Qırmızı.az
Qafqaz Müsəlmanları İdarəsindən "Halal"la bağlı açıqlama
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) uzun müddətdir ictimai
maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida
məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini
bildirib.
Publika.az-ın idarənin saytına istinadən verdiyi məlumata görə,
QMİ-nin yaydığı məlumatda deyilir: "Biz hüquqi, dünyəvi dövlətdə
yaşayırıq və bütün məsələlərdə olduğu kimi, istehsal standartları
ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş
normativlərin mövcudluğunu qəbul edirik. Biz onun da fərqindəyik
ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq
qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl
olunması, baytarlıq nəzarəti - bir sözlə, ərzaq təhlükəsizliyi ilə
bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının
səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına
müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə
bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə
çatdırmaq istəyirik.
İlk növbədə, onu qeyd etmək istərdik ki, halallıq sırf şəri səciyyə
daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən
standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının
halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu
meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən
ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar
tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Məlumat üçün
bildirək ki, digər səmavi dinlərin də qida məhsulları ilə bağlı
müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini
mərkəzlər tərəfindən təsbit olunur. Məsələn, yəhudilər üçün halal
sayılan koşer məhsullarının dini tələbatlara uyğunluğunu məhz
yəhudi sinaqoqları təsdiqləyir. Oxşar qaydada Rus Pravoslav kilsəsi
müqəddəs sayılan suyun müqəddəsliyinə zəmanət verir. Bu hallarda,
dövlət bu məsələlərə qətiyyən müdaxilə etmir və buna təbii
yanaşılır. Hətta xristianların üstünlük təşkil etdiyi ölkələrdə
belə müsəlmanların hüquqlarının təmini kontekstində bu məsələ
yalnız müsəlman dini qurumlar tərəfindən həyata keçirilir".
Qeyd olunur ki, ümumən, dünyanın bir çox ölkələrində halal qida
sənayesi mövcuddur ki, onun fəaliyyəti heç də təkcə ət məhsulları
ilə məhdudlaşmır, bütövlükdə ərzaq və digər istehlak mallarının
istehsal və emalı zamanı müsəlmanlar üçün qeyri-məqbul komponent və
üsullardan istifadə olunmadığına dair zəmanəti təmin edir. Bu,
müxtəlif ölkələrdə əhalinin müsəlman kəsiminin insan hüquqları
kontekstində təsbit olunmuş dini etiqad azadlıqlarının təmininə
xidmət edir.
Dünyanın bir çox ölkələrində bu məsələ öz həllini dini mərkəzlərin
tövsiyə və təklifləri əsasında dövlət səviyyəsində tapmışdır. Bir
çox müsəlman ölkələrində bu növ məhsullar istehsal və istehlak
olunur və bu, heç kəsdə nəinki şübhə yaratmır, hətta məntiqlə
təqdir olunur: "İslam dünyasının ayrılmaz tərkib hissəsi olan
Azərbaycan müsəlmanlarının dini mərkəzi kimi, müsəlmanlarımızın
istehlak etdikləri məhsulların halallıq məfhumuna uyğun gəlməsinin
tərəfimizdən təsdiq olunması mövcud qanunvericiliyə zidd deyil.
Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əsasən, idarə
Qurani-Kərimin tələb və müddəalarına, Peyğəmbər (S) hədislərinə
istinadən İslam dininə aid bütün şəri məsələləri təmin edir. Eyni
zamanda, digər şəri məsələlərdə olduğu kimi, halallığın təsdiq
olunması ilə bağlı müsəlmanların QMİ-yə müraciətlərinə münasibət
bildirilmək bizim vəzifəmizdir. Bu, bizim mənəvi borcumuz, ölkə
müsəlmanlarına mənəvi xidmətimizdir. QMİ dini mərkəz olaraq,
müsəlman həmvətənlərimizin istehlakçı olaraq şəri baxımdan maraq və
mənafelərinin qorunması məsələsinə böyük məsuliyyətlə yanaşır.
Çünki bizim üçün önəmli olan bu məhsulların istehlakçısı olan
müsəlmanların haqqıdır.
Hesab edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin halal adı ilə məhsul istehsal edərək insanları
aldadan, dindarlar üçün həssaslıq kəsb edən məsələdən sui-istifadə
edən işbazların fəaliyyətinin qarşısını almaq yönündə fəaliyyəti
olduqca əhəmiyyətli və vacibdir. Lakin sırf şəri məqam olan
halallığın dini mərkəzlə razılaşdırılmamış şəkildə təmin
edilməsinin istehsal edilən məhsulların həqiqi halallığını şübhə
altına almasını və müsəlmanların haqlı narazılıqlarına gətirib
çıxarmasını məqbul saymırıq. Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırda tətbiqinə başlanılan
Halal standartının da dünyəvi beynəlxalq təşkilat olan İslam
Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlandığını nəzərə alan
müsəlmanlarımız bununla bağlı QMİ-yə çoxsaylı müraciətlər edir,
narahatlıqlarını çatdırır, dini mərkəz olaraq bu məsələyə aydınlıq
gətirməyimizi tələb edirlər.
Nəzərə alsaq ki, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı
haqqında" Qanununun 1-ci maddəsinə görə əcnəbilər tərəfindən dini
təbliğat aparılması qadağandır, xarici dövlətlərdə hazırlanmış bu
və ya digər standartların, qayda-qanunların Azərbaycanda tətbiqi
müstəqil dövlətimizin mənəvi məkanına müdaxilə kimi nəzərdən
keçirilməlidir. Bu minvalla, gələcəkdə digər sahələrdə də müxtəlif
dövlət və təşkilatların təsbit etdiyi, fətva və ya şəri hökm
qismində ölkəmizdə tətbiqi vacib kimi təqdim olunan başqa
məqamlarla bağlı fəsadlı presedent yarana bilər. Şükürlər olsun ki,
müstəqillik illəri ərzində özünün milli-mənəvi dəyərlərinə sahib
çıxan dövlətimizdə vətəndaşlarımızın dini tələbatlarının ödənilməsi
üçün bütün imkanlar mövcuddur. Belə bir halda, ölkəmizin müvafiq
dövlət strukturları ilə dini mərkəzin əməkdaşlığı şəraitində
Azərbaycanın halal zəmanətli məhsullar istehsal etmək imkanları da
mövcuddur və bunun reallaşdırılması mümkündür".
QMİ dövlətimizin ali qanunu - Konstitusiyamızın 18-ci maddəsində
təsbit olunmuş "Din dövlətdən ayrıdır" müddəasını rəhbər tutaraq,
dövlətə dair məsələlərə müdaxilə etmədən, şəri məsələlərə dövlətin
aidiyyətinin olmadığını nəzərə alaraq, bir daha bəyan edir ki,
istehlak məhsullarına halallıq zəmanəti verilməsi prosesində dini
mərkəzin iştirakı, rəyi vacib və labüddür: "Bu işdə müvafiq dövlət
qurumu ilə dini mərkəzin müştərək fəaliyyəti, nəticə etibarilə,
müsəlman istehlakçıların tələbatının yüksək səviyyədə və etibarlı
təminatı işinə xidmət edəcəkdir, inşallah. Gələcəkdə belə
məhsulların Azərbaycan Respublikasının "Dini etiqad azadlığı
haqqında" Qanununun 22-ci maddəsinə uyğun olaraq, müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış
satış məntəqələri vasitəsilə həyata keçirilməsi də məqbul
olardı".
İdarə bununla bağlı rəy və təkliflərini 08.02.2011-ci il tarixli
1/58 saylı məktubunda Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi şəkildə
çatdırıb.
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO