdakı onlarla sərnişini nə görüb, nə də insan yerinə qoyub. Onlardan gələn qışqırıq səslərini isə eşitməyib. Kardırlar, laldırlar, kordurlar”.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.

Heç taksi sürücüsünün nazını çəkmisiniz?

“Bu günlərdə zəng vurub taksi sifariş verdik. Bu xidmət bir çoxlarının işini asanlaşdırıb. Taksi dediyin yerdə dəqiq vaxtda olur. Amma vay o günə ki, deyilən vaxtdan 5 dəqiqə tez gələ. Bu zaman vaxtı qızıldan qiymətli olan sürücü alır telefonu əlinə...

“Harda qaldınız?”, “Bayaqdan gözləyirəm”, “Tez olun” kimi sözlərlə adamı elə danlayır ki, heç sevgilisi görüşə gecikən oğlanı belə danlamaz.

“Atam balası, nə olub ki? 5 dəqiqə tez gəlmək baş ucalığındır. Amma mənə filan vaxt demisən, mən də işimi ona uyğun qurmuşam” – demək heç nəyi dəyişdirmir.

Bakı şəhəri, bütün küçələr

Sərnişin oğruları

Nə vaxtsa “20 Yanvar” metrostansiya qarşısında taksi sürücüsünün ovu olmusunuz? Oradan yolunuz düşməyibsə, heyflənməyə dəyməz. İndi şəhərin mərkəzi küçələrində oxşar hal yaşanır...

Sıra ilə düzülmüş “London taksi”lərinin sürücüləri yoldan keçən, digər taksilərə minmək istəyənləri az qala qolundan tutub başına salırlar. Kənardan keçən və bir az ətrafa qarşı həssas olan adam bu mənzərəni adam oğurluğu kimi qəbul edib, “102”yə zəng vurar. Bu mövzuda isə sürücülər heç bir iradı qəbul etmirlər. Axı mən müstəqil insanam, hansı taksiyə istəsəm minərəm. Mübahisə uzansa, “Qardaş, bura mənim zonamdı”(xüsusi ləhcə ilə) deyə cavab da almış olursunuz.

Bakı şəhəri. Səbail rayonu.

Bu son günlər paytaxtın ictimai nəqliyyat və taksi xidmətlərindən olan müşahidələrdir. Elə bilməyin ki, bu problem elə bu bir ayda yaranıb. Əvvəlcə sürət həddinin bir az artması ilə başlayan bu problem bu gün sürücünün sərnişini döyməsi, söyməsi həddinə çatıb.

Bu gün illərlə üst-üstə yığılmış problemlərinin həlli ilə Bakı Nəqliyyat Agentliyi məşğul olur. Agentliyin sözçüsü Nuridə Allahyarova sadaladığımız problemləri dinlədikdən sonra bu hallarda “141” xidmətinə müraciət etməyi məsləhət gördü: “Bu halla qarşılaşanlar həmin anda “141”ə zəng edə bilərlər. Problemdən asılı olaraq həmin gün, ya da 5 gün müddətində həll edilib, nəticə barədə şikayətçiyə məlumat veriləcək”.

Problemə kökündən son qoyulması üçün isə N.Allahyarova vaxt istədi: “Həm ictimai nəqliyyat, həm də taksilərlə bağlı xüsusi konsepsiya hazırlanır. Birdən-birə bütün problemi həll edəcəyik, bütün taksi və avtobuslar yüksək xidmət göstərəcək deyə söz vermək istəmirik. Bütün taksi xidmətləri və avtobus şirkətləri qarşısına tələblər qoyulub. Həmin tələblərdə ən müasir taksi xidmətinin qurulması üçün görüləcək işlər qeyd olunub. Bu problemləri avtobuslarda həll etmək daha asan olacaq, nəinki fərdi taksi sürücüləri ilə. Çünki fərqi taksilər həm sürücü, həm də sahibkardır. Bir-iki aya hər şeyi həll etmək mümkün deyil”.

Taksilərin, avtobusların harada, necə dayanmaq, necə hərəkət etmək məsələləri ilə bağlı qaydalar qoyaraq tənzimləmək mümkündür. Bəs sürücülər necə? Onların sərnişinlə danışıq tərzi, seçiləcək ifadələr tənzimlənə biləcək?

N.Allahyarova bu məsələni də həll edəcəklərinə söz verdi: “Bu gün “BakuBus” sürücüləri yerli əmək bazarından seçilib və onların davranışları göz önündədir. Yəni qaydalar qoyulacaq və cəza tədbirləri tətbiq ediləcəksə, sürücülərin də problemləri həll olacaq”.

Söz veriblərsə, yəqin əməl edərlər!

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm