• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

İdarə rəisi işdən qovuldu, haqqındakı materiallar prokurorluğa göndərildi

İdarə rəisi işdən qovuldu, haqqındakı materiallar prokurorluğa göndərildi

Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar Kollegiya iclası keçirilib.

Publika.az xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizdə müqəddəs Qurban bayramı münasibətilə hər il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.

Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR