• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

BDU-nun yeni hədəfləri

BDU-nun yeni hədəfləri

Bakı Dövlət Universiteti hər il yeni tədris ilinin başlanğıcında öz tələbələrini yüksək səviyyədə qarşılamaq üçün iyul-avqust aylarında bir tərəfdən tədrisin yeni formatları üzərində, digər tərəfdən auditoriyaların və bütövlükdə universitetin təmiri ilə bağlı müvafiq iş aparır.

Publika.az bildirir ki, bu il Bakı Dövlət Universitetində bakalavr pilləsində filologiya istiqaməti üzrə Türk dili və ədəbiyyatı, Fars dili və ədəbiyyatı, magistratura pilləsində isə İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası kimi yeni ixtisas və ixtisaslaşmalar açılıb. Hər il olduğu kimi, bu il də yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planları yazılıb, BDU-nun Qazax filialına 8 ixtisas üzrə tələbə qəbulu aparılıb ki, həmin ixtisaslardan Turizm və hotelçilik, Ekologiya və Biologiya müəllimliyi yenidir.

Bu il bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib, kafedra, tədris və elmi-tədqiqat laboratoriyaları əsaslı şəkildə təmir edilib. Təmir-bərpa işləri Bakı Dövlət Universitetinin bütün fakültələrini əhatə edib və əksər auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika fakültəsinin bütün auditoriyalarında təmir işləri aparılıb. Bu auditoriyaların içərisi-divarları, pəncərə örtükləri (jalüzlər), tələbə partaları, lövhələr tamamilə yenilənib, bir sıra auditoriya “ağıllı lövhələrlə” təmin edilib. Fakültənin dekanlığında rahat iş şəraiti yaradılıb, yeni yarımotaqlar düzəldilib, kafedralar təmirindən tutmuş mebelinədək tamamilə yeni formata salınıb. Fakültədə tələbə qəbulunun artımı ilə bağlı yaranan auditoriya çatışmazlığı yeni və mükəmməl bir auditoriya yaratmağa səbəb olub. Universitet rəhbərliyi jurnalistika sahəsində hər gün baş verən texnoloji yeniliklərə olan tələbatı nəzərə alaraq Tədris-teleradio studiyasının, online auditoriyanın yaradılmasına nail olub.

Eyni zamanda Avropa standartlarına uyğun təmir və təchiz edilmiş kitabxana və oxu zalları, Biologiya fakültəsində yeni kompozisiyalar və müqəvvalarla təmin edilmiş Təkamül-təlimi muzeyi istifadəyə hazır vəziyyətə gətirilib, əsas binada, bir və iki saylı tədris korpuslarında Almaniya istehsalı olan 5 ədəd liftin quraşdırılması prosesi başa çatmaq üzrədir. Bu tədris ilində Bakı Dövlət Universitetində Yüksək Texnologiyalar Mərkəzinin təməlinin qoyulması, BDU-nun Dil Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur. Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 14 xarici dil tədris edilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR