Binəqədidəki yanğına görə ittiham olunan şəxs günahını etiraf etdi
Bizi izləyin

Qırmızı.az

Binəqədidəki yanğına görə ittiham olunan şəxs günahını etiraf etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Zərərçəkmiş qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 200/36, mənzil 31 ünvanında yaşayan zərərçəkmiş şəxs Manafova Elvira Nurəddin qızı ifadəsində göstərib ki, 19 may 2015-ci il tarixdə təxminən saat 11 radələrində pəncərəyə baxarkən pəncərədən qara rəngli tüstü qalxdığını, bloka çıxarkən isə ora qara rəngli acı tüstü dolduğunu görüb. Blok tüstü olduğu üçün ətrafı görmək mümkün olmayıb və o, tüstüdən zəhərlənmə zədəsi alaraq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Binanın hansı səbəbdən yanmasını bilmir. Amma dəqiq bilir ki, yanmanın güclənməsinə binanın fasadına çəkilmiş tezalışan materialdan olan üzlük olub.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Əliyev Ruslan Vəliyulla oğlu, eyni məzmunlu ifadələr verərək 19 may 2015-ci il tarixdə həmin binada yanğın hadisəsi baş verməsini, yanğının söndürülməsi və insanların təxliyyə olunmasında iştirak etdiklərini və müxtəlif dərəcəli xəsarətlər aldıqlarını təsdiq edib.

Zərərçəkmiş qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 200/36, mənzil 18 ünvanında yaşayan zərər çəkmiş şəxs Abdullayev Anar Arif oğlu ifadəsində göstərib ki, 19 may 2015-ci il tarixdə saat 11 radələrində nənəsi Şövkət onu oyadaraq yaşadıqları binanın yandığını bildirib. O, dərhal nənəsi ilə birlikdə binanı tərk etmişdir. Hadisə zamanı onlar heç bir xəsarət almamışdırlar. Hadisə nəticəsində ona 36.375 manat maddi ziyan dəyib.

Prosesdə təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun vəziyyəti qəflətən pisləşib, təcili tibbi yardım çağırılıb.

Məhkəmədə fasilə elan olunub.

Daha sonra söz Azərbaycan Respublikası CM-nin 308.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Ağacavad Hacı oğluna verilib. O özünü ona qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilərək ifadələrində göstərib ki, ali təhsilli kimyaçıdır, ixtisası üzrə müxtəlif vəzifələrdə işləyib. 2003-cü ilin fevral ayında “Dərnəgül boru zavodu” qapalı səhmdar cəmiyyətində yüksək sıxlıqlı polietilen boruların yoxlanması sınaq laboratoriyasında mühəndis vəzifəsinə işə düzəlib, 2003-cü ilin may ayının 27-də “Dərnəgül boru zavodu” QSC istehsal prosesinə başlayıb. Onun rəhbərlik etdiyi sınaq laboratoriyası hüquqi şəxs olmadığı üçün özünün möhürü olmayıb və zərurət olduqda zavodun dairəvi möhüründən istifadə edilib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məhkəmə iclasına gələn zərərçəkmiş şəxslər dindirildikdən sonra iclasda sədrlik edən iş üzrə növbəti iclasın 11 avqust, saat 10:30-a təyin edilməsini elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm