Ümumdünya əhali günü
Bizi izləyin

Qırmızı.az

Ümumdünya əhali günü

İyulun 11-i Ümumdünya Əhali günüdür. Bu günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkə tərəfindən qeyd edilib.

Publika.az xəbər verir ki, bu günün təsis edilməsində məqsəd dünya əhalisinin məsələləri ilə məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilmiş, əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib. Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Proqram çərçivəsində dövlət başçısının 19 mart 2007-ci il tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 28 dekabr 2006-cı il tarixdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Dünya Əhali günü ilk dəfə olaraq 2005-ci ildən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanıb.

Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

2016-cı ildə Yer Kürəsi əhalisinin sayı təxminən 7,3 milyard nəfər təşkil edəcək. Yanvar ayının 1-nə proqnozlaşdırılan dünya əhalisinin sayının 7 milyard 295 milyon 869 min 256 nəfər təşkil edəcəyi açıqlanıb. Bir il ərzində dünya əhalisinin sayı 78 milyon, yaxud 1,08% artıb. Dünyanın ən çox əhalisi olan ölkəsi isə Çindir. Çində 1,367 milyard insan yaşayır. İkinci yerdə isə 1,252 milyard nəfərlə Hindistan qərarlaşıb. ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş əhalisinin sayına görə növbəti pillələrdə yer alıblar. Rusiya 142,423 milyon nəfərlə 9 yeri tutur. Yaponiya isə sıralamada onluğu qapayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm