Sərxoş sürücüləri müəyyən etmək üçün yeni qaydalar
Bizi izləyin

Qırmızı.az

Sərxoş sürücüləri müəyyən etmək üçün yeni qaydalar

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. Publika.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, Qaydalara əsasən, sürücülərin nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, onlar ayaq üstə sərbəst dayana və yaxud özlərini idarə edə bilmədikdə onun sərxoş olub-olmadığı yoxlanılmalıdır. Bu məqsədlə alkotester və narkotester kimi texniki alətlərdən istifadə oluna bilər.

Əgər yoxlanılan şəxsin qanında alkoqolun konsentrasiyası 0,3 promilli və daha artıq olsa, və yaxud narkotik vasitələr, psixotrop və digər güclü təsir edən maddələrin qəbul etdiyi üzə çıxsa, həmin adam sərxoş hesab ediləcək və İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə əsasən onunla bağlı protokol tərtib olunacaq. Protokol iki nüsxədə tərtib olunur, biri polisdə, digəri sürücüdə qalır.

Bununla belə, sürücünün sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etməyə imkan verməzsə və yaxud xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı qalaqsa, amma onun sərxoş olduğu hiss edilərsə, həmin şəxs tibbi müayinəyə göndəriləcək. Qaydalara əsasən, tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir.

Həkim-narkoloq 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir.

Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmasa, o təkrar tibbi müayinənin keçirilməsi barədə müraciət edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılmasına qərar verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm