Üç min manat hazırlayıb, sonra ölün - FOTO - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Üç min manat hazırlayıb, sonra ölün - FOTO - REPORTAJ

Üç min manat hazırlayıb, sonra ölün


Ötən gün evdən işə gələndə təsadüfən iki ortayaşlı adamınn söhbətinin qulaq şahidi oldum. Məlum oldu ki, onlardan birinin yaxını dünyasını dəyişib və dəfn, məclis, yemək-içmək xərcləri bu adamı xeyli borca salıb. İndi əlacsız qalan kişi borcu qaytarmaq üçün bankdan kredit götürmək məcburiyyətində qalıb. Açığı, bu söhbəti eşidənədək bir insanın ölümünün neçəyə başa gəldiyini düşünməmişdim. Elə araşdırma ideyası da buradan başladı.

Qəbiristanlıq mollaları…

Araşdırma üçün şəhərin mərkəzində yerləşən Yasamal qəbiristanlığından başladıq. Bizi ilk qarşılayan mollalar oldu.

Otuz ildən artıqdır mollalıqla məşğul olan Sidqiəli dayı Bədən Tərbiyəsi İnstitutunu bitirsə də, sonradan Quran oxumağı öyrənib.

Dediyinə görə, Yasin surəsini oxutdurana qiymət “oxumur”. Kimisi 2 manat verir, kimisi 3 manat. Quran tapşırmaq üçün isə 50 manat alır. Amma imkansızlar üçün 30-40 manata da Quran oxuyur.
Sidqəli dayı deyir ki, ölü üçün bir neçə şeyə pul verilmir, verilsə, Qiyamət günü sorğu-sual olunacaq.

Yasamal qəbiristanlığında isə Kərbəlayi İlqar adlı ağsaqqalla söhbətləşdik. Kərbəlayi deyir ki, dəfn məclislərini öz üzərinə götürmür, yalnız Yasin oxuyur, ona da qiymət demir. Özü demişkən, “kim nə verir-versin, min bərəkət”.

Qəbiristanlığı dolaşarkən bir ağsaqqal kişi ilə də qarşılaşdın. Əlində Quran kitabını görəndə ona yaxınlaşdıq və gördüyü işin müqabilində nə qədər qazandığımı soruşduq. Adını söyləməyən molla əmi də özünəməxsus cavab verdi: “ Müğənni gedib 1 saat şadlıq evində oxuyur, neçə min pul qazanır. Biz nə qazanırıq, 2 - 3 manat. Elə gün olur ki, onu qazana bilmirik”.

Qəbiristanda işləyən bir fəhlə isə bizimlə mehriban danışsa da, xahiş etdi ki, ona sual verməyək. Bir az söhbətləşdikdən sonra söylədi ki, bir neçə manat müqabilində ot basmış qəbirləri təmizləyir və uçmuş məzarları təmir edir. Ayrılanda bildirdi ki, orta təhsillidir və rus dilini bilir. Xahiş etdi ki, onu bir işə düzəldək. Biz də yarıciddi-yarızarafat: “ingilis dilini də öyrən, bəlkə, bir iş taparıq” deyib ondan ayrıldıq.

Xarici mərmərlərdən hazırlanan qəbir daşları

Yasamal qəbiristanlığının yuxarı girişində qəbir daşlarını hazırlayan sexlərə yaxınlaşdıq. Hava isti olsa da, fəhlələr toz-torpaq içində qəbir daşları hazırlayırdılar.

Sexin sahibi ilə görüşdük. O bildirdi ki, mərmərlər xaricdən gətirilir: “Mərmərlərin bir kvadratının qiyməti 40 manatdan 300 manata qədərdir. Mərmər Azərbaycanda, demək olar ki, yoxdur, əsasən Ukraynadan, Hindistandan, Çindən gətirilir. Qazaxda, Daşkəsəndəki mərmərlər keyfiyyətsiz olur”.

Qəbirqazma xərci…

Qəbiristanlıqdakı torpaqların qiymətini soruşduqda sex müdiri bildirdi ki, bu qəbiristanlıqda artıq neçə ildir ki, yer qalmayıb. Buna görə də torpaq satılmır: “Qəbirin qazılması 136 manatdır. Bura təkcə qazılma deyil, qəbrin içinin kərpiclə tikilməsi, ölünün basdırılması da daxildir. Dövlət bu qiyməti bir neçə ildir ki, qoyub. Onda sement, qum tutaq ki, 5 manat idisə, indi 10 manatdır. Qohumları qəbir qazmaq istəyəndə də özləri ərizə yazırlar”.

Son mənzilin şok qiymətləri

“Yasamal qəbiristanlığında, bir neçə ildir ki, torpaq satılmır. Çünki qəbiristanlıqda yer yoxdur” – mərmər sexinin müdiri bildirdi. Qəbiristanlıqdakı mollalardan Bakıdakı məzar qiymətini soruşduq. Mollaların sözlərinə görə, torpaqların qiyməti 200 manatdan 4000 manata qədərdir. Məzar üçün götürülən torpaq sahəsi isə kvadratmetrlə satılır: “Ən bahalı torpaq Qurd qapısı qəbiristanlığında satılır, qiymət 1000 manatdan 3000 manata qədərdir. Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 300-1000 manata, Qaraçuxur qəbiristanlığında 200-1000 manata, Xırdalan qəbiristanlığında 800-2000 manata, Günəşli qəbiristanlığında 200-1500 manatadır”.

Qəbiristanlığın girişində satılan qərənfilin qiymətləri ilə də maraqlandıq. Qərənfilin biri 50 qəpiyə satılır. Satıcının dediyinə görə, 30-40 qəpiyə satılan qərənfillər də var.

Ölünün yuyulması

Əjdərbəy məscidində ölünün yuyulması, kəfənin istifadəsi, sidr, kafur, pambıq, kommunal xərclər 50 manata başa gəlir. Bunu məsciddə işləyən insanlardan öyrənməyə ehtiyac qalmadı, yuyucuxanada divarda vurulan qiymət cədvəlində hər şey qeyd olunmuşdu.

“Əjdərbəy məscidində ölüsünü özü yumaq istəyən şəxslər mürdəşir pulunu verməyəcək”, – bunu isə məscidin icma nümayəndəsi bildirdi.

Mərhumun qəbiristanlığa aparılması üçün maşın xərclərini də soruşduq. Əjdərbəy məscidinin çıxışında dayanan sürücülər bildirdilər ki, qiymət məsafədən asılı olaraq dəyişir.
Sürücülərin sözlərinə görə, yaxın əraziyə minimum 30-50 manata gedirlər. Maşının markası da qiymətə təsir edir. “İmkanı olmayan vətəndaşların ölüsünü pulsuz da aparırıq”, – deyən sürücülər də oldu.

VİP mərasim çadırları

Çadırların qiymətini öyrənmək üçün məscidin yanında dayanan yük maşınlarına yaxınlaşdıq. Çadır sahibləri dedi ki, artıq biz heç yana gedə bilmirik, isti olduğundan hamı mərasim zallarına, xeyir-şər evinə gedir: “Bizi daha küçədə çadır qurmağa qoymurlar. Təzə Pir məscidindən tapşırıq gəlib”.

Biz də əliboş qayıtmamaq üçün maşınların üzərindəki telefon nömrələri götürdük. Həmin nömrələrə zəng edəndə isə “kasıb malından” tutmuş VİP çadırlaradək bütün qiymətləri bizə dedilər. 100 nəfərlik çadır 350 manatdan başlayır. Bu şərtlə ki, şəhərdə olsun. Çadıra kondisioner qoyulacaqsa, bir kondisionerin qiyməti 70 manatdır. 350 manatın içində çayçı, ofisiant xidmətləri daxildir. 100 nəfərlik yemək bişirən insana əlavə 30 manat verilməlidir. Tualetin qiyməti nə az, nə çox 200 manatdır. VİP çadırların qapıları lazerlə açılıb bağlanır və içində 3 kondisioner işləyir. VİP çadır tualetlə birlikdə 1500 manatadır. Çadır sahibi onu deyir ki, bazarlıqları da özümüz edirik. VİP menyu bir nəfər üçün 10 manat, adi menyu 8 manatdır.

Nəticə: Çalışın ölməyin…

Bütün bu qiymətləri öyrənib bir kasıbın ölüsünə xərclədiyi pulu hesabladıq. Məbləğ orta hesabla 2500-3000 manat təşkil etdi. İmkani olan insan üçün hesablamağa gərək qalmadı. Onsuz da, imkanı olan pulun qədərinə baxmır.

Pərvin Zeynal

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm