Azərbaycana qənim kəsildi: "Gedin, qan tökün!"
Bizi izləyin

Qırmızı.az

Azərbaycana qənim kəsildi: "Gedin, qan tökün!"

Qocalıq marazmı və ya dimensiya şəxsiyyətin parçalanması, zaman keçdikcə ətrafdakı insanlarla normal, adekvat münasibətlər və təmasların qurulmasında problemlərin yaranması, hərəkətlərində ciddi qüsurların yaranmasıdır.

Dimensiyanın ən pis fəsadı isə bu bəlaya mübtəla olan ahıl insanın yaşamın bütün sahələrində elementar davranış təmrinlərini, qaydaları unutmasıdır.

Xəstəlik beyində psixi dəyişikliklərə səbəb olur və atrofiyanın qarşısıalınmaz prosesi olduğundan müalicəsi çox az effekt verir.
Nə yazıqlar olsun ki, deyəsən, müxalifət düşərgəsindəki bəzi siyasətçilərimizdə qəfil dimensiya müşahidə olunmağa başlayıb.
Azərbaycan parlamentinin sabiq spikeri, "Böyük Cib" ləqəbi ilə bir zamanlar tanınmış Rəsul Quliyevdə, ümumiyyətlə, ətrafındakı gerçəkliyini anlayaraq dəyərləndirmək hissi yoxa çıxmaqdadır. Hərgah büsbütün yoxa çıxmayıbsa.
"Açıq Cəmiyyət" Partiyası adlı qurumun sədri olduğunu iddia edən Rəsul Quliyev ABŞ-a sığınıb, orada yaşayır və son illərdə hakimiyyətə qayıtmaq üçün öz aləmində var qüvvəsi ilə çalışır.

Bu "çalışma"lar 2015-ci ilin iyul ayından bəri daha da aktivləşib.

Son iki həftədə isə o, ABŞ Konqesinin Nümayəndələr Palatası və Senatında, habelə Dövlət Departamentində Azərbaycanla bağlı tutduqları mövqelərindəki absurd səviyyəsinə çatmış qərəz və merkantil maraqlarını nümayiş etdirmələri ilə tanınan şəxslərlə intensiv danışıqlardadır.

Rəsul Quliyevin görüşdüyü, daha doğrusu, bütün imkanlarını səfərbər edərək qəbuluna düşdüyü amerikalı siyasətçilər arasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç, respublikaçı konqresmen Cozef Pits, habelə konqresmenlər Yan Şakouski və Ceyms MakQovern də var.

Bu şəxslər ABŞ Konqresindəki Tom Lantos adına insan haqları komissiyasının üzvləridir: Makqovern həmin komissiyanın rəhbəridir.

Eyni zamanda, R.Kozlariçlə bahəm adlarını çəkdiyimiz konqresmenlərin hamısı ABŞ-ın rəsmi olaraq qondarma "erməni soyqırımı"nı tarixi fakt qismində tanımasını, Azərbaycana qarşı isə ən geniş müstəvidə və miqyasda sanksiyalar tətbiq etməsini tələb edən siyasətçilərdir.

ABŞ Konqresində Tom Lantos adına İnsan Haqları Komissiyasına (Tom Lantos Human Rights Commission) gəldikdə isə, bu struktura adı verilmiş Tom Lantos "Mərkəzi Kəşfiyyat İdarəsinin tulası" ləqəbi ilə tanınırdı.
Eyni zamanda Tom Lantos Birləşmiş Ştatların siyasət tarixində seksual azlıqların ən qətiyyətli müdafiəçilərindən biri, "yüngül narkotik"lərin, yəni nəşə, tiryək və həşişin azad satışına icazə verilməsini tələb edən, habelə Rusiyaya düşmən kəsilmiş adam kimi qalıb.

Tom Lantos sağlığında sabiq postsovet məkanı ölkələrində "ABŞ-ın siyasi kursunu tam dəstəkləməyən ölkələr"ə qarşı "insan haqları və demokratik dəyərlərin pozulması" anlamlarından "cəza dəyənəyi" qismində istifadə etməyi nəinki məqbul sayırdı, hətta "Vaşinqtonu dəstəkləməyən və bizi siyasi kursumuz çərçivəsində olmayan ölkələrdə hakimiyyətlərin zorla da olsa, dəyişdirilməsinin gərəkli olması" prinsipinin normal siyasət olduğunu deyirdi.

"MKİ-nin tulası" ləqəbli siyasətçinin adını daşıyan komissiyada sentyabrın 15-dəki dinləmələrdə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və Leyla Yunusun qardaşı, ABŞ-da yaşayan "siyasi mühacir" Ramiz Yunusun iştirak etmələri barədə dünən məlumat vermişdik. Dinləmələrə Dağlıq Qarabağdakı separatçı rejiminin lideri Bako Saakyanın oğlu Armen Saakyan və ABŞ-dakı ermənilərin ən nüfuzlu diaspor təşkilatı sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) mənsubu Raffi Karakaşyan da qatılmışdılar.

Əldə etdiyimiz məlumatlara görə, ANCA-nın qanunvericilik məsələləri üzrə direktoru Raffi Karakaşyan dinləmələrdən iki gün əvvəl Rəsul Quliyevlə "məsləhətləşmələr" aparıb. Daha sonra isə bu müzakirələrə Riçard Kozlariç, Ramiz Yunus və Massaçusets ştatından seçilmiş konqresmen Ceyms MakQovern də qatılıblar.

Yekun "məsləhətləşmə" isə Tom Lantos adına komissiyanın həmsədri, Pensilvaniyadan seçilmiş konqresmen Co Pitsin rəhbərliyi ilə keçirilib.

Azərbaycana qarşı sanksiyaların tətbiqinin ehtiva edildiyi müzakirələrlə bağlı təkliflər "paketi" dərhal komissiya üzvlərinə, konqresmenlər Daq Kollins, Keyt Elllison, Trent Frənks, Rendi Haltqrin, Cenis Şakovski, Kristofer Smit və Xuan Varqasa göndərilib.

Görünür, həmin görüşlər əsnasında alınan təlimatlardan ruhlanan Rəsul Quliyev elə "dinləmələr" günü Facebok profilində yazıb: "Hər biriniz mitinqə özünüzlə bərabər ən azı 5 adam da gətirin. Höküməti fikirindən döndərə bilməsəniz, deyə bilmərəm nə vaxt, ancaq hökmən azadlığınız uğurunda qan tökməli olacaqsınız".

Daha sonra isə o buyurub: "Bizim xalq qəhrəman xalqdır demək olmaz".

Göründüyü kimi, reallıq hissini tam itirən Rəsul Quliyev "qəhrəman saymadığı xalq"ın övladlarını mitinqlərə çağırmaqla kifayətlənmir, eyni zamanda onları Azərbaycanda qan tökməyə, iç savaşa başlamağa səsləyir.

Ölkəsinə və millətinə qənim kəsildiyini, yalnız öz maraqlarını güddüyünü və ABŞ-dakı sahiblərinin əmrlərini yerinə yetirməkdə olduğunu əsla gizlətməyən Rəsul Quliyev simasındakı son maskasını da yırtaraq bir kənara atıb.

Normal, adekvat, qocalıq marazmına mübtəla olmamış siyasətçilər vətəndaşlarına qan tökməyi, vətəndaş müharibəsinə başlamağı, hakimiyyəti qiyamla, üsyanla, ölkəni xaosa və sonu bilinməz bəlalara sürükləməklə dəyişməyi təklif etmir.
Rəsul Quliyevin situasiyanı dəyərləndirə bilməməsini göstərən başqa məqam isə onun radikal müxalifətdəki "beyniqanlı" bir dəstə adama bel bağlayaraq zorakı hakimiyyət dəyişiklikliyinə, yəni silahlı qiyama və üsyana nail olacağını düşünməsidir.
Bu isə artıq dimensiya yox, Azərbaycan Konstitusiyasına, qanunlarına meydan oxumaq, zorakı hakimiyyət dəyişikliyi çağırışı ilə destabilizasiyaya ümid etməkdir.

Amma çifayda: Rəsul Quliyev illər əvvəl Azərbaycanda "siyasi ölü"yə çevrildiyini hələ də anlamayıb. (Milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm