Onlar da 700 bal topladılar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Onlar da 700 bal topladılar - FOTOLAR

İyulun 15-də I və IV ixtisas qrupları üzrə keçirilmiş imtahanların nəticələri açıqlandı. Hər qrup üzrə 3 nəfər maksimum nəticəni göstərdi.

Publika.az hər iki ixtisas üzrə ən yüksək nəticə göstərən abituriyentlərin ilkin təəssüratlarını təqdim edir.

"Ankara Məktəbi" məktəb liseyinin məzunu, I ixtisas qrupu üzrə imtahan verən Sultanlı Nadir bu nəticəni gözlədiyini deyir.

İmtahanda bütün suallara cavab versə də, cavablar açıqlanana qədər müəyyən tərəddüd yaşayıb: “Bilirdim ki, sualların hamısına doğru cavab vermişəm, amma qorxurdum. Çünki həyəcanlı idim və hansısa sualı səhv köçürə bilərdim. Lakin cavablar açıqlandı və 700 bal topladığım təsdiqləndi”.

Nadir hesab edir ki, 700 bal toplamaq üçün səbr və inamla oxumaq lazımdır: “Həmişə dərslərimi yaxşı oxumuşam, lakin əlavə kurslara da hazırlığa getmişəm. Mənimlə birlikdə kurs yoldaşım Tural Ağayev də 700 bal toplayıb. Hər ikimiz də yüksək nəticə üçün çalışırdıq. Düşünürdük ki, layiq olan qazanacaq. İkimiz də ən yüksək nəticə topladıq. Turalı bilmirəm, lakin mən artıq ixtisası da təxmini seçmişəm. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi, ya da Proseslərin avtomatlaşdırılması ixtisaslarından birini seçəcəm”.

Nadirlə eyni kursda imatahana hazırlaşan Tural Ağayev Bakı Türk liseyinin (BDU-nun nəzdində) məzunudur. Tural uğurun sirrini 1-ci sinifdən yaxşı oxumaqda görür: “Doqquzuncu sinfə qədər zəif oxuyub, son iki ili gücləndirilmiş dərs rejimində çalışmaqla yüksək nəticə əldə etmək olmaz. Onda 500 balı keçmək mümkün deyil. Məncə, sistemli çalışmaq lazımdır”.

Tural isə ali təhsilini Qafqaz Univeristetində almaq istəyir: “Qardaşım xaricdə oxuyub, mənim də belə istəyim var. Lakin hələ ki, Qafqaz Universitetinin Mexanika Mühəndisliyi fakültəsini seçəcəm. Bilirəm ki,ölkəmizdə təyyarə istehsalı ilə bağlı gələcəkdə belə mühəndislərə ehtiyac olacaq. Magistr təhsili də alıb Azərbaycanda yaxşı mütəxəsis olmaq istəyirəm”.

I ixtisas qrupu üzrə 700 bal toplayan, Xırdalan şəhər 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevin yüksək bal sevinci iki qatdır. Çünki onunla birlikdə əkiz qardaşı Nurlan da yüksək nəticə göstərib.

“Qardaşım 685 bal toplayıb, bir iki sual çətin olduğuna görə 700 toplamaq alınmadı. Amma ikimiz də yüksək nəticə göstərdik. Lakin ixtisas seçiminə hələ qərar verməmişik”.

Rəvan sınaqda bir dəfə 700 bal topladığını və imtahanda da belə yüksək nəticəyə inandığını dedi: “Yüksək nəticə üçün inam, səbrlə çalışmaq əsas şərtdir. Dərslərə sistemli çalışmaq lazımdır. Mən belə hazırlaşdım və yüksək nəticə göstərdim. Məktəbdə qiymətlərimin hamısı yüksək olub. Hədəf kurslarının sınaq imtahanında 680 baldan yuxarı bal toplamışam”.

Rəvan və qardaşı Nurlan Hədəf Kurslarının builki məzunlarıdır. Hər il olduğu kimi bu il də tədris ilinin açılışında Hədəf Kursları Prezident təqaüdünü qazanmış bütün məzunlarını xüsusi hədiyyələrlə mükafatlandıracaq. Rəvan Nəzərəliyevə 700 bal topladığı üçün pul mükafatı da veriləcək. R.Nəzərəliyev Hədəf Kurslarının müəllim heyətinə sonsuz minnətdarlığını bildirib.

IV ixtisas qrupu üzrə 700 bal tioplayan, İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin məzunu Ağalətif Lətifov son iki ili mütəmadi hazırlaşdığını, lakin hər zaman dərslərinin yaxşı olduğunu deyir: “7-ci sinifdə oxuyandan həkim olmaq istəyirəm. Qarşıma məqsəd qoydum və yaxşı hazırlaşdım. Həm ən yüksək nəticə göstərdim, həm də istədiyim ixtisasa qəbul ola biləcəm. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçəcəm”.

İmtahan vaxtı həyəcanlı olduğunu deyən Ağalətif sualları görəndən sonra bütün həyəcanın keçdiyini dedi: “Suallara baxdım hamısı bildiklərim idi. Bir-iki çətin sual var idi, onların üzərində bir az fikirləşdim və ən yüksək nəticəni topladım”.

Onunla eyni ixtisas qrupunda ən yüksək nəticə toplayan Şəmkir rayonu, Çinarlı qəsəbə 2
saylı orta məktəbin məzunu Orxan Zülfüqarov isə yüksək nəticə göstərməsində atasının və müəllimlərinin ona dəstək olduğunu dedi: “Atam riyaziyyat müəllimidir və mənə həmişə dəstək olub. Son iki-üç ili isə çox ciddi hazırlaşmışam. Məncə, 700 bal toplamaq çətin deyil. Sadəcə inamla hazırlaşmaq lazımdır. Sınaqlarda 3 dəfə 650 balı keçmişdim, imtahanda 700 bala inanırdım. Müalicə işi ixtisası seçmişəm. Ya Azərbaycanda, ya da xaricdə bu ixtisas üzrə təhsil alacam”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm