Rusiyanı qorxuda saxlayan azərbaycanlı
Bizi izləyin

Qırmızı.az

Rusiyanı qorxuda saxlayan azərbaycanlı

1990-1994-cü illər aralığında Rusiyada kriminal durum pik həddinə çatmışdı və bunların arasında xüsusi amansızlıqları ilə ad çıxardan bir azərbaycanlı qruplaşması da vardı – İlqar Allahverdiyevin qruplaşması.

Bakı sakini İlqar Allahverdiyev 1985-ci ildə Qorkiyə (indiki Nijni Novqorod) gəldi. Karyerasına bu şəhərdə yerləşən məşhur avtomobil zavodunda fəhlə kimi başladı. 1988-ci ildə ilk cinayətini törətdi. Taksidə gedərkən gediş haqqını verməkdən imtina etdi və sürücünü öldürüb yolun kənarına atdı. Lakin bu cinayətin üstü sonradan açılacaqdı. Hələlik isə o, azadlıqda idi.

90-cı illərin əvvəllərində İlqar, Petr Başuyevin bandasına daxil oldu. Banda üzvlərindən biri Marina Çeresova adlı fahişə idi. Marina varlı müştərilərin evini quldurlara göstərir, qarətdə onlara yardım edirdi. Zamanla Marina İlqarın sevgilisinə çevrildi. Hətta İlqar onun müştərilərindən birini də qısqanclıq zəminində öldürdü.

Dəstə həmçinin varlı qaraçıların evini qarət edirdi. Narkotik alveri edən qaraçıların evində daim böyük məbləğdə pul və zinət əşyaları olurdu.

92-ci ilin əvvəllərində polis bu qruplaşmanın izinə düşdü. Dəstənin 9 üzvü, o cümlədən Başuyev həbs edildi. Məhkəmə Başuyevu 9 il müddətinə ciddi rejimli islah-əmək düşərgəsinə göndərdi. Bundan sonra qruplaşmanın lideri Allahverdiyev oldu.



Yeni lider



Başuyevin məhkəməsi gedən müddətdə İlqar Bakıda gizləndi və burada Rafael Əliyev adlı şəxslə tanış oldu. Tezliklə onlar dostlaşdılar. İlqar Marina Çeresovanı və quplaşmanın daha bir üzvünü də Bakıya çağırdı.

Bir müddət banda Azərbaycanda qarətlə məşğul olurdu. Polis axtarışları gücləndirdikdə qruplaşma yenidən Rusiyaya qayıtmağa qərar verdi. Onlar Rusiya sərhədinə getmək üçün taksi tutdular. Yolda Rafael Əliyev sürücünü güllələdi. Qarmaqarışıq vaxt olduğundan Dağıstan sərhədini rahat keçdilər. Amma Çeçenistanda milis patrulu onları saxladı. Çeresovanın üstündən tapança da tapıldı. Ancaq çeçen milisi cinayətkarlardan rüşvət aldıqdan sonra onları buraxırdı. Sadəcə, tapançanı geri qaytarmırlar. Silah milisdə qalır.



Rus avoritetləri qəddarlıqla öldürülür

Nijni Novqoroda qayıtdıqdan sonra Əliyev, İlqar Allahverdiyevdən sonra qruplaşmanın ikinci liderinə çevrilir. Onlar qruplaşmaya yeni üzvlər qəbul edirlər. Əsasən də azərbaycanlıları. Silah bazaları da genişlənir: müxtəlif tipli soyuq silahlar, revolver, beşbarmaq və sairə.

İlqar bandanı iki qruplaşmaya bölür. Dəstələrdən biri Nijni Novqorodda, digəri isə Azərbaycana gələrək burada qarətlə məşğul olur. Əldə edilən qənimət bərabər sürətdə bölünür.

Allahverdiyevin dəstəsi yeni biznes sferalarını da ələ keçirir. Onlar vilayətdəki həbsxanaları narkotiklə təhciz etməyə başlayırlar. Bu isə şəhərdə olan digər qruplaşmaların xoşuna gəlmir. Əsasən də Nijni Novqorodun əsas qruplaşması olan “Avtozavodski” bandası onlara maneçilik törətməyə başlayır. Qruplaşmalanın liderləri Vladimir Pikin və Yevgeni Krivoşeyev azərbaycanlılara müharibə elan edirlər.

Amma slavyan oğrular İlqar Allahverdiyevin necə qəddar olduqlarını bilsəydilər ki, bunu etməzdilər. Azərbaycanlılar rusları qabaqlayır. Əvvəlcə Krivoşeev başından güllə ilə vurulur. Bir həftə sonra Rafael Allahverdiyev və daha 3 azərbaycanlı Vladimir Pikinin evinə daxil olurlar. Pikinin atası, xalası, hamilə arvadı, arvadının rəfiqəsi vəhşicəsinə öldürülür. Özü də rus avtoritetin gözü qarşısında. Lap axırda növbə ona çatır. Pikini işgəncə verərək öldürür, sonra da evə od vurub çıxırlar. Xəbərləri olmur ki, evin ikinci mərtəbəsində Pikinin 10 yaşlı oğlu və 3 yaşlı qızı qalıb. Yaxşı ki, qonşular uşaqları xilas edir.



Bandanın sonu

Pikinin öldürülməsindən sonra hay-küy yatanadək Allahverdiyev və Əliyev Nijni Novqorodu bir müddətlik tərk edərək Tomska gedirlər. Qruplaşmaya kənardan rəhbərlik edirlər. Lakin Tomskda Allahverdiyev bir azərbaycanlı biznesmeni qətlə yetirir. Milis izə düşdükdə onlar Tatarıstan paytaxtı Kazana köçürlər.

1994-cü ildə Allahverdiyev sifarişlə Kazanı qorxuda saxlayan kriminal avtoritet, “Qora” ləqəbli Mixail Axmetovu güllələyir.

Bundan sonra o, tatar avtoriteti Zakir Rzaxanovla dostlaşır. Yeni dostlar Tatarıstandakı Azərbaycan diasporunu nüfuz altına almağı planlaşdırırlar. Diasporanın başçısı, biznesmen Məmmədovu möhkəm döyürlər. Bundan sonra Məmmədov haqq verməyə razılaşır.

Amma son yetişirdi. Allahverdiyev olduğu bütün şəhərlərdə arxasınca qanlı iz buraxırdı. Öldürdüyü adamların siyahısı çox uzun idi. Milis əməliyyatçıları 1994-cü bir günün içində Allahverdiyevin qruplaşmasının 29 üzvünü həbs etdi. Allahverdiyevin evinə gəlib axtarış etdilər. Amma onu tapa bilmədilər. İlqar döşəmənin taxtasını qaldırıb orda gizləndi. Üç gün ac-susuz qaldı və milislər getdikdən sonra evi tərk etdi.

Lakin az keçmiş onu Kazanda həbs etdilər. Məhkəməyədək iki dəfə intihara cəhd etsə də, xilas olundu.

1998-ci ildə məhkəmə qruplaşma üzvlərinə hökm çıxardı. Allahverdiyev və Əliyev ölüm cəzası aldı. Digər 27 qruplaşma üzvləri isə uzunmüddətli həbs cəzasına məhkum edildilər.

Azadlıqda yalnız İlqarın sevgilisi Marina Çeresova qalmışdı ki, az sonra milis onun meyitini sahibsiz evlərdən birində tapdı. Onu kimin öldürdüyü sonadək məlum olmadı.



İlqar Atabəyli










Oxumağa davam et
Reklam
Reklam

Gündəm