Çimərlik mövsümü açıldı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Çimərlik mövsümü açıldı – FOTOLAR

İyulun 8-dən etibarən Azərbaycanda çimərlik mövsümünə start verilib.

Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar müvafiq qurumların iştirakı ilə tədbir keçirib. Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev və nazirliyin nümayəndələri Dövlət Sularda Xilasetmə Xidmətinin yeni texnika və avadanlıqları ilə tanış olub.

DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev tədbirdə çıxış edərək bildirib ki, havaların isti olması ilə əlaqədar DSXX-nin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Mənsur Piriyevin sözlərinə görə, DSXX qış aylarında da ölkə ərazisində təbliğat, maarifçilik işləri həyata keçirib, 10 minə yaxın təbliğat və maarifçilik plakatları, lövhələri ictimaiyyətə təqdim olunub.

DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri çıxışında bildirib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

DSXX rəisi Eldar Quliyev vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları 42 struktur bölmələri vasitəsilə həyata keçirdiyini söləyib. Eldar Quliyev onu da qeyd edib ki, 8 il ərzində FHN tərəfindən insan həyatının sularda təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi üçün xidmət yeni texnika və avadanlıqlarla təchiz edilib, xilasetmənin keyfiyyətli həyata keçirilməsi üçün ixtisaslı kadrlar hazırlanıb.

2005-ci ildən 2014-cü ilə qədər çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 3349 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas edilib. Ölüm halları isə yalnız ölkənin qeyri-çimərlik sahələrində baş verib.

DSXX rəisinin sözlərinə görə, qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.

Tədbirin sonunda DSXX-nin istifadəsində olan müasir xilasetmə texnikası və avadanlıqları ilə xilasetmə əməliyyatları və təlimləri izlənilib.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm