23 yaşlı gəncin üç dayısını öldürməsinin sirri açıldı - Namus qisası
Bizi izləyin

Qırmızı.az

23 yaşlı gəncin üç dayısını öldürməsinin sirri açıldı - Namus qisası

Bakı Ağır Cinayətlər Məhkəməsində üç dayısını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, ittihama görə, bu il fevralın 17-də 23 yaşlı Əsgəralı Abbasov Corat bağlarında dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq ora od vurub.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. Əsgəralı Abbasovun dayılarını qətlə yetirməsinə onların arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub. Dayılar hadisədən əvvəl yeyib-içiblər. Bacıoğlunu içki məclisinin dəvət etsələr də, Əsgəralı məclisə qatılmaqdan imtina edib. Buna görə onların arasında mübahisə düşüb. Mübahisə zamanı Mirzəyev qardaşları bacısı oğlanlarının ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlədib. Bundan əsəbiləşən Əsgəralı dayılarının olduğu evin qapısını bağlayıb və evə od vurub.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror vəsatətlə çıxış edib. Prokuror deyib ki, Əsgəralı Abbasov həbs olunan zaman üzərindən tapılan narkotik vasitənin miqdarının az olması cinayət işinin başlanmasına əsas vermir. O, Əsgəralı Abbasovun barəsində olan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə xitam verilməsini istəyib. Hakimlər prokurorun vəsatətini müzakirə etmək üçün müşavirə otağına yollanıblar. Qısa müşavirə keçirən hakimlər zala qayıdaraq prokurorun vəsatətini təmin ediblər. Qərara görə, Əsgəralı Abbasovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ittihamdan xaric edilib.

Prokuror: “Dayıları Əsgəralıya müqavimət göstərə bilməyib”

Daha sonra prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bildirib ki, Əsgəralı Abbasov üç dayısını xüsusi amansızlıqla öldürüb. Onun sözlərinə görə, cinayəti törədən Əsgəralı Abbasov gənc, ağıllı, sakit insan təsiri bağışlayır: “Amma cinayəti təhlil edəndə, görürsən ki, üç dayısını xüsusi amansızlıqla öldürüb. Bu da ailədə böyük faciədir. Əsgəralı Abbasov bu addımı bir anda atmayıb. Onun cinayəti törədib-törətməməsi üçün fikirləşməyə kifayət qədər vaxtı olub. Cinayəti soyuqqanlılıqla törədib və daha sonra kafedə dostları ilə pivə içib. O, pivə içəndən sonra polisə gedib. Əsgəralı Abbasov bu cinayəti öz yaxın adamlarına qarşı törədib. Onlardan biri Dünyamalı Mirzəyev Qarabağ döyüşlərində iştirak edib və xəstə olub. Dünyamalı zəif olub. O, Əsgəralı Abbasova pis dayı olmayıb. Dünyamalı ona evini açıb, evində yaşamağa şərait yaradıb. Digər dayıları isə hadisə vaxtı sərxoş olublar. Dayıları Əsgəralıya müqavimət göstərə bilməyiblər. Əsgəralı bir dayısının zəif, digər iki dayısının isə sərxoş olmasından istifadə edərək, cinayəti törədib. Burada Əsgəralı insanlığa sığmayan hərəkət edib. O, qəddarlığını ortaya qoyub”.

Prokuror daha sonra qeyd edib ki, Əsgəralı Abbasov ifadəsində cinayəti törətməsindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, Əsgəralının səmimi peşman olduğunu hiss etməyib: “Onun məhkəmədəki davranışı səmimi olmamasından xəbər verir. Əsgəralının mərhum dayısının həyat yoldaşına qarşı etdiyi kobudluq bir daha peşman olmamasını hiss etdirib”.

Prokuror çıxışının sonunda Əsgəralı Abbasovun ən ağır cəzanın verilməsini vacib olduğunu deyib. O, Əsgəralı Abbasovun cəzasını həbsxanada cəkməklə ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Daha sonra zərərçəkmiş Dünyamalı Mirzəyevin hüquqi varisi qismində məhkəmədə çıxış edən bacısı Firəngiz Mirzəyeva prokurorun çıxışı ilə razı olmadığını deyib. O, prokurorun çıxışının həddindən artıq ağır olduğunu bildirib.

Vəkil: “Əsgəralının dayıları şərəfsiz hərəkətlər edib”

Əsgəralı Abbasovun vəkili Elman Ağayev bildirib ki, Əsgəralı Abbasovun cinayəti törətməsində ciddi səbəbləri olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs bəzi məsələləri açıq danışa bilməyib: “Belə şəxsləri dayı adlandırmaq düzgün deyil. Dayı ilə bacıoğlu araqsında pərdə olmalıdır. Onlar Əsgəralıdan görüşmək üçün qız gətirməsini istəyiblər. Əsgəralı onlar üçün qız təşkil etməkdəm imtina edəndə isə təhqir etməyə başlayıblar. Dayısı Əsgəralıya deyib ki, intim münasibətdə olmağa qız yoxdur, onda bacını görüşmək üçün gətir. Ancaq qeyrəti, şərəfi olmayan dayılar bacısı qızı haqqında belə danışar. Əsgəralı həmin vaxt bu hissləri keçirib. Hər bir şəxsə belə söz deyiləndə pis vəziyyətə düşür. Əsgəralının dayıları qeyrətsiz, şərəfsiz hərəkətlər ediblər. Dayılarının belə hərəkətləri nəticəsində Əsgəralı əsəblərini cilovlaya bilməyib. Bu, ona üç nəfəri həyatdan məhrum etməyə əsas vermirdi. Amma cinayətin hansı təsir altında törədilməsinə diqqət yetirmək lazımdır. Əsgəralı cavan oğlandır, ona ciddi cəza təyin etmək düzgün deyil. Ömürlük cəza həddindən artıq ağırdır. Əsgəralıya müddətli cəzanın verilməsini xahiş edirəm”.

Vəkili dinləyən hakim deyib ki, Əsgəralı Abbasova son söz deməyə hazırlaşması üçün vaxt verib. Buna görə də məhkəmə iclası iyulun 7-nə qədər təxirə salınıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm