Daxili İşlər Nazirliyi ADU-da tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

Daxili İşlər Nazirliyi ADU-da tədbir keçirib

Aprelin 8-də Azərbaycan Dillər Universitetində (ADU) «İnsan alveri və zorakılığa qarşı mübarizə » movzusunda maarifləndirici tədbir keçirilib.

ADU İctimaiyyətlə əlaqələr departamentindən Publika.Az-a verilən məlumata görə, tədbir Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev insan alverinin dünyada geniş yayılan problemlərdən biri olduğunu və bu bəladan heç kimin sığortalanmadığını bildirib. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini deyib.

İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev isə çıxışında tədbirin keçirilməsində məqsədin bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdan və insan alveri, eyni zamanda zorakılıqla mübarizədə ictimai fəal gənclərin gücündən istifadə edilməsindən ibarət olduğundan söz açıb. F. Əliyev insan alveri və onun törətdiyi fəsadlar haqqında geniş məlumat verib. O, bu sahədə Azərbaycanda bir sıra qanunların qəbul edildiyini və ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu tələbələrin diqqətinə çatdırıb. O, bildirib ki, Azərbaycanda 2004-cü İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib və bununla bağlı İşçi Qrupu da fəaliyyət göstərir. F. Əliyev İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin “152” saylı “Qaynar xətt”inin də fəaliyyət göstərdiyini qeyd edib.
F. Əliyev dünyada hər il 21 milyon insanın insan alverindən əziyyət çəkdiyini və bunlardan da 4 milyonunun məcburi əməyin qurbanı olduğunu tələbələrin diqqətinə çatdırıb.

O, İdarənin nəzdində insan alveri qurbanları üçün sığınacaq yaradıldığını və qurbanlara dövlət tərəfindən müavinət verildiyini də sözlərinə əlavə edib.

Ötən il insan alveri ilə bağlı 238 cinayət faktının qeydə alındığını deyən DİN-in əməkdaşı 56 nəfərin insan alveri qurbanı olduğunu vurğulayıb. F. Əliyev qeyd edib ki, bu qurbanların 41 nəfərini qadınlar, 15 nəfərini isə kişilər təşkil edir.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə çıxışında rəhbərlik etdiyi təşkilatın bu sahədə gördüyü işlərdən danışıb. M. Zeynalova insan alveri qurbanları içərisində qadınların üstünlük təşkil etdiyinə diqqətə çəkib və tələbələri bu problemlə mübarizədə aktiv olmağa çağırıb.

Tədbir çərçivəsində maarifləndirici bukletlər paylanılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm