Sovet əsgərləri Almaniyada 2 milyon qadını zorlayıb – SARSIDICI FAKTLAR
Bizi izləyin

Qırmızı.az

Sovet əsgərləri Almaniyada 2 milyon qadını zorlayıb – SARSIDICI FAKTLAR

Sovet əsgərləri Almaniyada 2 milyon qadını zorlayıb

Hərb tarixçisi Entoni Bivor özünün yeni kitabında iddia edir ki, nasist Almaniyasına girəndə Qızıl Ordunun yaşadığı orgiyalar əvvəl düşünüləndən qat-qat daha iri miqyaslarda olub.


«Stalinqrad» bestsellerinin müəllifi cənab Bivor deyir ki, sovet qoşunları alman düşərgələrində əsirlikdə olan xeyli rus, polyak qadınlarını, həmçinin milyonlarla alman qadınlarını zorlayıblar.

Müəllif «Vikinq» nəşriyyatının nəşr etməli olduğu «Berlin» kitabını yazmağa hazırlaşanda, sovet arxivlərində tədqiqat aparır və aşkarlayır ki, həmin ərəfədə Qızıl Ordunun sıralarında olmazın intizamsızlıq və əxlaqsızlığa yol verilib.

Böyük Britaniyanın Sandherst hərbi məktəbində təhsil alan, daha sonra şahzadə Albertin qusar alayında, elit kavaleriya bölüyündə xidmət edən Bivor bəyan edir ki, sovet əsgərlərinin davranışlarının xırdalıqlarını öyrənəndən sonra insan təbiətinə baxışlarını dəyişməli olub:

"Əvvəllər mən zarafatla düşünürdüm ki, bütün kişilər potensial olaraq qadın zorlamağa hazır varlıqlardır, amma sonra bu nəticəyə gəldim ki, müharibədə iki-üç il qəddarlaşan, əli silahlı kişilərin çoxu ordu nizamsızlığı zamanı əsl zorakılara çevrilirlər", - o, kitabının naşirinə deyib.


Cənab Bivorun dedikləri amerikalı feminst Merilin Frençin kədərli həqiqətləri ilə kəsişir, o deyirdi ki, "bütün kişilər qadınlara münasibətdə zorakıdırlar, bu, məhz belədir". Amma istənilən uyğunluq səthidir. Cənab Bivor ciddi-cəhdlə vurğulayır ki, 1944-cü ildən başlayan hadisələr dinc vaxtlarda da hardasa kişilərə xas olan şeylərdir. Amma o etiraf edir ki, nasist düşərgələrindən azad edilən əsir rus və polyak qadınlarının da sovet hərbçiləri tərəfindən zorlanmaya məruz qaldığını öyrənəndə bərk sarsılıb: "Bunu öyrənənə qədər düşünürdüm ki, sovet əsgərləri alman qadınlarını nasistlərdən qisas almaq üçün zorlayırlar, amma bu fakt fikirlərimi tamam dəyişdi».

Ruslar Berlinə çatanda, qadınlara canlı qənimət kimi baxırdılar, onlar düşünürdülər ki, Avropanı azad etdikləri üçün, burada istədiklərini edə bilərlər. Bu çox qorxuludur, çünki başa düşürsən ki, sivilizasiya dəhşətli dərəcədə səthidir və onun fasadı çox qısa müddətdə dağıla bilər».

Cənab Bivorun tarixçi kimi yüksək və ləkəsiz reputasiyası onun dedikləriinn ciddiliyinə zəmanət verir. "Stalinqrad" kitabı yüksək dəyərləndirildi və elitar mükafatlardan sayılan, tarix üzrə Samuel Conson, Vulfson mükafatlarını və Hautornden mükafatına layiq görüldü. Amma onun Berlinin ələ keçirilməsi barədə yazdıqları deyəsən, mübahisəli olacaq. O yazır: "Bir çox məsələlərdə Berlin qadın və qızlarının taleyi Stalinqradda aclıq çəkən əsgərlərin taleyindən daha acınacaqlı idi".

Almaniyadakı zorlamaların niyə bu qədər dəhşətli olmasını anlamaq üçün, kontekstə fikir vermək vacibdir. «Barbaros» əməliyyatı, 1941-ci ildə nasistlərin Rusiyaya hücumu tarixdə əsl genosidin başlanğıcı oldu. Bu günə olan hesablamalara görə Sovet İttifaqının 30 milyon vətəndaşı müharibə illərində həlak olub, onlardan 3 milyonu almanların hərbi əsirlər üçün olan düşərgələrində məqsədli şəkildə acından öldürülüb. Heç bir rəhm hissi göstərməyən almanlar qarşılığında da rəhm gözləyə bilməzdilər. Onlar da ağır itkilər verdilər. Elə təkcə Berlindəki döyüş zamanı bir milyondan artıq alman əsgəri və yüz minə yaxın mülki şəxs həlak oldu və əsir düşdü. Sovet İttifaqı 300000 insan qurban verdi.

Bu dəhşətlərin fonunda Stalin və onun komandirləri zorlamaları, özü də təkcə alman qadınlarını deyil, onların müttəfiqləri olan Macarıstan, Rumıniya və Xorvatiyadan olan qadınları da zorlamağa bəraət qazandırır və hətta təqdir edirdilər. Yuqoslav kommunisti Milovan Cilas Stalinə etiraz eləyəndə, diktator qışqırmışdı: "Necə yəni, siz minlərlə kilometr yolu qanlardan, alovlardan, ölümdən keçmiş əsgərin qadınla əylənmək istəyini başa düşmürsüz?" Alman kommunistləri ona xəbərdarlıq edəndə ki, zorlamalar yerli əhalinin onlara nifrət eləməsinə səbəb olur, Stalin etiraz etmişdi: "Mən imkan vermərəm ki, kimsə Qızıl Ordunun şərəfini ləkələsin!"

Zorlamalar 1944-cü ildə, Qızıl Ordu Şərqi Prussiyaya və Sileziyaya girən kimi başladı. Bir çox şəhər və qəsəbələrdəki 10 yaşından 80 yaşına qədər bütün qadınlar zorlanırdı. O illərdə ordunun gənc zabitlərindən olmuş Nobel mükafatı laureatı Aleksandr Soljenitsın bu dəhşəti özünün "Prussiya gecələri" poemasında təsvir edir:

Döşəyin üstündə uzanıb balaca qızım.
O ölüdür.
Onun üstündən nə qədər adam keçdi
Bir dəstə, bəlkə də lap bir alayın əsgərləri...

Amma Soljenitsın kimiləri az idi, onun silah yoldaşlarının çoxu zorlaramnı qanuni bir şey kimi qəbul edirdilər.

Hucum edən dəstələr Almaniyanın dərinliyinə girəndə, onların komandanı marşal Jukovun əmrində deyilirdi: "Qatillər torpağının qara günləri başlandı. Biz hər şeyin qisasını alacağıq və qisasımız dəhşətli olacaq".

Reputasiyası nasist propaqandası tərəfindən şişirtdilmiş Qızıl Ordu Berlinə çatanda yerli əhali qorxub qaçırdı.

1945-ci ilin mayında müqavimət sona çatsa da, alman qadınlarının məruz qaldıqları ağır işgəncələr bitmədi. Nə qədər alman qadını zorlanmışdı? Dəqiq rəqəmi öyrənmək mümkün deyil, amma ən azı 15 milyon qadın vardı ki onların arasında sovet ərazisində, ya da Almaniyanın şərqi əyalətlərində yaşayanları vardı. Zorlamaların miqyasını elə bir faktla hesablamaq olar ki, 1945-1948-ci illərdə qeyri-qanuni abortların sayı təxminən iki milyona çatmışdı. Ancaq 1946/47-ci illərdə, dəri-zöhrəvi xəstəliklərin artmasından ehtiyatlanan sovet rəhbərləri Şərqi Almaniyada belə hallara cəza tədbiq elədilər.

Sovet əsgərləri çox vaxt alman qadınlarını ərləri və ailələrinin gözləri qarşısında zorlamağa slavyanlara aşağı irq kimi baxan və onlarla cinsi əlaqəni təqdir etməyən nasistləri təhqir etmək kimi baxırdılar. Patriarxal rus cəmiyyəti və əhlikef həyat tərzinə öyrəncəklik də öz rolunu oynadı, amma zorlamalara və nifrətə əsas səbəb rus əsgərlərinin almanarın rifah içində yaşadığını görməsi idi.

Cənab Bivorun qeyd elədiyi fakt, yəni sovet qoşunlarının təkcə alman qadınlarını deyil, həm də düşərgələrdən azad edilən nasist qurbanlarını da zorlamağı bu ehtimala əsas verir ki, seksual zorakılıqda xüsusi seçim yox idi, hərçənd azad edilən rus və polyak qadınlarının zorlanması halı alman qadınlarının zorlanma hallarından qat-qat az idi. Sovet əsgərləri yəhudi qadınlarını heç də həmişə nasizm qurbanları kimi qəbul eləmirdilər. Sovet komissarları alman düşərgələrini təmizləyirdilər ki, orda öz məhbuslarını, «sinfi düşmənləri», nasist məmurlarını yerləşdirsinlər, buna görə də, o düşərgələrdəki adamlara qarşı, yumşaq desək, çox da sentimental davranmırdılar.

Alman əsirliyində olmuş, nasist rejiminə davam getirə bilmiş, sonra da Almaniyaya məcburi işlərə göndərilmiş milyonlarla rus və slavyan əsirlərinə gəlincə isə onlardan QULaq-a göndərilməyən, satqın elan olunub, güllələnməyənlər özlərini bəxti gətirmiş hesab edirdilər. Onların sıralarında olan qadınlara da, görünür, alman qadınlarından daha yaxşı münasibət bəsləmirdilər, demək olar ki, onlarla daha pis davranırdılar.
Almaniyada zorlanmalar özündən sonra acı izlər qoyub getdi. Bu izlər Şərqi Almaniyada kommunist rejiminin uğur qazanmamasına səbəb oldu və nəticədə rejim Ştazini- gizli polisi öz güc sutunlarından birinə çevirməli oldu. Qurbanlar özləri isə ömürlük zədə aldılar, hərbi nəslin alman qadınları hələ də Berlindəki Qızıl Ordu hərbi memorialını "Naməlum zorakının məzarı" adlandırırlar».

Bu məqalə "The Daily Telegraph"da dərc olunandan sonra Rusiyanın Böyük Britaniyadakı səfiri aşağıdakı məzmunda qəzəbli bir məktub göndərmişdi:
«Ser! Bir Rusiya vətəndaşı və bu ölkənin Böyük Britaniyadakı səfiri olaraq, inana bilmirəm ki, "Qızıl Ordu əsgərləri düşərgələrdən azad etdiyi rus qadınlarını belə zorlayırdı" başlıqlı məqalə İkinci Dünya Müharibəsinin tarixi barədə minimal da olsa, bilgiyə sahib imtiyazlı həmkarlarınız tərəfindən çapa imzalanıb. Bu yalan iddialar barədə sizinlə diskussiyaya girməyə zərrə qədər də olsun, həvəsim yoxdur. Dünyanı nasizmdən xilas edən bir xalq barədə bu böhtanlara hər hansı münasibət bildirməyin özü biyabırçılıqdır.
Bu məqalənin Holokost qurbanlarının xatirəsi günü ərəfəsində işıq üzü görməyi məqaləni təkcə Rusiya və mənim xalqımın əleyhinə deyil, faşizmdən əziyyət çəkmiş bütün ölkələrə və milyonlarla insana qarşı allahsızlıq hadisəsinə çevirdi. Mən hesab edirəm ki, sovet ordusunun xilas elədiyi milyonlarla insan, rus əsgərlərinin qəhrəmanlığı mənim sözlərimin ən layiqli sübutudur".

Qriqoriy Karasin, Rusiya Federaiyasının səfiri»
Elə həmin ərəfələrdə Britaniyanın "Guardian" qəzeti eyni mövzuda yazılmış məqalə çap elədi: "Qızıl Ordu əsgərləri alman qadınları ilə fərdi münasibətlərə inanmırlar - dramaturq Zaxar Aqranenko Şərqi Prussiyadakı müharibə illərində qeydlər apardığı gündəliyində yazırdı. – Doqquz, on, on iki nəfər – onları kollektiv şəkildə zorlayırlar".

1945-ci ilin yanvarında Şərqi Prussiyaya girən sovet qoşunlarının saysız dəstələri müasirliyin və orta əsrlərin qeyri-adi bir qarışığını özündə birləşdirirdi: qara, dəri papaqlı tankçılar, tərki qənimətlərlə dolu atlarla gələn kazaklar, ardınca at arabası karvanları. Elə əsgərlər də fərqlilik sarıdan onlardan geri qalmırdı. Onların arasında açıq-aşkar quldurluq edənləri, əyyaş və zorakılar, eyni zamanda öz silahdaşlarının davranışından sarsılan intelligent, idealist kommunistlər də vardı.
Baş verənlərdən Beriya da, Stalin də yaxşı xəbərdar idilər, onlara yazılan məktublarda bütün xırdalıqlar öz əksini tapırdı. Məktublardan birində deyilirdi: "Almanların çoxu düşünürlər ki, Şərqi Prussiyada qalan bütün alman qadınları Qızıl Ordu əsgərləri tərəfindən zorlanıb". Onlara yazılan məktublarda «azyaşlılar və qarıların zorlanması» halları da öz əksini tapırdı.

Marşal Rokossovski 006 nömrəli «düşmənə nifrət hissini döyüşdə ifadə etmək barədə» əmr verdi. Bunun heç bir nəticəsi olmadı. Nizamı bərpa etmək üçün bir neçə uğursuz tədbir görüldü. Söhbət çıxmışdı ki, alaylardan birinin komandiri «alman qadınını zorlamaq üçün əsgərləri sıraya düzən leytenantı öz əli ilə güllələyib". Amma əksər hallarda yüksək çinli zabitlərin çoxu ya özləri də belə əxlaqsızlıqlarda iştirak edir, ya da avtomatla silahlanmış sərxoş əsgərlərin arasında nizamı bərpa etmək mümkün olmurdu.

Vermaxtın hücumuna məruz qalmış Vətənin qisasını almaq çağırışı qəddarlıq ifadə etmək təklifi kimi qəbul olunurdu. Hətta gənc qadınlar, əsgərlər, tibb işçiləri də buna etiraz etmirdilər. Aqranenkonun kəşfiyyat qrupundan olan 21 yaşlı qız deyirdi: "Bizim əsgərlər almanlarla, xüsusilə də alman qadınları ilə düz hərəkət edir". Bəzilərinə bu, maraqlı gəlirdi. Bəzi alman qadınları danışır ki, onlar zorlananda kənardan prosesə maraqla baxan və gülən sovet qadınları da vardı. Amma Almaniyada gördüklərindən sarsılan insanlar da vardı. Andrey Saxarovun yaxın dostu, hərbi müxbir Natalya Hesse sonralar xatırlayırdı: "Rus əsgərləri 10 yaşından 80 yaşına qədər bütün alman qadınlarını zorlayırdılar. Qızıl Ordu zorakılar ordusu idi".

Labaratoriyalardan oğurlanan, kimyəvi tərkibli içki də bu zorlamalarda öz rolunu oynayırdı. Deyəsən, sovet əsgərləri alman qadınlarına yaxınlaşmazdan əvvəl cəsarətə gəlmək üçün içməli olurdular. Amma bəzən onlar o qədər içirdilər ki, cinsi əlaqəyə halları qalmır və qadınları zorlamaq üçün içki şüşələrindən istifadə edir, qadınları eybəcər hala salırdılar. Zorlama qurbanlarının bir qismi bu işgəncələrə məruz qalmışdı.

Qızıl Ordu daxilində nizamsızlıq və Almaniyadakı kütləvi əxlaqsızlıq məsələsi barədə danışmağa Rusiyada uzun müddət qadağa olub. Müharibə veteranları hələ də bu barədə danışmağa cəsarət etmirlər. Yalnız bəziləri bu barədə açıq, amma heyfsilənmədən danışırdılar. Tank bölüyünün komandiri hadisələri belə xatırlayırdı: "Onların hamısı o dəqiqə ətəklərini qaldırıb, çarpayıya uzanırdılar". O hətta qürrələnib deyirdi ki: "Almaniyada bizim iki milyon uşağımız doğulub".

Sovet zabitlərinin qurbanların çoxunun bu aktdan məmnun qalmasını düşünməsi, ya da bu zorlamaların Rusiyanın almanlardan aldığı qisas olduğunu hesab etmə bacarıqları adamı təccübləndirir. O vaxtlar bir sovet mayoru ingilis jurnalistinə demişdi: "Silahdaşlarımız qadın sarıdan o qədər aclıq çəkirdilər ki, altmış, yetmiş, hətta səksən yaşlı qarıları da zorlayırdılar ki, o qarılar da çox təəccüblənirdilər, bəlkə həm də məmnun qalırdılar".

Bu hadisələr zamanı psixoloji ziddiyyətləri də gözardı etmək olmaz. Kenisberqin zorlanmış qadınları onlara «bizi öldürün!» deyib, yalvaranda, sovet əsgərləri özlərini təhqir olunmuş sayırdılar. Cavabları belə olurdu: "Rus əsgərləri qadınlara güllə atmır. Belə şeyi ancaq almanlar edir". Qızıl Ordu özünü inandırmışdı ki, Avropanı faşizmdən xilas elədiyinə görə onun əsgərləri istədiklərini eləməkdə azad və şaqlıdırlar.

Şərqi Prussiya qadınlarına qarşı yekəxanalıq və həqarət hissi xeyli əsgərlərə xas idi. Qurbanlar təkcə Vermaxtın cinayətlərinə görə cavab vermirdilər, onlar həm də müharibəni təmsil edən və aqressiyanı öz üzərlərinə götürən obyektlər idilər. Tarixçi və feminist Süzan Braunmiller danışır ki, zorlama fateh əsgərlərin haqqı kimi qəbul olunur və qələbəni vurğulamaq üçün düşmən xalqın qadınlarına qarşı yönəlirdi. Düzdü, 1945-ci ilin yanvarındakı izahagəlməz dəhşətlər sonradan az-az təkrarlandı. Qızıl Ordu 3 aydan sonra Berlinə çatanda, alman qadınlarına «qələbə qəniməti» kimi baxırdı. Düzdü, yekəxanalıq hissi hələ qalmışdı, amma buna əsgərlərin öz komandirlərindən və sovet rəhbərlərindən gördükləri təhqirlərin şəklini dəyişmiş nəticəsi kimi də baxmaq olardı.

Bəzi başqa faktorların da rolu vardı. 20-ci illərdə Kommunist Partiyası sıralarında seksual azadlıq geniş təbliğ olunsa da, növbəti onillik ərzində Stalin sovet cəmiyyətinin aseksual olması üçün əlindən gələni eləmişdi. Bu, heç də sovet insanlarının puritan baxışları ilə izah olunmurdu, məsələ burasında idi ki, sevgi və seks şəxsiyyətin "deindividualizasiya"sı konsepsiyasına uyğun gəlmirdi. Təbii hissləri boğmaq lazım idi. Freyd qadağan olunmuşdu, boşanma və xəyanət partiya tərəfindən pis qarşılanırdı. Homoseksualizm cinayət hesab olunur və cəzalandırılırdı. Yeni doktrina cinsi tərbiyəni tamamilə qadağa eləmişdi. Təsviri incəsənətdə hətta örtülü qadın sinəsi belə, erotika hesab olunurdu, qadın sinəsini işçi kombinezonu örtməli idi. Rejim tələb edirdi ki, ehtirasın sevgi dolu ifadəsi partiya və şəxsən yoldaş Stalinə qarşı sevgi ifadəsi ilə sublimasiya olunsun.

Seks məsələsində bilgisizlik və qadınlara qarşı kobud davranış Qızıl Ordu əsgərlərinə, xüsusilə də az savadlanmış əsgərlərə tamamilə xas idi. Beləliklə, sovet hökümətinin öz vətəndaşlarının libidosunu aşağı salmaq cəhdi ona gətirib çıxarmışdı ki, rus yazıçılarından biri əslində ən sərt pornoqrafiyadan da primitiv və qəddar səhnəni «barak erotikası» adlandırmışdı. Bunların hamısı insanı öz mahiyyətindən məhrum edən müasir təbliğatın təsirii ilə qarışırdı.

Yazıçı Vasili Qrossman, Qızıl Orduda hərbi müxbir olaraq tezliklə fərqinə varmışdı ki, zorlama qurbanları təkcə alman qadınları deyil. Onların arasında polyak qadınları, həmçinin, Almaniyada işçi qüvvəsi kimi saxlanan gənc rus, ukraynalı və belorus qadınlar da vardı. O qeyd edirdi ki: "Azad edilmiş sovet qadınları öz əsgərlərimizin onları zorlamağından şikayətlənirlər. Göz yaşına boğulan bir qız mənə demişdi: "Məni zorlayan hərbçi atamla yaşıd adam idi".

Sovet qadınlarının zorlanması halları göstərir ki, Qızıl Ordu əsgərlərinin bunu güya almanların Sovet İttifaqı ərazisində elədikləri vəhşiliklərə cavab, qisas aktı olaraq elədikləri kimi izah etmək mümkün deyil. 1945-ci ilin 19 martında Komsomolun Mərkəzi Komitəsinə, Malenkova birinci Ukrayna Cəbhəsindən yazırdılar. General Tsıqankov xəbər verirdi ki: "Fevralın 24-də 35 nəfər əsgər və batalyon komandiri Qrütenberq kəndindəki qadın yataqxanasına hücum çəkərək, hamını zorlayıblar".

Gebbelsin apardığı propaqandaya baxmayaraq, Berlində alman qadınlarının çoxu rusların qisasının bu qədər dəhşətli olacağını təxmin etmridilər. Çoxları özünü inandırmağa çalışırdı ki, kəndlərdə, gözdən uzaqda gizlin zorlamalar olsa da, şəhərdə, hamının gözü qarşısında bunu edə bilməzlər.

Dahlemdə sovet zabitləri sığınacağı və doğum evi olan qadın monastırına baş çəkdilər. Zabitlər və əsgərlər özlərini ağa kimi aparırdılar. Onlar monastırdakı qadınlara xəbərdarlıq elədilər ki, arxalarınca yeniləri də gələcək. Monastırdakı bütün rahibələr, qızlar, qarılar, hətta hamilə qadınlar da zorlandı.

Bir neçə gündən sonra əsgərlərin arasında qurbanlarını üzlərinə işıq tutub, seçmək ənənəsi yarandı. Seçmə prosesi zorlama məsələsinə yanaşmadakı fərqi göstərirdi. Əsgərlər alman qadınlarına Vermaxtın elədiklərinə cavabdehlər kimi deyil, hərbi qənimət kimi baxırdılar.

Zorlamanı çox vaxt seksual istəklərlə əlaqəsi olmayan zorakılıq kimi qiymətləndirirlər. Amma bu, qurbanların qiymətləndirməsidir. Cinayəti başa düşmək üçün, o cinayətə aqressorun gözü ilə, xüsusilə də, sonrakı mərhələlərdə, «sadəcə zorlamaların» başıpozuq orgiyalara çevrilməsi mərhələsindən baxmaq lazımdır.

Bir çox qadınlar özlərini rus əsgərinə bu ümidlə təslim edirdilər ki, bu əsgərlərin onları başqalarının əlindən qurtaracağını düşünürdülər. 24 yaşlı gənc aktrisa Maqda Viland paltar dolabında gizlənməyə çalışmışdı, amma Orta Asiyalı bir əsgər onu ordan tapıb-çıxarmışdı. Əsgər gənc, sarışın aktrisa ilə cinsi əlaqəyə girməyin mümkünlüyündən o qədər həvəslənmişdi ki, vaxtından çox tez qurtarmışdı. Maqda ona demişdi ki, onun rəfiqəsi olmağa hazırdır, bir şərtlə ki, onu başqa əsgərlərdən qorusun. Amma əsgər başqa əsgərlərə xəbər vermişdi və onlardan biri Maqdanı zorlamışdı. Maqdanın yəhudi rəfiqəsi Ellen Hetsi də zorlamışdılar. Almanlar rus əsgərlərinə başa salmağa çalışmışdılar ki, bu qadın yəhudidi və təqib olunurdu, onların cavabı bu olmuşdu: "Frau ist Frau" (Qadın qadındır).

Tezliklə qadınlar axşamlar başlayan «ov saatları»ndan gizlənməyə başladılar. Gənc qızları adətən günlərlə çardaqlarda gizləyirdilər. Analar su gətirməyə ancaq səhərlər, gecə içki və əyləncədən sonra bərk yatan əsgərlər hələ oyanmamış çıxırdılar. Bəzən onlar öz qızlarını xilas etmək məqsədilə qonşu qızların harda gizləndiyini xəbər verən qonşulardan ehtiyat edirdilər. Qoca berlinlilər gecələr başlayan çığırtıları hələ də xatırlayırlır. Bütün pəncərələr sındırıldığından, bu səsləri eşitməmək mümkün deyildi.

İki şəhər xəstəxanasının verdiyi məlumatlara görə, təxminən 95000-130000 qadın zorlanmaya məruz qalmışdı. Həkimlərdən biri hesablamışdı ki, zorlanan yüz min qadından on mini sonradan dünyasını dəyişdi – onlardan çoxu intihar eləmişdi. Şərqi Prussiya, Pomeraniya və Sileziyada bir milyon dörd yüz min qadın zorlanmışdı ki, onların arasında ölüm halları daha yüksək idi. Ümumilikdə ən azı 2 milyona yaxın alman qadını zorlanmışdı və onların çoxu kütləvi zorlanmaya məruz qalmışdı.
Qadınları sovet əsgərlərinin əlindən qurtarmağa çalışan kimsə tapılırdısa, bu, ya qızını xilas etməyə çalışan ata, ya da anasını xilas etməyə çalışan oğul olurdu. Bir hadisədən sonra qonşular məktubda yazırdılar "13 yaşlı Diter Sal gözünün qarşısında anasını zorlayan rus əsgərinin üstünə cumdu. Oğlan bu hərəkətiilə ancaq ona nail ola bildi ki, yazığı güllələdilər".
«Qadınların çoxsaylı zorlanmalardan canlarını qurtarmaları üçün özlərini bir əsgərə təklif etmələri mərhələsindən sonra növbəti mərhələ gəlirdi –müharibəsonrası aclıq - Süzan Braunmiller yazırdı - "hərbi şərtlər altında zorlanmaları hərbi şərtlər altındakı fahişəlikdən ayıran xətt çox incəlmişdi".
Ursula fon Kardorf qeyd edir ki, Berlinin işğalından sonra şəhər çörək və alternativ valyuta – siqaret qarşılığında bədənlərini satan qadınlarla dolu idi. Alman kinorejissoru, bu məsələni xırdalıqlarına qədər öyrənən Helke Sander də "birbaşa zorlama, şantaj, hesablama və əsl bağlılığın qarışınğından" yazıb.

Dördüncü mərhələ Qızıl Ordu zabitlərinin alman «qənimət qadınları» ilə qəribə birgə həyat yaşamaları idi. Evə qayıtmaq vaxtı gələndə bir neçə sovet zabiti alman məşuqələri ilə qalmaq üçün ordudan qaçanda sovet məmurları hirslərindən özlərinə gələ bilmirdilər.

Zorlamanın feministlər tərəfindən sırf zorakılıq aktı kimi müəyyən edilməyi bəsit görünsə də, kişi özünəəminliyinə bəraət qazandırmaq olmaz. 1945-ci il hadisələri bizə aydın şəkildə göstərdi ki, cəzasızlıq olanda, cavabdehlik qorxusu olmayanda, sivilizasiya necə səthi anlayış ola bilər. Bu hadisələr həm də onu göstərir ki, kişi seksuallığının bizim varlığını xatırlamaq belə istəmədiyimiz qaranlıq tərəfləri var.

("Azadlıq" radiosu bu məqaləni "Guardian", "The Daily Telegraph", inosmi.ru-nun materialları əsasında hazırlayıb).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm