• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

KFC-də uşaqların NƏDƏN ZƏHƏRLƏNDİYİ BİLİNDİ

KFC-də uşaqların NƏDƏN ZƏHƏRLƏNDİYİ BİLİNDİ

Sentyabrın 14-də KFC-də 3 uşağın zəhərlənməsi ilə bağlı müraciət araşdırılıb.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Publika.az-a bildirib ki, bu barədə uşaqların valideyni də onlara müraciət edib: “Zəhərlənən uşaqlardan birinin valideyni Zaur Mirzəzadə bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiyini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdirilib. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadır”.

İ.Abdullayev onu da vurğuladı ki, bu bakteriya qidadan keçir və onun aşkarlanması uşaqların məhz qidadan zəhərləndiyini sübut edir: “Eyni qidadan 100 nəfər yesin, ancaq onlardan bir neçəsi zəhərlənsin. Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir”.

İ.Abdullayev bundan sonra KFC-də hər hansı yoxlama aparıla biləcəyinə də aydınlıq gətirdi: “Bunun üçün vətəndaş şikayət ərizəsi ilə müraciət etməlidir. Bu məlumat Ədliyyə Nazirliyinin reysterinə daxil olmalıdır. Əgər İqtisadiyyat Nazirliyi yoxlamaya ehtiyac duyduğu halda biz bu işi həyata keçirə bilərik. Valideyn bizə bildirdi ki, artıq bu barədə müraciət ünvanlayıb. Həmin müraciətə razılıq veriləndən sonra biz KFC-də yoxlama apara bilərik. Düzdür, bu yoxlama zamanı məhz həmin qidadan zəhərlənməni təsdiq etmək mümkün olmayacaq. Çünki artıq hadisədən bir neçə gün keçib və hazırda həmin məhsullar satışda yoxdur. Bizim araşdırmamız zamanı orada çirklənməyə səbəb ola biləcək faktları müəyyən edə bilərik. Bundan başqa, gələcəkdə bu halların qarşısını almaq olar. Bu müəssisələrdə gigiyena qaydalarına riayət edilir, lakin ola bilər ki, hansısa işçinin səhlənkarlığı, diqqətsizlik nəticəsində belə hal yaşanıb”.

Qeyd edək ki, xəbər mətbuatda yayılan gün KFC şirkətindən verilən məlumatda fakt təsdiqlənmiş və araşdırılıb məlumat yayılacağı deyilmişdi. Bu gün təkrar şirkət əlaqə saxladıq. Şifahi verilən məlumatda belə bir halın mümkün olmadığını dedilər. Şirkətdən hadisə ilə bağlı apardıqları araşdırmanın nəticəsi barədə yazılı məlumat verəcəklərini bildirdilər.

Əgər belə bir məlumat yayılarsa, onu da işıqlandıracağıq.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR