Babək “cığallığında” ilişib qalanlar - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Babək “cığallığında” ilişib qalanlar - ARAŞDIRMA

Tarix həmişə düz xətli inkişaf etmir. Məşhur tarix fəlsəfəçisi Arnold Toynbi tarixin inkişafını əyri xəttə bənzədir hesab edirdi. Toynbi bunu zaman irəlilədikcə müxtəlif hadisələrə qarşı ortaya qoyduğumuz yarımçıq baxışlarla izah edirdi. Toynbiyə görə tarixin izahı iki mərhələli olur. Birinci mərhələdə tarixi hadisələr ideologiya bucağından qiymətləndirilir. İkinci və əsas həll edici mərhələdə isə tarix dövrün ictimai quruluşu prizmasından təhlil edilir. Hər iki mərhələni "tarixin axsaması" hesab edən Toynbi bu səbəblərdən tarix fəlsəfəsinin yenidən yazılmalı olduğuna inanırdı.

Məşhur yapon tarix fəlsəfəçisi Frensis Fukuyamada məsələ konkret qoyulur. Tarixin sonunu indiki əsrdə hesab edən Fukuyamaya görə tarixə və ölkələrin öz keçmişinə baxış meyarları bu əsrdə qarşısı alınmaz reqress prosesinə təkan verəcək. Göz önündə tarix fəlsəfəsinə dair iki məşhur tarixçi filosofun baxışları var. Lakin bütün bunların fonunda bir də Samuel Hantinqton kimi bəşər tarixinin inkişafına daha pozitiv və tərəqqipərəst mövqedən yanaşan tarixçilər də olmuşdur. Antik tarixin fikir babası Herodot kor olaraq tarix yazdısa, yaxud da Bethoven kar olaraq məşhur sonatalarını bəstələdisə, deməli tarixin bir xəttli irəliləyişinə və toplumların proqressiv intibahına şübhə etmək olmaz.

Bütün bu baxışları sadalamamın səbəbi bizim tarixi hadisələrə konkret bir mövqe qoya bilməməyimizlə bağlıdır. Tarixçi alimlər daha ümumi və konkret müddəalar ortaya qoysa da, mətbuat səviyyəsində tarixin yanlış şərhlərinə daim rast gəlirik. Media sanki tarixin "işğalçısı" rolunda çıxış edir, kim nə gəldi yazır və bu baxış açısından bizim oz tariximizlə bağlı hadisələrə də bəzən bir yanlı mövqelərimiz ortaya çıxır. Ortada olan faktlar və nəticələr var ikən, subyektiv qənaətləri alovlu formada ictimai fikir diapozonuna çıxaranlar nə qədər yamlış olsalar da, öz fikirlərinin toxunulmazlığına inanır.

Makiavelli tarixi subyektiv elm hesab edirdi. Umberto Eko isə, tarixi elmin obyektivliyi prizmasından izah etməyi yanlışlıq sayırdı.

Keçən yazılarımdan birində Nəsimi və hürufiliyin məruz qaldığı təhriflərə bir balaca mövqe ortaya qoydum və sonrasında gələn rekasiyalardan daha da çaşmış vəziyyətdə qaldım. İmadəddin Nəsimi ilə bağlı nə qədər yanlış və subyektiv dəyərləndirmələrə rast gəldim.

Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən olan Xürrəmilik hərəkatı və xürrəmi düşüncə sistemi də eyni formada yanlış, subyektiv şərhlərdən öz "nəsibini alır." Babək Xürrəminin baxışları və fəlsəfəsi bütün şərq fəlsəfi fikirinin orijinallıq cəhdi idi. Babəkə yanaşma fərqli olduğu kimi, həm də yeknəsəkdir. Babəkin mübarizə əzmi və istilaçılara qarşı apardığı savaş bizim döyüşçü ruhumuzun və dirəniş çabalarımızın pik nümunəsi idisə, onun ictimai-siyasi baxışları və xürrəmiliyin fəlsəfi tezisləri ayrıca bir fəlsəfi məktəbdir.

Azərbaycan tarixində 8-9-cu əsrlərdə yazılmış Xürrəmi əfsanəsi öz dəyərli qatından və ağır mahiyyətindən izah olunmaq yerinə, ikinci dərəcəli məsələləri qabartmaqla diqqəti mərkəzi ideyalardan yayımdırma taktikasına baş vurulur. İcitmai müzakirə sərrhədsiz olmalıdır. Lakin tarixin elə səhifələri var ki, o səhifələrlə bağlı samballı araşdırmaçıların gəldikləri danılmaz fakt və ortaq həqiqət var.

Xürrəmiliyin fəlsəfi-ideoloji tezislərinin təkliyi və həmin dövrdə şərqdə ikinci belə cəsur bir irsin olmamasına rəğmən müzakirələr və mətbuatdakı dedi-qodular görün nələrə fokuslanır: Babək türk idimi, yoxsa yox, Xürrəmilik islama qarşı idi, yaxud onun mübarizə metodları ərəb işğallarına qarşı idi, Babək milli tarixi dəyər sayılmalıdır, yaxud Babəkin bu gün gözü ilə qiymətləndirilməsi. Bütün bu cəhdlər ikinci dərəcəlidir. Ortada ciddi dərsliklərdəki yazılar və paraqraflardan ziyadə Babəkin ideyaları və xürrəmilərin mübarizəsi ilə ilgili ciddi heç bir diskussiya aparılmır. Maraqlanan insanlar təbii ki kitablara çıxış imkanlarını qazanır, məsələləri aydınlaşdırmağı bacarır, çəkisi şübhə doğurmayan tarixçilərlə məsələnin məğzini öyrənməyə cəhd edir, amma əgər Azərbaycannın 8-ci və 9-cu əsrinə adını qızıl hərflərlə yazdıran Xürrəmilər ilə bağlı qaynaqlara çıxış imkanı olmadan, mətbuatdan bu məsələni öyrənməyə çalışanlar olsa, çox yanlış istiqamətlərə yönələcəklər.

Tarixçilərimizdən birinin bu barədə mütləq bir tezisi var. Yanılmıramsa, ana xətt də bu idi, müzakirələr faktlara söykənməyəndə ortada "qara qışqırıqdan" başqa heç nə qalmayacaq. Həqiqətən də, bunu sezmək üçün çox da analitik zəkaya sahib olmaq əsas deyil. Son dövrlər birdən cərəyan edən, öncə linqvistika və guya ana dili həssaslığı ilə başlayan, sonra isə daha açıq müstəviyə keçən və diqqətli oxucuların sezdiyi, axır həftələrin anti Türkiyə ritorikası da bu dediklərimə bariz örnəkdir. Əvvəlcə bütün fərdi baxışlar "müqəddəsləşdirilir" sanki, sonra isə ortaya baxışları azdıran yanlış, dəlilsiz, sübutsuz, heç bir dəqiq qaynağa dayanmayan, səhih olmayan informasiyalar ötürülür.

Babək Xürrəminin mübarizəsi işğala qarşı dayanmanın və yadelli istilasına milli duruş gətirmənin imzasıdır. Babəkin xürrəmi olana qədər keçdiyi həyat yoluna diqqət edəndə onun insan kimi formalaşmasında qadın əməyinin rolu da danılmazdır.

Babək atasız böyüyürdü.798-ci ildə kasıb Gilalabad şəhərində dünyaya göz açmışdı. Babək olana qədər Həsən həm də çobanlıq edir, kiçik yaşlarında anasının yükünü bölüşərək, kiçik çiyinlərində güclü bir məsuliyyət daşıyırdı. Babəkin səfərlərdən birində Cavidanla tanışlığı onun bütün sonrakı həyatını dəyişdi. Bu oğlanın qəlbindəki azadlıq eşqinə bələd olduqdan sonra Cavidan ona Xürrəmilik yollarında nüfuzsuz imtiyazlar qazanmaq üçün qapılar açırdı. Burada da bəzi çox mövqeli izah cəhdləri var.

Xürrəmilər hərəkatında iki dövr ayrılır: 1) Cavidanın rəhbərliyi altındakı dövr, 2) Babəkin rəhbərliyə keçməsindən sonrakı dövr. Xürrəmiliyin əsas baxışları heç vaxt dəyişməmişdi, sadəcə Babək yenilikçi olduğundan mövcud olan baxışlara yeni çalarlar qatırdı. Bir-birinə həm əqidə ilə, həm də doğmalıq hissi ilə bağlı olan xürrəmilərin içərisində guya təlatümlərin olması və Cavidanla Babəkin arasında çaxnaşmaların reallığı barədə isə bir dənə ciddi tarixi miras yoxdur.

Cavidanın dövründə xürrəmilər o qədər də təhlükəli hesab edilmədiyi üçün xilafət onları təhdid kimi görmürdü. Baxmayaraq ki, buna qədər ərəblərlə Cavidan ordusu arasında dəfələrlə toqquşmalar olmuşdu. Cavidanın ölümündən sonra 819-cu ildə ilk dəfə Xürrəmilər üzərinə sistemli hücuma keçən xilafət qoşunu darmadağın edilir. Bu zərbə o qədər sarsıdıcı olurki, ərəblər 10 il özlərini nizamlamağa çalışır. Babək Bəzz qalasını həm müdafiə və sığınacaq istehkamına, həm də bir məktəb halına gətirir. Xürrəmilər həm döyüş texnikası öyrənir, həm də fəlsəfi və elmi dərslər öyrənirdilər. 829-cu il Həşdadsər döyüşü və 830-cu ildəki birinci Həmədan döyüşü ilə Xürrəmilər özlərindən dəfələrlə çox və güclü olan işğalçı qoşunları darmadağın edir. Yalnız 833-cü ildəki ikinci Həmədan döyüşü Xürrəmi "qürubunu" söndürən ilk acı mğlubiyyət oldu. Bundan sonra çox sayda döyüşçü itirən Xürrəmilər ayağa qalxmağğa çalışsa da, sıralarda nəzərə çarpacaq qədər azalmalar olur. Həmçinin, düşmən tərəfə açıq və gizli məlumat ötürənlərin də olması ilə vəziyyət daha da qəlizləşir.

837-ci il Bəzz qalası mühasirəyə alınanda Babək və döyüşçüləri son ana qədər vuruşur. Və 838-ci ilin 14 martında Babək Samirə səhrasında edam edilir. Xürrəmilər və Babəkin tarixi rolunu anlamaq üçün çox uzun düşünməyə gərək yoxdur. Savaşlardakı cəsur vətən sevərlik eşqi ilə yanaşı, xürrəmiliyin ciddi sosial mesajları mövcud idi. O dövrdə bütün şərqi qan götürəndə, insan həyatı heçə endiriləndə, xürrəmilər insan fəlsəfəsini inkişaf etdirdi. Bərabərlik və qardaşlıq xürrəmiliyin ana ideoloji qatı oldu. Xürrəmiliyin fəlsəfi fikirləri azadlıq və bərabərliyin şərq fəlsəfəsində ilk sistematik vəhdət nümunəsidir. Babək elə bir sistem yaradırdıkı, ailə-dövlət modeli onların idarəçiliyi altında olan ərazilərdə bir mənalı qəbul olunurdu. Xürrəmilərdə sağlam hüquqi yanaşmalar mövcud idi. Klassik liberalizm cəfəngiyyatının özünü iflasa uğratdığı ifrat fərdiyyətçi baxışlardan və qərbin şəxsiyyətə yönəlik təlimlərindən fərqli olaraq, xürrəmi fərdiyyətçiliyi toplumsal maraqlarla qarşılıqlı formada idi. Fərd tək və əvəz olunmaz idi, lakin dar anlarda toplum naminə fərdlərin hüquqlarından toplumun hüquqi "davası" törəyirdi. Xürrəmiliyin dövlətçilik fəlsəfəsinə verdiyi töhfələr danılmaz idi. Babəkin məğlub olmayacağı təqdirdə Azərbaycanın gələcək qüdrətini proqnozlaşdıran işğalçılar da elə məhz buna görə qorxuya düşərək hücümlara başladı.

Azərbaycanda artıq möhtəşəm və güclü bir dövlət yarandığını, milli-mədəni ənənələrin, sarsılmaz ideologiyanın bərpa olunduğunu görən Xəlifə Məmun Azərbaycan üzərinə böyük nizami ordu göndərdi. Lakin bu xalqa qarşı döyüşmək artıq asan deyildi.

Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş. Lakin, müasir təqdiqatçılar öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub və əslində onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu köklü turk sözünə 5 min ildən çox tarixi olan Dədə Qorqud eposunda da çox rast gəlinir.

Xürrəmiliyin danılmaz gücünü dərk edən və sonrakı əsrlərdə hələ də onun xofundan ayılmayan bir çox ərəb tarixçiləri Xürəmilərə böhtan atsa da, iftira yağdırsa da Xürrəmilik və sərkərdə Babək bu xalqın yaddaşında öz həqiqi qiymətini almağı bacardı.

Tarixi şəkilləndirən hər zaman qəhrəmanlar olmuşdur. Tarixdən qorxmaq yox, ona sahib çıxmaq lazımdır. Biz başqa mənbələrin uydurma miflərinə baş qoşub, öz milli tariximizdəki hadisələri təhrif etməyə bir dəfəlik son qoymalı və tariximizə sahib çıxmalıyıq. Öz dəyərlərinə, keçmişinə, irsinə, tarixinə, simalarına həqiqi dəyəri verməyən xalqlar dünyada heç vaxt inkişaf etməzlər.

P.S. Babəkin xaincəsinə öldürülməsi onun məhvi yox, əbədi möhürü idi.

Tural İsmayılov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm