Qırmızı.az
Lələtəpədə qurban kəsildi - FOTO
Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.
Publika.az Müdafiə Nazirliyinə istinadən
bildirir ki, respublikamızın Muğan bölgəsinin bir qrup ağsaqqalı
aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə
olub və igid Vətən oğulları ilə görüşüblər.
Əvvəlcə Lələtəpədə el qəbristanlığı ziyarət edilib, 23 ildən çox
Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna "Yasin"
oxunub.
El ağsaqqalarını müşayiət edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani iştirakçısı olduğu aprel döyüşlərini xatırlayaraq diqqətə çatdırıb ki, həmin günlər əsgərlərimiz qələbə qazanmaq əzmi ilə döyüşlərə atılır və düşmən üzərinə od ələyirdilər. Mövqelərimizə silahlı basqın etmiş ermənilər ordumuzun əks-həmlə ilə hücuma keçdiyini görüb silah-sursat və döyüş texnikalarını ataraq qaçmağa məcbur olurdular. Həmin günlər düşmən gözləmədiyi halda Azərbaycan ordusunun qətiyyətli zərbəsinə tuş gəlmişdi. Cəbhənin Goranboy, Tərtər, Ağdərə istiqamətlərindən də qələbə müjdələri eşidilirdi. Bu, Azərbaycan dövlətinin və ordusunun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha təsdiq edən müqəddəs savaş idi. Aprel döyüşlərində əsgər və zabitimiz şəhidlik zirvəsinə ucalsa da, şəhidlərimizin intiqamı birə-on qat alındı.
Döyüşdə qəhrəmanlıqla həlak olanların, eləcə də şəxsi rəşadət və şücaət nümunələri göstərən döyüşçülərimizin xidmətləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək onlara fəxri adlar verilib, döyüş orden və medalları ilə təltif olunublar. Bu gün də igid döyüşçülərimiz Vətən torpaqlarının keşiyində ayıq-sayıq durur, azad etdikləri mövqeləri möhkəmləndirir və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.
Şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, müharibə
qazilərinə daha böyük uğurlar arzulanıb.
Lələtəpə uğrunda döyüşlərdə göstərdikləri şəxsi rəşadətə görə
prezidentin sərancamına əsasən "İgidliyə görə" medalı ilə təltif
olunmuş zabit Nemət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları Teymur Əliyev və Rövşən Rəhimov aprel
döyüşlərini xatırlayaraq ordumuza başucalığı gətirən həmin şərəfli
günləri yenidən yaşayıblar.
Qeyd edilib ki, Lələtəpə zirvəsində dalğalanan bayraq vaxtilə bu bölgədə gözlərinin nurunu itirmiş, iki dəfə paralimpiya çempionu İlham Zəkiyevin şərəfinə ilk Avropa Oyunlarında ucaldılan bayraqdır. Aprel döyüşlərindən bir neçə ay öncə igid döyüşçü xidmət etdiyi hərbi hissənin şəxsi heyəti ilə görüşmüş və bu bayrağın tezliklə işğaldan azad ediləcək əzəli torpaqlarımızda dalğalanmasını arzulamışdı. Görüş iştirakçıları "Rio-2016" Yay Paralimpiya Oyunlarında İlham Zəkiyevin yenə də uğur qazanacağına əminliklərini bildiriblər.
İmişli rayonundan olan el ağsaqqalı Hacı Mail Hacıyev Lələtəpə fatehləri ilə bir səngərdə olmaqdan böyük qürur duyduğunu deyib. Onun Məhəmməd Füzulinin "Vətənimdir" qəzəlini böyük şövqlə söyləməsi əsgərlərdə xoş ovqat yaradıb.
Hacı Mail islam dinində şəhidliyə xüsusi önəm verildiyini, şəhidlərin ölməzliyini vurğulayıb. O, fəxrlə bildirib ki, İmişlidən olan kapitan Nəcməddin Savalanov və baş leytenant Cavid Dədəkişiyev də aprel döyüşlərində öz şərəfli ölümləriylə əbədiyyətə qovuşmuş və gəncliyə nümunə olmuşlar.
Sabirabad rayonundan olan Hacı Əliqardaş İbrahimov xalqımızın ali baş komandanına inandığını, Vətən əsgərinə güvəndiyini böyük inamla qeyd edərək, məhz aprel döyüşlərində bu inamın, bu güvəncin qələbə çaldığını vurğulayıb.
Hacı Əliqardaş çıxışını peyğəmbərimizin "Sərhəddə keşik çəkən gözləri cəhənnəm odu yandırmayacaqdır" kəlamları ilə bitirib.
Saatlı rayonundakı altı ahısqa türkü kəndinin ağsaqqalı Əmir
Hocanın çıxışı alqışlarla qarşılanıb. Oğlunun Silahlı Qüvvələrdə
həqiqi hərbi xidmətdə olduğunu fəxrlə deyərək tədbir
iştirakçılarının nəzərinə çatdırıb ki, o, ahısqa türküdür. 1958-ci
ildə ailələri Gürcüstandakı minillik dədə-baba yurdlarından
Azərbaycana sürgün ediliblər. Onlar burada özlərinə ikinci Vətən
tapıblar. Azərbaycanlılarla sevincləri də, kədərləri də bir olub.
Onlarla ahısqa türkü Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik
yubileyinin Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd
olunduğunu deyən Əmir Hoca Azərbaycanda ahısqa türklərinin və bütün
xalqların dostluq, qardaşlıq şəraitində yaşadıqlarını
xatırladıb.
Əmir Hocanın dediyi "Nə qədər ahısqa türküyəm, o qədər də
azərbaycanlıyam. Nə qədər azərbaycanlıyam, bir o qədər də ahısqa
türküyəm" sözləri əsgərlər tərəfindən alqışlanıb.
Lələtəpə döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik Şükür Həmidovun zirvəyə qalxması və görüş iştirakçılarına qoşulması həm qonaqlarda, həm də döyüşçülərdə böyük ruh yüksəkliyi yaradıb. Milli Qəhrəman el ağsaqqallarını salamlayıb və Qurban bayramı ərəfəsində onların bu zirvəyə qalxdıqlarını tədqirəlayiq hal kimi qiymətləndirib. Əmin olduğunu bildirib ki, el ağsaqqallarının xeyir-duası, məsləhət və tövsiyələri ilə öz xalqına, dövlətinə və ali baş komandanına sadiq olan Azərbaycan əsgəri bundan da böyük qələbələrə imza atacaqdır.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sabirabad,
İmişli, Saatlı, Beyləqan və Xocavənd rayonları üzrə şöbəsinin
müdiri Cavanşir Bəhramov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad
və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Kərbəlayi
Ağakərim, Saatlı rayon Varxan kənd məscidi dini icmasının sədri və
axundu Yadigar Aslanov, Sabirabad ağsaqqallarından Şamil Həsənov,
Qulamhüseyn Məmmədov, İmişli rayon Aranlı kənd məscidi dini
icmasının sədri Sərxan Kərimov çıxış edib və döyüşçüləri
maraqlandıran sualları ətraflı cavablandırıblar.
Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik
Elçin Kərimov bayram ərəfəsində əsgərlərə baş çəkdikləri, onlara
dəyərli ağsaqqal öyüd-nəsihətləri verdikləri üçün el ağsaqqallarına
komandanlığın təşəkkür və minnətdarlığını bildirib.
Əməkdar jurnalist Rəşid Faxralının "Lələtəpə" kitabı görüş
iştirakçılarına hədiyyə edilib.
El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı
yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi
arzulayıblar.
El ağsaqqalları tankçılarla görüşüb, hərbi hissənin qərargahı önündə toplanmış əsgər və zabitlərin qarşısında çıxış edib, aprel döyüşlərinə həsr olunmuş video-çarxları birlikdə izləyiblər.
Gəncə Qarnizonu Zabitlər Evinin səyyar laboratoriyasında təcili çap olunan fotolar qonaqlar üçün ən əziz xatirə hədiyyəsi olub.
Muğanın el ağsaqqalları gecədən xeyli keçmiş cəbhə bölgəsindən xoş təəssüratlarla geri dönüblər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...