“Qafqaz” Universitetinin diplomları hansı halda tanınmaya bilər?
Bizi izləyin

Qırmızı.az

“Qafqaz” Universitetinin diplomları hansı halda tanınmaya bilər?

Türkiyənin Ali Təhsil Şurası – YÖK (Yüksək Öyrətim Kurulu) qərarına əsasən, Qafqaz Universitetində təhsil alan türkiyəli tələbələrin diplomları tanınmayacaq. Eyni zamanda, adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.

Publika.az-ın xəbərinə görə, buna səbəb bu ölkənin Ali Təhsil Şurası tərəfindən dünyanın müxtəlif ölkələrində “Gülən məktəbləri” şəbəkəsinə daxil olan ali təhsil ocaqlarının diplomlarının tanınmaması haqda rəsmi qərar qəbul etməsidir.

Artıq ölkənin fövqəladə hallar zamanı qanun hökmündə 673 sayılı qərara əsasən, xaricdə təhsil alan 158 tələbənin FETÖ ilə əlaqəsinin olması müəyyən olunub. Onlar təhsil hüququndan azad edilib.

Hazırda sual doğuran məqam bu qərarın “Qafqaz” Universitetində təhsil alan tələbələrə aid edilib-edilməməsidir. Sözügedən məsələ həm türkiyəli, həm də azərbaycanlı tələbələr və onların ailələrində narahatlığa səbəb olub.

Mövzu ilə əlaqədar danışan “Qafqaz” Universitetinin rektoru Havar Məmmədov bu barədə onlarda rəsmi məlumatın olmadığını deyib.

Türkiyənin ölkəmizdəki səfirliyindən Publika.az-a bildirdilər ki, “Qafqaz” Universiteti məzunlarının diplomlarının tanınmaması, yaxud azərbaycanlı tələbələrin magistr təhsili almalarına icazə verilməməsi barədə onlara da heç bir rəsmi məlumat daxil olmayıb.

Təhsil eksperti Əjdər Ağayev Publika.az-a deyib ki, hazırda “Qafqaz” Universitetinin Türkiyəyə heç bir aidiyyəti yoxdur. Siyasi məsələlərin bura aid edilməsi doğru deyil.

“Qafqaz” Universiteti Beynəlxalq Təhsil Mərkəzinə daxildir. Universitetin rektoru Əhməd Sanıc, eləcə də 40-a yaxın türkiyəli müəllim bu təhsil ocağında fəaliyyətini başa vurub. “Qafqaz” Universitetini bitirənlərin diplomunun Türkiyədə tanınmayacağı məlumatı barədə rəsmi qərar eşitməmişəm. Lakin bu vaxta qədər Universiteti bitirənlərin diplomları həm tanınıb, həm də bu universitetdə müdafiə edənlərin dosentlik diplomu, elmi dərəcəsi təsdiq edilib. Birdən-birə nə üçün belə qərar verildiyini deyə bilmərik. Bu Türkiyənin daxili qərarıdır”.

Təhsil eksperti Etibar Əliyev diplomların hansı halda tanınmaması məsələsinə aydınlıq gətirib. O bildirib ki, diplomları tanıyan nostrifikasiya qurumları olur: “Həmin qurumlar diplomların həqiqiliyini, məzunun universitet imtahanlarında həqiqətən iştirak edib-etmədiyi araşdırılır. Bu məsələlər siyasi yolla həll edilmir. Ola bilər ki, Türkiyə tərəfi qərar qəbul edərkən siyasi məqamları əsas tutur. Lakin nostrifikasiyada siyasi məsələlər nəzərə alınmır. Azərbaycanın diplomları bir çox xarici ölkələrdə tanınmır. Buna 12 illik təhsil, qəbul prosesinin fərqli olması və ali təhsil proqramlarında fərqli məqamlar əsas səbəb kimi göstərilir. Bunlar normal yanaşmalardır. Hesab edirəm ki, istər “Qafqaz”, istərsə də digər universitetlərdə təhsil alan tələbələrin diplomları yalnız nostrifikasiya tərəfindən təsdiqlənə və ya qəbul edilməyə bilər. Nostrifikasiya qaydalarına uyğun gəlmirsə, tanınmaya bilər”.

E.Əliyev nostrifikasiya şərtlərinə də toxundu. O bildirdi ki, bu şərtlər müxtəlif ola bilər. Məsələn, ali məktəbin akkreditasiya olunub-olunmaması, imtahan prosesi, hazırlıq qruplarının keçilməsi şərtləri qoyula bilər: “Təhsil sistemlərinin özünəməxsusluğu ilə əlaqədar olaraq diplomlar tanınmaya bilir. Türkiyədə bu məsələlərə baxan qurum elə şərtlər müəyyən edə bilər ki, nəinki “Qafqaz”, digər universitetlər də onu ödəyə bilməz. Yalnız bundan sonra diplom barədə qərar verilər. Lakin mən Türkiyə tərəfinin bu şəkildə kəskin qərar qəbul edəcəyinə inanmıram. Hansı universiteti seçmək isə onların təhsil hüquqlarıdır. Tələbələr təhsil üçün xeyli vəsait xərcləyiblər. Həmçinin hər iki ölkədə əsas tezis var ki, təhsil siyasətdən kənardır. Bu universitetdə tələbə, müəllimlər siyasətlə məşğul olsaydı o bir neçə il öncə bağlana bilərdi. Çünki bu universitet nəzarətdə olub, artıq idarəçilik Azərbaycan Dövlət Neft Şirkətinin balansına verilib”.

Azərbaycan tərəfinin bu məsələdə hansı addım ata biləcəyinə gəldikdə, E.Əliyev Təhsil Nazirliyinin mövqeyi barədə əvvəldən söz demək istəmədiyini söylədi: “Lakin hesab edirəm ki, hər iki ölkə təməl hüquq prinsiplərinə uyğun addım atmalıdır”.

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Lakin sorğumuz cavablandırılmadığından bu yazıda onların mövqeyini verə bilmədik.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm