Cindar Həsən: “Cinlərimi küçədə gəzdirməyi sevmirəm”
Bizi izləyin

Qırmızı.az

Cindar Həsən: “Cinlərimi küçədə gəzdirməyi sevmirəm”

Publika.az-ın müsahibi məşhur cindar Həsən Həsrətidir

Cinlərlə və gözə görünməyən qüvvələrlə ünsiyyətiniz nə zamandan yaranıb?

– Uşaqlıqdan təkliyi çox sevirdim. Elə bilirdilər ki, psixoloji problemlərim var. Gecədən səhərədək ulayır, ağlayırdım. Məni binamızda yaşayan rus baxıcı qadının yanına apardılar. Qadın baxıb dedi ki, bu uşaq qeyri-adi insan olacaq. Onda mənim 5-6 yaşım olardı. Mən məktəbə getməmişdən, hərf bilməmişdən əvvəl əlimə kart almışam, insanlara onların gələcəyi ilə bağlı xəbər vermişəm. Bunu mənə dayəm danışırdı. Ailəmiz o zaman imkanlı idi, atam yüksək vəzifədə çalışırdı. Buna görə valideynlərim mənim qeyri-adi qüvvələrlə işləməyimin əleyhinə idilər. Qeyri-adi bir uşaq olduğumdan məktəbə də gec getmişəm. Ən çox da adamlara qara xəbərləri öncədən deyirdim.

Siz bunu sözgəlişi deyirdiz, doğru çıxırdı, ya sizə kimsə diktə edirdi?

– Bəzi qüvvələr mənimlə danışırdı. Anam da özü psixoloqdur, bu hisslər ona tanış idi deyə məni başa düşürdü. Çünki nənəmin də qeyri-adi bacarıqları olub. Dünyaya gəlişimin özü də qeyri-adi olub. Mən doğulmazdan əvvəl ailəmizin maddi durumu ağır olub. Məndən əvvəl 3 uşaq sahibi olan valideynlərim mənim dünyaya gəlməyimi istəməyiblər. Amma mən doğulandan sonra ailəmin vəziyyəti çox yaxşılaşıb. Anam da, atam da eyni yuxunu görüb. Yuxuda onlara deyiblər ki, bu uşaq dünyaya gəlməlidir, adı Həsən olmalıdır, onun başında xal olacaq. Doğrudan da, başımda xəritə kimi böyük bir xal var. Dünya ekstrasensləri ilə söhbətləşən zaman deyirlər ki, kosmosdan enerji və informasiya bu xal vasitəsilə gəlir. Onların fikrinə görə, bu xal mənə verilmədir. Təbii ki, mən her şeyi Allaha bağlayıram... Məktəb vaxtı sinif yoldaşlarımın hər hansı bir problemi olanda mənim yanıma gəlirdilər. Müəllimlərim də artıq bundan xəbərdar idi. Bacardığım qədər onlara yardım edirdim. Amma ən pisi o idi ki, mənə “bədağız” deyirdilər. Qara şeyləri, ölümləri tez görürdüm axı. Məni qara qüvvələr izləyirdi...

Bu qara qüvvələr nə istəyirdi ki?

– Onlardan danışmaq istəmirəm. Əsgərliyə gedib-gələnə qədər bu qüvvələr mənimlə idi. Onlar adama elə enerji verir ki, sən özünü hamıdan güclü hesab edirsən. Şeytani bir enerji... Məni şahlığa qaldırırdılar. Əslində, çox pis, neqativ bir hal idi. Bir müddət buna görə ailəmdən də ayrı yaşamışam. Qara qüvvələrlə işləyən vaxtı insanlar məni əlinin içində saxlayırdı. Ən gözəl maşını sürürdüm, ən gözəl evdə qalırdım. İndi mənim qara qüvvəm yoxdur, demək olar ki, heç nəyim də yoxdur. Anamın göstərişi ilə Həcc ziyarətinə getdim və tövbə etdim. Əlimi qara daşa qoyub tövbə etdim ki, bir də qara qüvvələri yanıma buraxmayacam. Pislik etmək, cadu etmək çox asandır. Amma onu təmizləmək olduqca çətindir. Təsəvvür edin ki, qıfılı bağlayıb dənizə atırlar və sən də həmin qıfılı dənizdən tapıb açmalısan. Cadu elmi də belə bir şeydir.

Qara qüvvələrdən imtina etdikdən sonra cin çıxardırsınız?

– Heç bir din cinli xəstələrə yardım etməyi haram buyurmur. Bu, əslində xeyirli işdir. Mən tövbə etdikdən sonra Türkiyədə dini təhsil aldım, universiteti qırmızı diplomla bitirdim. Sonra Afrikada vudilərdən öyrəndim. Hamı Həsəndən qorxur ki, Afrikada dərs alıb. Və heç kəs də deyə bilməz ki, Həsən Həsrətinin qapısına gəlib pislik etmək üçün əməl istəyib, Həsən də bunun müqabilində pul alıb. Tövbə eləyəndən, Həccdən gələndən sonra kiməsə qarşı pis bir əməl etməmişəm və etmərəm də. Bir insan ki, Şeytana lənət oxuyur, o, necə pis iş görə bilər? Demək olar ki, indi Azərbaycanda fəaliyyət göstərmirəm. Ukrayna, Rusiya, Türkiyə və başqa ölkələrdə müraciətlərə baxıram.

Niyə Azərbaycanda işləmirsiniz?

– Bizdə elə bilirlər ki, mən borcluyam, kiməsə yardım edim. Xəstəni sağaldanadək qardaş olursan, amma sonra daşlayırlar adamı. Minnət də qoyurlar. Açıq deyirəm, gedib bir türkü sağaldıram, maddi cəhətdən mənə iki-üç ay bəs edir. Artıq Vatikanda lisenziya şəklində icazə verildi ki, cinli xəstələrə yardım edilsin. Azərbaycanda üç gün reanimasiyada yatan xəstəni iyirmi dəqiqəyə sağaltdım. Bunu xəstənin yaxınları da, həkimlər də təsdiqləyə bilər. Niyə bunun haqqında heç nə yazmırlar? Niyə bunu araşdırmırlar ki, xəstəni həkim sağalda bilmədi, Həsən 20 dəqiqəyə sağaltdı. On iki yaşlı xəstə uşaq durub üzümdən öpdü. Niyə onu araşdırmırlar ki, Həsən gəldi, onun qulağına nəsə oxudu, xəstə də qışqırdı və qalxdı ayağa. Səhəri gün də evə buraxıldı.

Bəs cin adamın içinə niyə daxil olur, necə daxil olur? Cinlər insanlardan nə istəyir? Görünüşləri necədir?

– Hədislərdə də var, cinlər duman kimi bir şeydir. Cinlərin bizdən bir şey istədiyi yoxdur. İnsanlar kimi mömin və kafir cinlər var.

Məsələn, indi deyə bilərsinizmi, məndə cin var, ya yox?

– Mən ancaq evimdə baxıram. Çünki cinlərimi küçələrdə gəzdirməyi sevmirəm. Mənim cinlərim evimdə “karnizin” üstündə oturur. Cinlərin qaldığı ev tam ayrıdır.

Siz cinləri görürsüz?

– Görmək olur. Ancaq kamera vasitəsilə onları lentə almaq qeyri-mümkündür. Ancaq səslərini eşitmək olur. Bizim müsəlmanlar necə olur ki, Qurana inanmırlar? Quranda Cin surəsi var, ancaq insanlar yenə inanmırlar. Bəzi elm sahibi olan insanlar da özlərinə müsəlman deyib cinləri inkar edəndə, elə bil, məni söyürlər. Deyirlər ki, “Space” kanalında “Günaydın” verilişində Həsən fırıldaqlar, hoqqabazlıqlar elədi. Həsən oturub insanların arasında, mətbəx də məndən nə qədər məsafədədir. Qabın içindəki düşür, amma yenə Həsənin hoqqabazlıq etdiyini deyirlər. Həmin verilişdə bir eynəkli psixoloq xanım var idi. Efirdə az qaldı ətimi yesin. Verilişdən çıxandan sonra utanmaz-utanmaz oturdu maşınıma və bizimlə çay içməyə getdi. Mənə dedi, səninlə dost olmaq istəyirəm. Buna müğənni pişik Günel şahiddir. Günel qayıtdı ki, siz necə ikiüzlü insansız...

Bəs hoqqabazlıq edən kimlərdir?

– Bakının yarısı falçıdır. Yerindən durana, guya, vergi verilir. Vergi verilmir, sadəcə, insanı seçirlər. Bir balaca, fərqli hissiyyat verilir. Vergi peyğəmbərlərə və daxili təmiz olan, günah etməyən insana verilir. İslamda buna bəsirət deyilir. Bu dəqiqə Azərbaycanda hamı gedir bir-birinin evini yıxmağa. Bacı bacı üçün, qardaş qardaşı üçün. Yanıma gələnlər də ev yıxmaq üçün gəlir. Ona görə Azərbaycanda fəaliyyətimi dayandırdım. Buna görə fırıldaq falçılar məni sevmir. Falçılar olub ki, onların özlərini mən sağaltmışam. Bəzi falçılar isə yanıma məsləhətə də gəlib.

Gələcəkdə də bu cinli xəstələri müalicə etmək fikrin varmı?

– Getdikcə bu sahədən artıq tam uzaqlaşmaq istəyirəm. İndi idmanla məşğulam və enerjimi idmana yönəldirəm. Hazırda “bodybuilding” idman növü ilə məşğulam. İlk dəfə yarışa çıxmaqla üçüncü oldum. Amma xaricdə də fəaliyyətim davam edəcək. Çünki ruzimi ordan qazanıram. Əslində, Quran oxuyan, Allaha bağlı olan hər bir insan bu işi görə bilər.

Pərvin Zeynal

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm