28 ildir taksiçilik edən qadın: “Belə sakit olduğuma baxmayın, "avtoş"am"
Bizi izləyin

Qırmızı.az

28 ildir taksiçilik edən qadın: “Belə sakit olduğuma baxmayın, "avtoş"am"

Təsadüfən küçədən keçəndə qarşılaşdıq onunla. Nə əvvəldən adını eşitmişdim, nə də görmüşdüm. Müsahibə üçün razılaşıb, xüsusi vaxt da təyin etməmişdik. Sadəcə gördük və yaxınlaşdıq.

Nurcahan Cəbiyeva sürücüdür, həm də taksi sürücüsü. 32 yaşında başlayıb bu işə. 28 ildir çörəyini bu işdən çıxarır.

Ayaqüstü tanışlıqdan sonra “gəl otur yanımda danışım”, deyir. Keçib otururam taksiyə və söhbətə başlayırıq.

“Hər şey yoldaşımın rəhmətə getməsi ilə başladı. Onu itirəndə 4 uşağım var idi, beşinciyə hamilə idim. O vaxtlar cinsiyyət bilinmədiyinə görə, vəsiyyət elədi ki, oğlan olsa, onun adını qoyum, qız olsa nə istəsəm. Yoldaşımın 40-ı çıxanda oğlum dünyaya gəldi, elə onun adını qoydum. Xəstəxanadan evə tək, çox pis halda qayıtdım. Yoldaşımı itirəndən sonra sanki tək qalmışdım. O gündən uşaqlarımın həm atası, həm də anasıyam. Onlar da üzümü qara çıxartmadılar, yaxşı övlad oldular".

- Bəs sürücülüyə necə başladınız?

- Uşaq olandan sonra bir müddət evdə oturdum, qohum-qardaş, imkanı olanlar kömək elədilər. Amma qonşu payı ilə 5 uşağı necə saxlaya bilərdim? Fikirləşdim ki, işləməliyəm. Bir müddət satıcılıqla məşğul oldum. Gördüm ki, çətindir, Sovet dövrü qorxulu idi, bizneslə məşğul olmaq. Uşaqları da məktəbə taksi ilə aparırdım. Həmin vaxt nadir hallarda maşın sürən qadınlara rast gəlmək olardı. Onlara baxıb düşündüm ki, “mən onlardan aciz deyiləm ki?”. Bu cür düşünərək başladım.

- Bəs əvvəldən necə maşın sürməyi bacarırdınız?

- Yox bacarmırdım. Buna görə də, bir il sürücülük məktəbinə getdim. Yaxınlarım, qardaşım qarşı çıxdı. Hətta qardaşım dedi ki, o nə məktəb oxusun, nə də sürücülük etsin. O vaxtdan da danışmırıq. Qubalıyam, kəndə gedəndə əvvəl qadınlar maşınıma minmək istəmirdilər. Amma ətrafdakıların narazılığına baxmayaraq, mən öyrəndim və başladım bu işə. Bir il satıcı işlədim, maşını da rayona gedib-gələndə sürürdüm. Sürücülüyü öyrənəndə söz vermişdim ki, bir il rayon adamlarını pulsuz aparıb-gətirəcəm. Elə də etdim. Onun da əvəzini Allah yetirirdi. Maşın sürmək, alverdən daha asandır. Uşaqlarımı məktəbə qoyurdum, işə gedirdim. İş sərbəst olduğuna görə, istədiyim vaxt evə gedib, uşaqlarla maraqlanırdım.

- İndi necədi iş saatınız?

- Səhər saat 7-də başlayıram, nə qədər istəsəm qalıram. Sovet dövründə axşamlar da işləyirdim. Amma indi çox işləmirəm. Həm də xüsusi müştərilərim də var. Onlar zəng edirlər, lazım olan yerə aparıram. Atasının adını daşıyan oğlum da taksi sürür. Bütün uşaqlarım ailə sahibidir, 12 nəvəm var. Övladlarımın mənə baxmaq imkanı var, amma yenə də ayrıla bilmirəm bu işdən.

-Qadın olduğunuza görə, yəqin ki, qadınlar sizə daha çox etibar edir.

-Müştəriləmin çoxu qadınlardır. Onlar maşına yaxınlaşıb qadın sürücü olduğunu görəndə daha ürəklə minirlər. Deyirlər ki, sürücü qadın olanda daha rahat olurlar. Kişilər də minirlər.

- 28 ildə müştərilərlə bağlı hər hansı problem yaşamısınızmı?

- Bir dəfə maşına minən kişi müştərilərin xoş niyyətli olmadığını anlamışam. Amma Allah qoruyub, onlar da heç nə demədən düşüblər maşından. İçkili adamları isə ümumiyyətlə, qoymuram minməyə. Hətta yolda başa düşsəm ki, içkilidir, düşürürəm. Onun pulu da mənə lazım deyil.

- Yəqin başladığınız dövrdə qadın taksi sürücüləri az olub şəhərdə, indi necədir?

- Burda məndən başqa iki qadın da var. Onlar əslən ermənidir, bir az xasiyyətləri də fərqlidir. Amma mən əsl qubalıyam, mənim müştərilərim də daha çoxdur.

- Uşaqlarınızdan qarşı çıxanı olub, taksi sürməyinizə?

- Yox, uşaq vaxtı heç nə demirdilər. Onları böyütmək üçün işləməliydim axı. Uşaqlarımın ən böyüyünün 8 yaşı var idi, qohum-qonşu verməklə nə qədər saxlaya bilərdim onları? İndi böyük oğlum deyir, “çıx otur evdə, istirahət elə, neçə ildir işləyirsən”. Amma otura bilmirəm evdə, burda olanda problemlərimi unuduram, pul qazanıram. Əllərim tutana qədər işləyəcəm. Kimsə məni heç nəyə məcbur etmir, işləyə bildiyim qədər davam edəcəm.

-Qaydaları pozduğunuz olub?

-Sağ olsun “qayılar” hörmət edirlər. Mən də həmişə çalışmışam qaydalara əməl edim. Arada pozuram, onlar da bəzən güzəşt edirlər. Amma sürücülərlə problem yaşayıram. Bir dəfə bir “cip”lə toqquşmuşduq, qızıllarıma qədər əlimdən aldı. Allah qorusun ki, heç vaxt qəzaya düşməmişəm. Çox yaxşı sürücüyəm, belə sakit olmağıma baxmayın, avtoşam. Burdakı sürücülərin hansına yaxınlaşsanız mənim necə sürücü olduğumu deyəcək.

Yaxşı sürücü olmaq üçün həm də dözümlü olmaq lazımdır. Yay, qış sükan arxasındayıq. Adamlarla ünsiyyət qurmaq və danışıq qabiliyyəti, səliqə-səhman olmalıdır ki, müştəri də bir dəfə oturduğu maşına bir də yaxınlaşsın. Bir xasiyyətim var ki, ancaq mexanikaya ürəyim yatır. Təzə maşınları sürə bilirəm, amma əlim öyrəşmir. 27 ildə 4 maşın dəyişmişəm, hamısı da “jiquli” olub.

- Maşınınız yolda qoyub sizi?

- Maşına xüsusi qulluq etmək lazımdır. Bir az səs gələn kimi usta yanına aparmışam. Özüm də baxıram arada. Bir dəfə olub ki, Siyəzəndəydim, problem oldu maşında, yaxınlıqdakı kişiləri çağırdım ki, kömək etsinlər. Bir neçəsi gəldi baxdı, düzəldə bilmədilər. Onlar gedəndən sonra, məcbur qalıb özüm baxdım və düzəltdim. Sürüb gedəndə həmin kişilər baxıb güldülər ki, onların bacarmadığını qadın bacardı. İndi də təkəri özüm dəyişdirirəm.

Gülxar Şərif

Fotolar Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm