Prezident: "Açıq cəmiyyət - hər bir üzvünün rahat olduğu cəmiyyətdir" - (YENİLƏNDİ)
Bizi izləyin

Qırmızı.az

Prezident: "Açıq cəmiyyət - hər bir üzvünün rahat olduğu cəmiyyətdir" - (YENİLƏNDİ)

Prezident İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumun açılış mərasimində iştirak edib

Dövlət başçısı qonaqlara Azərbaycanda keçirdikləri günlərin uzun müddət onların yaddaşlarında qalacağına ümidvar olduğunu bildirib.


İlham Əliyev bəyan edib: "Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da var. Ümidvaram ki, bizim tariximiz, mədəniyyətimiz, ölkəmiz haqqında yaxşı təəssüratlarınız olacaq".


Azərbaycan Prezidenti forumun qonaqları sırasında çoxsaylı keçmiş dövlət və hökumət başçılarını xüsusi salamlayıb. Dövlət başçısının fikrincə, onların bu tədbirdə iştirakı Bakı forumunun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.


Prezident İlham Əliyev, həmçinin Azərbaycanla yaxşı tərəfdaşlıq etdiyinə görə Madrid Klubuna (Club de Madrid) təşəkkürünü bildirib: "Bizim əməkdaşlığımız bir neçə il əvvəl qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış qurum kimi olduqca qısa müddət ərzində artıq nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və Madrid Klubu ilə birlikdə bu cür toplantıları təşkil edir".
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dəstəkləyən hər kəsə minnətdarlığını bildirib. Dövlət başçısı deyib ki, bu qurum görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Prezident vurğulayıb ki, Nizami Gəncəvi müdrikliyin, Azərbaycan xalqının istedadının rəmzi olub.


İlham Əliyevin sözlərinə görə, forumun gündəliyi çox genişdir və həyatımızın bir çox mühüm aspektlərini, bizim gələcəyimizi əks etdirir. Dövlət başçısı qeyd edib ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı artıq görülmüş işlər haqqında danışılacaq, eləcə də hər kəsin bərabər imkanlarının təminatı və ləyaqətli həyat səviyyəsi üçün görüləsi işlər barədə mühüm bəyanatlar veriləcək.


Azərbaycan Prezidenti deyib: "Açıq cəmiyyət - hər bir üzvünün özünü rahat hiss etdiyi, layiqli yaşadığı, iş yerləri ilə təmin olunan və öz uşaqlarının gələcəyinə əmin olduğu cəmiyyətdir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün cəmi 22 yaşı olmasına baxmayaraq, bu qısa tarixi zaman kəsiyində ölkə müxtəlif dövrləri yaşayıb. Əvvəlcə çoxlu siyasi və iqtisadi problemlər oldu, indi isə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bu dəyişikliklər hamımızın gözü qarşısında baş verib: "Biz bu prosesin bir hissəsi olduğumuza və Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak etdiyimizə görə şadıq".

****

“BMT-nin qəbul etdiyi 4 qətnamədə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib".

Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində işə başlayan II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bilidirib.

Daha sonra dövlət başçısı deyib: "Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır. Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb. Hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur. Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib”. Prezident bəyan edib ki, 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb: “Biz dayanıqlı inkişafa nail olmalıyıq”.

Vasif Həsənli

****

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində bu gün Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edib.

Qeyd edək ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçılarının, o cümlədən Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin iştirakı gözlənilir.

Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib.

Forum çərçivəsində daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, habelə davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında geniş müzakirələrin aparılması planlaşdırılır.

Açıq Cəmiyyətlərin mürəkkəb situasiyalarda münaqişələrin həllinə dair müzakirələrdə isə məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə fikir mübadiləsi aparacaqlar.

Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm