Abid Şərifovdan qanunsuz tikililərlə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Abid Şərifovdan qanunsuz tikililərlə bağlı açıqlama

"Azərbaycanda qanunsuz tikililərlə bağlı hökumət tərəfindən müvafiq tədbirlər görüləcək". Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. A.Şərifov deyib: "Bir neçə ay ərzində istər Bakıda, istərsə də respublikanın ayrı-ayrı bölgələrində evlərin və digər qanunsuz obyektlərin tikintisinə qarşı daha ciddi tədbirlər görməyi düşünürük. Elə yerlər var ki, vətəndaş oranın sürüşmə zonası olub-olmadığını bilmir. Lakin ona orada torpaq verilir. O adam da başlayır həmin yerdə nəsə tikməyə. Bir müddət sonra isə orada hansısa səbəbdən sürüşmə baş verir və nəticədə həmin adamın xərci də batır. Bununla da biz vətəndaşlarımıza bilərəkdən və yaxud bilməyərəkdən problemlər yaradırıq. Kürün və digər çayların hövzəsində, selə qarşı tədbirlər görülən yerlərdə, kommunukasiyaların üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz borularının üzərində evlərin tikilməsi üçün rəsmi və qeyri-rəsmi icazələrin verilməsi hallarına rast gəlmək olar. Yəqin ki, yaxın aylarda bu insanların təhlükəsizliyinin qorunması məqsədilə tədbirlərin görülməsi məsələsinə baxılacaq".

A.Şərifov bildirib ki, ayrı-ayrı dövlət qurumlarında bəzi şəxslər qanunları lazımi səviyyədə bilmir və ya öyrənmir: "Elə götürək bələdiyyələri. Bələdiyyələrdə torpağı necə paylamaq və tikintiyə necə icazə verməklə bağlı çoxlu səhvlər var. Lakin biz bunun qarşısını almalıyıq. Çünki bu qanunsuzluqların sonu görünmür. Bunun qarşısını almaq üçün isə ilk növbədə istər vətəndaşları, istərsə də məmurları maarifləndirməliyik. Təəssüflər olsun ki, biz maarifləndirmə işləri ilə kifayət qədər məşğul olmamışıq. İstər Bakıda olsun, istərsə də başqa bölgələrdə evlər hansısa yol çəkilməsi və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar söküntü zonasına düşürsə, onlara mütləq kompensasiya verilir. Əgər bu insanlar burada uzun müddət yaşayırlarsa, onların sənədi varsa da, yoxsa da heç bir sənəd istənilmədən onlara kompensasiya ödənilir. Metro tikintisi ilə bağlı Dərnəgüldən yüzlərlə ailəni, Hərbi Hospitaldan 200-dən çox ailəni, yaxud da "Sovetski" deyilən məhəllədən və digər onlarla misal çəkə biləcəyim yerlərdən insanları köçürdük. Bu, dövlət başçısının göstərişidir. İnsanlar burada yaşayıbsa və hansısa səbəblərdən sənədləşmə yoxdursa, onları incitmək olmaz".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm