İsmayıllıda sürüşmə oldu, yol bağlandı
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda sürüşmə oldu, yol bağlandı

İsmayıllı rayonunda güclü sürüşmə baş verib, Zərnəva kəndinə gedən yol bağlanıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

O bildirib ki, sürüşmənin eni 350-400m, uzunluğu 500-600 metr olub. Sürüşmə nəticəsində kəndə giriş yolu 8-10 metr qırılaraq aşağı düşüb.

Onun sözlərinə görə, sürüşməyə səbəb mayın 28-də və 29-da İsmayıllı rayonuna leysan yağışlar və dolu yağmasıdır. İsmayıllı rayonunu Zərnəva kəndinə birləşdirən yeganə yol sürüşmə nəticəsində sıradan çıxıb. Yol hələ də bağlıdır, sürüşmə sahəsi aktiv olduğuna görə, prosesə müdaxilə edilmir. Çünki hər hansı texniki müdaxilə sürüşmə sahəsinin daha da aktivləşməsinə səbəb olar. Ona görə də, kənd sakinlərinə alternativ yollardan istifadə etmək məsləhət görülür.

S. Əmiraslanov qeyd edib ki, sürüşmənin kənddəki fərdi tikililərə hər hansı təsiri yoxdur.

"Çünki sürüşmə yaşayış məntəqələrindən 400-500 metr məsafədə baş verib. Amma növbəti günlərdə aktivlik artarsa, yaşayış məntəqələri üçün təhlükə ola bilər".

Nazirlik rəsmisi sürüşmənin digər kəndlərdə də müşahidə edilməsinə aydınlıq gətirib:

“Sürüşmənin baş verdiyi ən aktiv zona Zərnəva kəndidir. Bununla yanaşı, rayonda digər sürüşmə və çökmə sahələri, ekzogen proseslərin təsirinə məruz qalan ərazilər var. Amma Zərnəva kəndindəki sürüşmə daha geniş ərazini əhatə edir”.

Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ərazisi aktivdir və hər an genişlənir. Bu, İsmayıllıya yaxın digər rayonlarda da aktivləşməyə səbəb olması istisna deyil. Çünki sürüşmənin əsas səbəblərindən biri yağışlardır. Bu amillər müşahidə olunduğu halda sürüşmə qeydə alınır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm