Qırmızı.az
Reklam biabırçılığı- bu şirkətlər xalqımıza niyə nifrət edir?- VİDEOLAR
Məqsəd təkcə məhsulu təbliğ etmək deyil, həm də pozitiv ab-hava sərgiləmək, insanları yeni və firavan həyata sövq etməkdir, bir sözlə, əsas ideya “həyatını bu məhsulla dəyişə bilərsən olmalıdır”. Bir şirkətim olsaydı və həmin şirkətin istehsal etdiyi məhsulu reklam etmək istəsəydim, yəqin ki, bu işlə məşğul olan əməkdaşa və ya reklam şirkətinə şifarişin məqsədini bu sözlərlə izah edərdim. Çünki məhsulumun çox satılması üçün sadaladığım şərtlər vacibdir.
İndi telekanallarda yerli məhsulların reklamına baxarkən, düşünürəm, görəsən bizim şirkət sahibləri bu sifarişi verəndə nə düşünüblər? Sadaladığım tələbləri irəli sürüblər, yoxsa heç bu onların vecinə deyil?
Rek-lam-lar
Əslində, olmalıdır. Əgər məqsəd yaxşı satış və pul qazanmaqdırsa. Belə getsə, batacaqlar. Çünki bu gün yerli məhsulların reklamlarına baxanda sadaladığımız məqsədlərin heç birini görmürük. Əvəzində reklamlar yumoristik rolları, sərsəm obrazları yaradan aktyorlarla dolub-daşır. Reklamda istifadə olunan söz qədər o sözü deyənin kimliyi də vacib olduğunu təkrarlamağa ehtiyac duyuruq. Əgər bu aktyor bütün rollarında insanı aldatmaq, yalan danışmaqla, yaxud kütbeyin kimi tanınıbsa, tamaşaçının süurunda yalnız həmin obrazlarla qalıbsa, onun reklam etdiyi məhsulu kim alar?
- Hansı Azərbaycan ailəsində qardaş bacının cehizini alıb, həyəcan və sevinclə “Ana, bacımın cehizlərini aldım”-deyər. Ana da, oğlunun yanında “Cehizi…. alandan sonra, ər tapmağa nə var ki” deyə cavab verər?
- Bir mebel firmasının reklamından belə məlum olur ki, Bakının mərkəzində ofis açan biri hələ də, yaxşı mebeli haradan alacağından, mebel mağazalarından xəbərsizdir. Ya bu reklam ölkədəki şirkət sahiblərinin səviyyəsini şübhə altına alır, ya da tamaşaçının səviyyəsini.
Reklam məhsulu istifadə edəcək kütləyə hesablanır. Bu cür reklamla şirkət sahibləri nə demək istəyir? Belə çıxır ki, həmin məhsulları alanlar da elə kütbeyin, ağıldankəm insanlardır?
Bizim məqsədimiz kimisə təhqir etmək deyil. Biz sadəcə səbəbi araşdırmağa çalışırıq.
101-ci olmaq
“Gilan Holdinq” FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışan Rafiq Hunaltay Publika.az-a yerli reklamlardakı uğursuzluqların əsas səbəblərindən danışdı. Onun fikrincə, səbəb reklamı sifariş verənin bilgisizliyi, profesionallıqdan kənar olmaq və mühitin bunu tələb etməsidir. Reklama çəkilən insanlar da çox zaman maddiyyat ucbatından bayağılığa razı olurlar.
“İstehsalçı şirkətlər məhsulun xüsusiyyəti ilə məşhurun uyğunluğunu tapa bilmirlər. Şirkət müştərisinin kim olduğunu və onun həyat tərzini təhlil etməlidir. Əgər məhsulun istehlakçısı reklama çəkilən məşhuru sevirsə, onu çəkmək olar. Məhsulun alıcısının 80%-i Azərbaycanda yaşayan azərbaycanlıdırsa, rusdilli kəsimin bəyəndiyi məşhuru reklama çəkə bilməzsiniz. Çünki həmin məşhur onlara yaxın deyil. İkinci məqam çox çeynənmiş şəxslərdən istifadə edilməsidir. Elə məşhurlar var ki, Azərbaycanda 100 məhsulun reklamına çəkilib, 101-ci olmaq heç bir üstünlük gətirməz. Nəticədə, məhsuldan daha çox müğənni yadda qalır və o təbliğ edilir. Müğənnini, aktyoru reklama çəkmək həm də risklidir. Çünki onun gələcək karyerasının necə olacağı sual altındadır. Ola bilər ki, bu gün reklama çəkdiyiniz məşhur, sabah narkotikə görə həbs edilə, ya da televiziyada narazılığa, etiraza səbəb olan ifadə işlədə bilər. Bu məqamda həmin reklamın yayımı uğur gətirə bilməz”.
R.Hunaltay hesab edir ki, bu problemlərin kökündə şirkət sahibinin reklama normal yanaşmaması durur:
“Çox zaman reklam mətnini yazmağı orada çəkiləcək aktyora həvalə edirlər. Onlar da özləri bildiyi kimi, serialdan bəhrələnərək, ya da hər hansı bayağı mövzuda mətn hazırlayır. “Cehizi filan yerdən alandan sonra, əri tapmağa nə var” ifadəsi işlədilir. Halbuki, bu fikri ortalama bir azərbaycanlı ən pis halda beynindən keçirsə belə, dilinə gətirməz. Müştəri dilinə gətirmirsə, bizim də onu reklamda deməyimiz doğru deyil. Hər müştəri reklamdakı mesajı başa düşmür. Amma başa düşənlərdə həmin brendə qarşı aqressiya formalaşacaq. Yaxud ev mühitində reklam çəkilir, ana qızı ilə rəsmi Azərbaycan dilində danışır. Hansı ailədə ana qızı ilə elə danışır? Reklam çəkənlər nədənsə, real həyatdan nüansları əlavə etmək istəmirlər. Ora baxan hər kəs bilir ki, nə məhəllədə, nə də evdə insanlar o cür danışmır. Bu məsələdə Türkiyə təcrübəsindən nümunə götürə bilərik. Orada adi pendir reklamını da elə çəkirlər ki, adam az qala ağlamaq istəyir. Biz də isə hər şeyi çox bəsitləşdirirlər. Mətn, aktyor seçimi elə olmalıdır ki, alıcı reklama baxandan sonra sizin məhsulu almaq istəsin. Bizdə şirkət sahibləri elə hesab edir ki, məşhuru reklama çəkirsə, ondan maksimum istədiyimi almalıyam. Az qala onun alnına da məhsulun adını yazdırmaq istəyirlər. Bu isə tamaşaçını yorur”.
Pul xərclənməlidir
Azərbaycan Reklamçılar İttifaqının sözçüsü Afaq Quliyeva yerli reklamların səviyyəsinin çox aşağı olduğunu deyir. Onun sözlərinə görə, səbəb şirkət sahiblərinin reklama olan münasibətidir.
“Nə qədər istəsək də, yerli reklamlar haqqında xoş söz deyə bilmirik. Səbəb primitiv çəkilişə meyl, ucuza qaçılmasıdır. Hər bir reklam və onun obrazları şirkətin üzü olur. Şirkət həmin sima ilə tanınacağına görə pul xərcləməyi bacarmalıdır”.
A.Quliyeva bildirir ki, bütün dünyada məşhurların reklama çəkilməsinə maraq artıb. ABŞ-da məşhurların çəkildiyi reklamlar bazarın 50%-i, Türkiyədə 70%-i təşkil edir. Lakin bu o demək deyil ki, hər məşhur reklama çəkilə bilər:
“Ulduzu reklama çəkəndə də bir məqsəd olmalıdır. Məqsəd olmayanda, axırı bizim reklamlarımız kimi nəticələnir. Əslində bu nəticənin alınmasında iki səbəb var. Birincisi, reklam şirkətlərinin professional olmamasıdırsa, digər səbəb isə reklam verənlərin yanaşmasıdır. Reklam çəkən şirkətlər çox zaman öz tanışları ilə işləyir. Bu zaman öz tanışlarının tamaşaçı tərəfindən yalançı, mənfi obraz kimi tanıdıqlarını unudurlar. Yalançı kimi tanınan şəxs “gəlin məndən ev alın deyirsə”, əlbəttə, heç kim ona inanmayacaq, əksinə, gülüş doğuracaq. Efirdə həmin şəxsi görən kimi, izləyicinin üzündə ancaq gülüş yaranır. Düzdür, biz həmin rolların ifaçılarından imtina edin, deyə bilmərik. Sadəcə reklama tanışlarını irəli çəkmək kimi baxılmamalıdır. Çox zaman sifarişçi şirkətdə bu işə məsuliyyət daşıyan şəxslər səriştəsiz olur. Reklamçı sifarişçi şirkətə yaxşı reklamın nə olduğunu başa salsa da, şirkət sahibi cibindəki pulun daha azını xərcləməklə nəyəsə nail olmağa çalışacaq. Buna görə də, bayağı reklama daha çox meyl edirlər. Professional aktyor da bayağı reklama çəkilmək istəmir. Şifarişçi çox az vəsait ayırır, nəticədə başdansovdu material hazırlanır”.
Reklam, yoxsa anti-reklam
Psixoloq Elnur Rüstəmov hesab edir ki, obraz seçiminin uğurlu olmamasının başlıca səbəbi reklam bazarının formalaşmaması ilə bağlıdır.
“Reklamda obrazı seçərkən onun kimlərə ünvanlandığına diqqət edilməlidir. Reklamda məhsulun alıcıya nə verəcəyi vurğulanmalıdır. Bu mənada, obrazın seçimi vacibdir. Bu gün reklamlara əsasən film və idman sektorundan tanınmış şəxslər seçilir. Bəzi hallarda gözəllik müsabiqələrinin də qalibləri reklam obrazına çevrilir. Yerli reklam bazarı isə tam formalaşmayıb. Nə reklam çəkilişinə, nə də obraz seçiminə diqqət ayrılır. Etiraf etməliyik ki, şirkətlər özləri də keyfiyyətli reklama maraqlı deyil. Ona görə də, Azərbaycanda son dövrlər çəkilən reklamlarda daha çox yumor hissi, hər hansı bölgənin ləhcələrinin diqqət mərkəzində olduğu reklamlar çəkilir. Bunları da peşəkar reklam hesab etmək olmaz”.
Reklam çəkilişinin bir komanda işi olduğunu deyən, E.Rüstəmov hesab edir ki, çəkilişlərə yalnız şirkətin meneceri yox, həm də psixoloqlar cəlb edilə bilər.
“Reklamı komanda işi kimi görsələr, o zaman bu yalnız müəyyən müddətlik deyil, daha uzun ömürlü reklam olar. Şirkət menecerlərinin belə reklamlara maraq göstərməsinin dəqiq səbəbini demək çətindir. Yəqin, “anti-reklam özü də bir reklamdır” düşüncəsi ilə yanaşırlar. Fikrimcə, burada başqa bir məqam məhsulun öz qiyməti ilə bağlıdır. Qiymət ucuz olduğundan alıcını aktyor, onun sözləri yox, qiymətin maraqlandırdığını düşünə bilərlər. Lakin dünyaca məşhur sərinləşdirici içkilərin reklamına tanınmış futbol ulduzlarını dəvət edirlər. Həmin şirkət sahibləri məhsulun kütləviliyini nəzərə alırlar. Bu məsələlərə diqqət edildiyinə görə hələ də yerli brendlər beynimizə oturuşmayıb və hələ də, alıcılar xarici məhsullara maraq göstərir”.
Bir millətin ideallarına onun reklamı ilə qiymət verilir. Yəqin ki, bu reklamlarla biz sinifdə qalarıq, ya da çoxdan qalmışıq xəbərimiz yox.
Gülxar Şərif
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi