Ad gününü qeyd edən deputat: “Səhəri nəvələrimin mahnı çələngi ilə açdım”
Bizi izləyin

Qırmızı.az

Ad gününü qeyd edən deputat: “Səhəri nəvələrimin mahnı çələngi ilə açdım”

Bu gün Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının 69 yaşı tamam olur.

Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR-in Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, tarix elmləri doktoru, professordur, 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.

1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləyib.

1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışıb.

F.Ağamalı 1992-ci ildə Azərbaycanın sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və nazir əvəzi olub.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib. Evlidir, 3 övladı var.

Publika.az kollektivi Fəzail Ağamalını təbrik edib və onun ad günü ilə bağlı təəssüratlarını öyrənib.

F.Ağamalı bildirib ki, onu ilk təbrik edənləri nəvələri olub:

“Məni ilk təbrik edən nəvələrim olub. Səhərimi nəvələrimin mahnı çələngi ilə açdım. Qızımın övladları səhər tezdən mənə telefonla zəng edərək, “Baba, ad günün mübarək!” mahnısını oxuyublar. Digər nəvələrim isə səhər tezdən oyanan kimi gəlib mənimlə görüşüb, doğum günümü təbrik ediblər. Bu təbriklər mənim üçün çox önəmli və əvəzsiz idi. Buna görə özümü çox xoşbəxt hiss edirəm.

Nəvələrimdən başqa, dostlarım da məni təbrik ediblər. Bu gün saat 12:00-dan 14:00-dək isə Ana Vətən Partiyasının Qadınlar Şurası üzvləri partiyanın qərargahında gəlib məni təbrik ediblər. Ad günü təbrikləri indi də davam edir. Hər kəs sağ olsun ki, məni xatırlayır, təbrik edir və xoş arzularını ifadə edirlər. Mən də sizin saytınız vasitəsilə məni yada salan, təbrik edən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm, onlara səadət və xoş günlər arzu edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm