Azərbaycan arxeoloqları monqolların söndürdüyü "işığı" tapdı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan arxeoloqları monqolların söndürdüyü "işığı" tapdı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası bu ilin yay aylarında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.

Publika.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev tədqiqat işlərinə 2008-ci ildən başlanıldığını və burada orta əsrlərə aid bişmiş, çiy kərpiclərdən tikili qalıqları, təsərrüfat quyuları, təndir qurğuları açıldığını deyib.

“Əldə edilən arxeoloji materiallar sırasına şirli və şirsiz saxsı qab nümunələri, daşdan əmək alətləri, şüşə və dəmir əşyalar daxildir. Burada 1D kvadratı adlandırılan sahədə qərb divarı önündə – 1,2 metr dərinlikdə iki, bəzi hissədə üç qat suvanıb üzərinə şirə çəkilmiş döşəmə qalığına rast gəlinib. 2D kvadratında isə həmin səviyyədə bir hissəsi döşəmədə qazılmaqla qurulan, içərisində xeyli kül qalığı olan ocaq yeri diqqəti cəlb edir. Diametri 0,85 santımetr olan və formaca konsentrik dairədən ibarət bu ocaq qurğusunun yan divarlarının qalınlığı 2 santimetr, hündürlüyü isə 0,27 santimetrdir. Möhkəmləndirmə məqsədilə yan divarların ətrafı 5-7 santımetr enində hörgü ilə əhatəyə alınıb, gillə suvanıb. Ocaq qurğusunun ətrafı təmizlənərkən 1,18-1,2 metr dərinlikdən bir ədəd qara cilalı kiçik küpə və ya dolça tipli qabın ağız hissəsi, qırmızımtıl qabın gövdə hissəsi əldə edilib. Bu nümunələr inkişaf etmiş orta əsrlərə deyil, daha erkən dövrə – IV-VII əsrlərə aid edilə bilər. Göstərilən qatdan aşağıda artıq şirli keramikaya rast gəlinmir”.

Arxeoloqun sözlərinə görə, Qalatəpədə aparılan tədqiqatlar bu şəhər məskənində həyatın monqolların ilk hücumlarından sonra söndüyünü təsdiq edir. Bunu ikinci qazıntı sahəsinin 0,4-0,6 metr dərinlikdə yerləşən mədəni qatında aydın müşahidə etmək mümkündür: dəmirdən iri ox ucu, ocaq üstündə qalan bütöv qazanlar (birinin üzərində qapaq da var), çaynik tipli təkqulp qab və küpə, digər gözəl şirli qablar deyiləni təsdiq edir. Abidədə erkən orta əsr təbəqəsinə aiddir və 1,2 metr dərinlikdən başlayır. Gələcək tədqiqatlar qeyd olunan qazıntı sahəsində həm erkən orta əsr, həm də antik dövr təbəqələrinin araşdırılmasına imkan verəcək.

Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən qədim artefaktlar bilavasitə Albaniyanın Ayniana və ya Enian şəhəri haqqında məlumat vermiş Strabonun yaşadığı dövrlə üst-üstə düşür. Bu şəhər hələ e.ə. III-II əsrlərdə meydana gəlib. E.ə. I – b.e.-nın II əsrlərində şəhərdə gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni-iqtisadi, ticarət əlaqələri yüksək inkişaf edib. III əsrdən başlanan Sasani-Roma, sonrakı əsrlərdə isə Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri zamanı döyüş meydanı olan Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi pozulub.

Bu il həmçinin Ağcabədi rayonunun digər ərazilərində də kəşfiyyat-axtarış işləri aparıb. Yeni Qaradolaq kəndinin ətrafında Ellinizm dövrünə – e.ə. III-I əsrlərə aid küp qəbirlərindən ibarət nekropolun açılması da böyük maraq doğurur.

“Dağılmış küp qəbirlərdən biri təmizlənərkən formaca nadir hallarda rast gəlinən dəfn küpü ilə qarşılaşdıq. Onun ağzının kənarında qısa, lakin çıxıntı halında iri qoşa çubuqvari qulpu var, küpün gövdəsi ilə oturacağının birləşdiyi yerdə isə dəlik açılmış və kənarlarına iki saxsı parçası yapışdırılıb. Təəssüf ki, dəfn küpünün içərisi su və palçıqla dolduğundan buradakı skelet qalıqları, saxsı və metal nümunələri dağılıb. Oradan yalnız bir ədəd bardaq tipli qab və qara cilalı camın hissələrini əldə etmək mümkün olub”, – deyə Təvəkkül Əliyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm