250 məktəbdə monitorinq imtahanı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

250 məktəbdə monitorinq imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli fərmanına müvafiq olaraq yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi orta təhsil müəssisələrinin şagirdləri arasında monitorinq imtahanları keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, komissiyada həmin imtahanlara hazırlıq işləri davam etdirilir. Hazırlıq işləri çərçivəsində aprelin 9-da Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçiriləcək orta ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlər TQDK-nın sektor müdirləri - Hidayət Zeynalov və Adıgözəl Həbibov tərəfindən təşkil olunub. Görüş zamanı iştirakçılara monitorinq imtahanlarının mahiyyəti, məzmunu, keçirilmə qaydaları, imtahan zallarının hazırlanması, nəzarətçi-müəllimlərin bu imtahanlara cəlb edilməsi şərtləri və digər zəruri məsələlər izah edilib.

Qeyd edək ki, monitortinq imtahanlarının V, VI və XI sinif şagirdləri arasında aparılması nəzərdə tutulub.
V və VI sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənnindən keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaqdır. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.
Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

V və VI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 17 və 18 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 14 və 15 aprel tarixlərində olacaq. Bu imtahanlar Respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçiriləcək.

XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcəkdir. Bu imtahanda suallar ənənəvi - çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq.

XI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcəkdir. XI siniflər üçün monitorinq imtahanları Respublika üzə ümumilikdə 400-dən artıq məktəbdə həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm