İordaniya senatının sədri ölkəmizə gəlir
Bizi izləyin

Qırmızı.az

İordaniya senatının sədri ölkəmizə gəlir

İordaniya senatının sədri Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək

İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub. Abdur-Rauf Ravabdeh Forumda iştirak üçün dəvətdən məmnun olduğunu və bu fürsətdən istifadə edərək dost Azərbaycana səfər edəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə İordaniya Krallığı arasındakı tarixi dostluq münasibətlərinin mövcudluğu xüsusi vurğulanıb və İordaniya Senatında Xocalı soyqırımının qəbul olunmasının böyük əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Senatın prezidenti və üzvləri Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi qurumun yaradılmasının çox sevindirici hal olduğunu vurğulayıb, bu qədər nüfuzlu insanın bir məkana toplanmasının mövcud problemlərin həllində yeni bir təkan olacağına əminlik bildiriblər.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniya şahzadəsi, əlahəzrət Basma bin Talat da iştirak edəcək. Basma bin Talat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşmanın təbliğindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 200-dək ölkənin sabiq hökumət və dövlət başçısı, nüfuzlu siyasi xadimlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm