• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Fransız dilli ilk qəzet 9 yaşında

Fransız dilli ilk qəzet 9 yaşında

Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında çap olunub. Belə ki, 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınan qəzet oxucularının görüşünə ilk dəfə iyul ayında gəlib.

Bu barədə Publika.az-a qəzetin təsisçisi və baş redaktoru Zeynab Kazımova məlumat verib.

O, bildirib ki, təsisçisi olduğu qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa arasındakı əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb. Zeynab Kazımova bildirib ki, bu ilin əvvəlində qəzetin saytıwww.lecarrefour.az fəaliyyətə başlayıb və fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında öz oxucuları üçün maraqlı ola biləcək gündəlik məlumatlar verilir.

Qəzetin Fransanın Azərbaycandakı səfirliyi və fransızdilli digər ölkələrin səfirlikləri, ölkəmizdəki xarici şirkət və beynəlxalq təşkilatların yerli ofisləri ilə əlaqələri var. Yeganə fransız dilli qəzet olmaqla bərabər, bu nəşrin həm bir sıra ali təhsil müəssisələrinin fransız dili üzrə müəllim və professor heyəti, o cümlədən tələbələri, bu dili öyrənən gənclər arasında çox maraqla qarşılandığını bildirən Zeynab Kazımova qəzetin və saytın əsas ideyasının və fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirilən xarici media resursları, xüsusən Fransa ilə daha sıx əlaqələrin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəldiyini vurğulayıb. Baş redaktor əlavə edib ki, qəzet 9 ildir ki, fəaliyyətini məhz bu istiqamətdə konkret addımlar atmaqla qurur. Belə ki, hazırda qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi və Fransanın TV5 Monde kanalı ilə əlaqələri var.

Qeyd edək ki, “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, bu ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. Cari ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>