Xəstəxanalar niyə axşam xəstə qəbul etmir?
Bizi izləyin

Qırmızı.az

Xəstəxanalar niyə axşam xəstə qəbul etmir?

Bir müddət əvvəl axşam 22 radələrində Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun (lazer) plastik və rekonstruktiv Cərrahiyyə Klinikasına apendisit (kor bağırsaq) ağrısı ilə müraciət etmişdim. Lakin qapıda duran qadın xəstə qəbul etmədiklərini dedi. Dəfələrlə ağrının kəskin olduğunu və bəlkə də, təcili əməliyyata ehtiyac olduğunu desəm də, 15:00-dan sonra xəstə qəbul etmədiklərində israr etdi.

Növbətçi həkimi çağırmasını tələb etdik, əvvəl buna etiraz etsə də, sonra qəbul etdi. Özü həkimin yanına getdi və belə xəbər gətirdi ki, növbətçi həkim xəstələrlə məşğuldur və xəstə qəbul edə bilməz. Çox təcilidirsə, başqa xəstəxanaya getsinlər.

Ağrıdan normal gəzə bilməsəm də, soruşaraq yaxınlıqdakı xəstəxananı tapdıq. 3 saylı Sabunçu rayon Klinik Xəstəxanasında növbətçi həkimin müayinəsindən sonra ağrının apendisitlə bağlı olmadığını öyrəndik və orada lazımı yardım göstərdilər.

Amma əksi də ola bilərdi. Biz digər xəstəxananı tapana qədər kor bağırsaq daxilə dağılıb, ölümlə nəticələnə bilərdi. Amma həm qapıda oturan xanım, həm də Hippokrat andı içmiş həkim bunu ağlına belə gətirmədən, xəstəxananın qapılarını üzümüzə bağladılar, xəstə qəbulundan və sadə bir müayinədən imtina etdilər.

Bu barədə Publika.az-a Kifayət Allahverdiyeva məlumat verib. O, xəstəxanalarda günortadan sonra xəstə qəbulu məsələsi ilə təkcə özünün yox, yaxınlarının da rastlaşdığını bildirib.

Qapıçı bunu düşünməsə də, insan həyatı qurtarmağa and içmiş həkimin bu davranışı qəbul edilməzdir. 3 saylı Sabunçu rayon klinik xəstəxanasında qəbul edildiyi halda, digərində nə üçün bu məhdudiyyətin qoyulması şübhəlidir.

Qeyd edək ki, oxşar hal digər rayon xəstəxanalarında da müşahidə edilir. Məsələn, Qaradağ rayonu 19 saylı birləşmiş şəhər xəstəxanasında da günortadan sonra xəstə qəbul edilmir. Təcili müraciət edənlərə, hətta cərrahi müdaxilə tələb olunsa da, digər xəstəxana və ya özəl klinikalara müraciət edilməsi məsləhət görülür.

Bəs dövlət xəstəxanalarında günortadan sonra xəstə qəbul edilməməsi doğrudurmu?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, həkimlər 6 gün işlədiklərinə görə, iş saatları səhər saat 8:00-dan 15:00-a kimidir. Lakin xəstəxanalar 24 saat əhaliyə xidmət göstərir:

“Həkimlərin yarım gün işləməsinin xəstə qəbuluna aidiyyatı yoxdur. Xəstələr 24 saat qəbul edilir, heç bir xəstəxana bundan imtina edə bilməz. Təcili yardım tərəfindən gətirilən və bəzi təcili əməliyyatlarla bağlı müraciət edən bütün xəstələrə yardım göstərilməlidir. Çünki bütün xəstəxanalarda növbətçi həkimlər olur və onlar qəbul edə bilər. Kim bunun əksini deyirsə, bu barədə məlumatsız ola bilər, amma həm də qanunu pozur. Səhiyyə ilə bağlı heç bir qanunvericilikdə saat 15:00-dan sonra xəstə qəbul edilməməsi ilə bağlı məsələ qeyd edilməyib. Həkim qəbul etməsə və xəstənin vəziyyətində problem yaransa, buna görə cinayət məsuliyyəti belə nəzərdə tutulub. Həkim mütləq qəbul edib, baxmalıdır. Çünki bütün xəstəxanalarda xəstəni qəbul etmək, əməliyyat etmək və reanimasiya tədbirləri görmək üçün yetərincə həkim var”.

A.Qədirlinin sözlərinə görə, ambulator xəstələr, göndərişlə gələnlər həkim olmadığına görə qəbul edə bilməz.

“Bundan başqa, xəstəxanaların konstruksiyası var və rekonstruktiv cərrahiyə xəstəxanasında planlı xəstələr olur, ola bilər, bunu nəzərdə tutublar. Lakin istənilən halda təcili müraciət etmiş xəstə qəbul edilməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm