Azərbaycanda daşqın ola bilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda daşqın ola bilər

Azərbaycanda aprel-may-iyun aylarında bəzi çaylarda daşqınların ola biləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, fevral ayının ikinci ongünlüyünün ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq rayonlarda 12-15, bəzi dağətəyi rayonlarda 13-18 dərəcəyədək, mart ayında isə dağlıq rayonlarında 16-18, bəzi dağətəyi rayonlarda 19-21 dərəcəyədək yüksəlməsi müşahidə olunub. Bu da qarın əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.

Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə, Böyük və Kiçik Qafqaz bölgələrinə yağan qar çoxillik normadan orta hesabla 37 faiz, keçən il ilə müqayisədə isə 54 faiz az olub. Belə ki, qar xəttinin aşağı sərhəddi 2013-cü ildə dəniz səviyyəsindən orta hesabla 1678 m hündürlükdən keçirdisə, bu il 2179 m hündürlükdən keçib.

Aprel-iyun aylarında Kür çayından Şəmkir Su Anbarına axımın normanın 52-66, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 30-47 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 70-111, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında normanın 51-85, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 38-77, Naxçıvan MR çaylarında 35-83, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 36-75 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normadan az olmasına və yağıntının normadan az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

Beləliklə, keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların az düşdüyünü və yaz yağıntılarının normaya yaxın və az gözlənildiyindən gursululuq dövründə respublikanın daxili çaylarında sululuğun normaya yaxın və normadan az, iri tranzit çaylarında isə normadan az olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm