“Dilini kəsib, başını saxlamaq lazımdır” - Zərdabinin başına gələnlər
Bizi izləyin

Qırmızı.az

“Dilini kəsib, başını saxlamaq lazımdır” - Zərdabinin başına gələnlər

“Al bu qəzeti minbərdə oxu, burda yazılanlar sənin nağıllarından faydalıdır”.

22 iyul tarixi Azərbaycan mətbuatının doğum günüdür. Həsən bəy Zərdabi (Məlikov) 1875-ci ilin məhz bu günündə Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə başlamaqla mətbuatımızın əsasını qoydu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunmaqla, cəmi 56 nömrə çıxdı. Lakin bu qısa ömür bu gün ildönümünü qeyd etdiyimiz mətbuatımızın doğulmasına və uzunömürlü olmasına səbəb oldu. Həsən bəy Zərdabinin yaradıcılığından, Azərbaycan xalqına, millətinə verdiyi töhfələrdən bu günə kimi kifayət qədər yazılıb.

Bu yazıda isə Zərdabinin həyatda başına gələn baməzə hadisələr təqdim olunur.

Admiral.Az mətbuatımızın banisi olan Həsən bəy Zərdabinin həyatından maraqlı anları təqdim edir:

news-detail

***

Çar jandarm idarəsi Zərdabi üzərində nəzarət təyin edir. Bir gün klubda jandarm rəisi Həsən bəylə görüşür və bütün gecəni onunla bilyard oynayır. Ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırırlar. Jandarm rəisi ona sual verir:

- Dünən siz klubda kimlərlə görüşüb, nə barədə danışıq aparıbsınız? Bizə xəbər veriblər, heç nəyi gizlətməyin.

Həsən bəy təəccüblə deyir:

- Cənab rəis, dünən kluba gələndən çıxıb gedənədək mən ancaq sizinlə oynamışam. Siz ki, bunu yaxşı bilirsiniz.

Rəis yuxudan ayılan kimi ona diqqətlə baxır:

- Bəli, bəli, yadıma düşdü, siz mənim oyun yoldaşımsınız, cənab Məlikov. Amma gərək bağışlayasınız, vəzifəmdir, qanun belə tələb edir. Azadsınız, gedə bilərsiniz.

***

H.Zərdabi hər dəfə Bakı Dumasına üzv seçilirmiş. Bakı varlılarından olan Hacı Aslan növbəti Duma seçkilərindən birində külli miqdarda pul xərcləyib çoxlu səs alır və Zərdabinin yerinə seçilir. Kəblə Mirzə adlı birisi də Hacı Aslanın toruna düşür və münasibəti olan Həsən bəyə qarşı çıxır.

Bir gün Həsən bəy Kəblə Mirzəni küçədə görüb onu dayandırır:

- Kəblə Mirzə, Hacı Aslan çox bilir, yoxsa mən?

- Əlbəttə, sən.

- Xalqımıza o çox xeyir verir, yoxsa mən?

- Sən.

- Bunlar bir yana, o təmiz insandır, yoxsa mən?

-Sən.

- O halda məni qaralayıb nə üçün onu seçdiniz?

Kəblə Mirzə səsini çıxartmadıqda Həsən bəy gülə-gülə əlavə edir:

- Siz məni seçsəniz də birdir, seçməsəniz də. Mən bundan bir şey itirmirəm, xalq itirir. Mənim ürəyimi ağrıdan da ancaq budur.

news-detail

***

Jandarm idarəsinə Zərdabi haqda yazılan böhtan kağızlar günü-gündən artırdı. Və nəhayət ki, jandarm idarəsi onun evinə xüsusi xəfiyyə göndərir. Xəfiyyə gənc və təcrübəsiz idi. Hənifə xanım eyni adamın bir neçə gündən bəri onların pəncərəsini izlədiyi haqda ərinə xəbər verir. Həsən bəy də həyat yoldaşını sakit etmək üçün zarafat edir ki, bəs mətləb aydındır, nədən qorxursan, xəyalpərəst cavanlardandır. Bir neçə gün pəncərənin qabağında gəzib, səni görməyəndən sonra rədd olub gedəcəkdir.

Hənifə xanım gülümsəyir və deyir:

- Xeyr, əzizim, mənə elə gəlir ki, o mənim yox, sənin intizarını çəkir.

***

Həsən bəy Dumada yoxsulları daima müdafiə edərdi. O, fəhlə və kəndlilərin ağır vergilərdən xilasına çalışardı. Zərdabi Dumadakı çıxışlarının birində mədən sahiblərinə vergi qoymağın vacib olduğunu dəlillərlə sübut edir. Onun cəsarəti neft sahiblərinin bərk narazılığına səbəb olur. Onlardan biri də Həsən bəyi təhqir edir:

- Lütün biri lüt, öz cibində bir qəpiyi yoxdur, bizim cibimizə girmək istəyir. Yaxşılıq edib bunu seçmişik, indi bizim əleyhimizə danışır!

Sərmayədar Səfərəliyev də üzünü Həsən bəyə tutub qəzəblə bağırır:

- Sənin dilini kəsib, başını saxlamaq lazımdır!

***

Zərdabini Peterburqa, qəzetə işləməyə dəvət etdikdə, o, vətənindən ayrılmaq istəməyib deyir:

- Məqalələrim yaxşıdır, çünki bunları azad adam yazır. Dövlət qulluğuna getsəm, dilim bağlanar.

***

news-detail

Zərdabi kənddə yaşadığı vaxt “Tərcüman” qəzetini müntəzəm alırdı. O, bu qəzeti sevir, “Əkinçi” nin yetişdirməsi hesab edirdi. Bir dəfə Həsən bəy bu qəzeti mollaya verib deyir:

- Al bu qəzeti minbərdə oxu, burda yazılanlar sənin nağıllarından faydalıdır.

***

Həsən bəy yaxşı vəkil olduğundan kəndlilər çox vaxt yardım üçün ona müraciət edirlərmiş. Kəndlilər, yazdığı ərizə üçün zəhmət haqqı olaraq, Həsən bəyə 3-4 manat vermək istədikdə o, bu pulu almaz və öz həmvətənlərinə deyərmiş:

- Bax, “Tərcüman” qəzeti 3 manat tutur, sən pulu qəzetə ver, ya özün oxu, ya da ver mollanız məsciddə oxusun.

Kəndlilər Həsən bəyin məsləhətinə qulaq asıb “Tərcümana” abunə yazılarlarmış.

news-detail

***

Həsən bəy “Kaspi” qəzeti redaksiyasında işləyəndə Üzeyir Hacıbəyovun musiqiyə olan böyük həvəsini görüb deyir:

- Oğlum, sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar.

Lakin birinci Azərbaycan operasına qulaq asmağı çox bərk arzulayan Zərdabi, əfsus ki, arzusuna çata bilmir. Onun ölümündən az sonra “Leyli və Məcnun” operası tamaşaya qoyulur.

news-detail

Oxumağa davam et
Reklam
Reklam

Gündəm