“Sovetski”də 1500 ev söküləcək
Bizi izləyin

Qırmızı.az

“Sovetski”də 1500 ev söküləcək

“Bakının “Sovetski” məhəlləsində bu günə qədər 3200 ünvanda ölçmə və inventarlaşdırma aparılıb, 1500 sakin tərəfindən isə mülkiyyətlərinin dövlətə satılması ilə əlaqədar müraciət edilib. 1043 nəfərlə razılaşma əldə edilib”.

Bu sözləri Publika.az-a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

Onun sözlərinə görə, bu vaxta qədər 140 ev sökülüb:

“Razılaşma əldə olunan sakinlərlə müqavilələr bağlanır. Müqavilə imzalanandan iki ay sonra köçmə ilə bağlı onlara icazə verilir. Müddət başa çatanda evlər sökülür”.

Sahəsi kiçik olan evlərlə bağlı məsələ proses başlanan ilk gündən gündəmdədir. Bununla bağlı vətəndaşlar ölkə rəhbərliyinə müraciət ediblər. Məsələ ilə bağlı Komissiya yaradılıb:

“Komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov dəfələrə bəyan edib ki, məsələ gündəmdədir. İnventarlaşdırma aparılandan sonra məsələyə baxılacaq. Yekun qərar barədə fikir demək tezdir. Hazır alğı-satqı və inventarlaşdırma ilə məşğuluq. Kim mənzil şəraitini yaxşılaşdırmaq istəyir, fərdi şəkildə Mənzil İstismar Sahələrinə müraciət edir, könüllülük əsasında müqavilə bağlanır. Layihələndirmə işləri başa çatdığından müraciət edəndə evlərinin ölçüləri, onlara veriləcək məbləğ barədə məlumat alırlar”.

S.İslamov bildirib ki, müraciət edənlər arasında sahəsi kiçik olan ev sahibləri də var.

“15-20 kv.m ərazisi olan evlərin əksəriyyətinin sanitar qovşağı, kommunal şəraiti yoxdur. Onlar ümumi həyətdəki təsərrüfatdan istifadə edirlər. İmkanı olanlar, kredit götürənlər evləri üçün müəyyən edilən vəsaiti də alaraq, yaxın qəsəbələrdə, daha yaxşı şəraitli evlər alırlar”.

İcra Hakimiyyəti rəsmisi bildirib ki, ərazidəki 10 minə qədər evin hamısında inventarlaşdırma işlərinin aparılacağı, lakin köçürmənin dəqiq nə vaxt başa çatması planlaşdırılmayıb. Köçürülən evlərin yerində hansı işlərin aparılmasının gündəmdə olmadığını deyib.

“Əsas məqsədimiz əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Hər dəqiqə uçma təhülkəsi olan evlərdə yaşamaqdansa, daha yaxşı evlərdə yaşamaq imkanı yaradılıb. Bu gün onlara təklif edilən məbləğ, bazar üçün ən yaxşı qiymətdir. Çünki prosesə başlamazdan əvvəl Maliyyə Nazirliyinin köməkliyi ilə araşdırma apardıq. Araşdırma müddətində müəyyən edildi ki, son altı ayda ərazidə kvadrat metri min manatdan yüksək alğı-satqı həyata keçirilməyib. Bu baxımdan hazırda dövlət tərəfindən təklif edilən qiymət ən uyğun məbləğdir”.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır. Ötən ilin sonlarından evlərin sökülməsi məsələsi gündəmə gəlib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm