
Rusiya mətbuatında yayılan məlumata görə, Azərbaycanın
Ağstafa rayonunda iki rus vətəndaşı illərdir qul kimi işlədilir.
Belə ki, rayonun Köçəsğər kəndində yaşayan Vladimir Naumov və
Aleksandr Zıkov uzun müddətdir bəzi şəxslər tərəfindən kənd
təsərrüfatında məcburi olaraq işlədilirlər. Buna görə də Daxili
İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin
əməkdaşları həmin vətəndaşları kəndə gələrək, rusları rayondan
aparıblar.
AzVision.az məsələni araşdırmaq üçün Köçəsgər kəndinin icra
nümayəndəsi Şöhrət Məmmədovla əlaqə saxlayıb.
İcra nümayəndəsi bu məlumatları təkzib edərək, qeyd edib ki, rus
vətəndaşların qul kimi işlədilməsi ilə bağlı xəbər
böhtandır:
“Bu, tamamilə yalandır, böhtandır. Bura polislər də gələndə mən
dedim ki, həmin şəxslər uzun illərdir kənddədirlər. Biri kəndin
içində bir ailədə, digəri isə kənddən bir az kənarda yaşayırlar.
Yaşları 60-dan çox idi və içki düşkünü idilər. Yəni onların qul
kimi işləmələri heç mümkün də deyildi”.
Ş.Məmmədov qeyd edib ki, 2-3 gün öncə həmin şəxsləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları aparıblar.