1 milyonluq aparatı olan pulsuz xəstəxana - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

1 milyonluq aparatı olan pulsuz xəstəxana - FOTOLAR

10 saniyəyə diaqnoz qoya bilən aparatları, pulsuz xidməti, bəzi qadağaları, 1 milyon dollarlıq aparatı, xaricdə təhsil almış və təcrübəli həkimləri ilə xəstələrə xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində jurnalistlər üçün media-tur keçirilib.

Azərbaycanın ən böyük sağlamlıq mərkəzi hesab olunan BSM-in təməli 2011-ci ilin iyulunda qoyulub, 2014-cü ilin yanvar ayında açılışı olan mərkəz mart ayının 17-dən xəstələrin xidmətindədir.

50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Jurnalistlərlə görüşdə xəstəxananın imkanları, göstərilən xidmət barədə məlumat verildi.

5, 6, 12 mərtəbəli binalardan ibarət olan xəstəxanada bütün tibbi xidmətlər göstərilir. 12 mərtəbəli korpus yanlız doğuş üçün nəzərdə tutulub.

Qadağalar

Xəstələrə pulsuz xidmət göstərən mərkəz, gündə üç dəfə də yeməklə təmin edir. Xəstələr üçün bəzi qadağalar da qoyulub. Belə ki, kənardan yemək, hətta su belə xəstəxanaya daxil ola bilməz. Xəstəxana daxilində siqaret çəkilməsi və pəncərələrin açılması qadağandır. Siqaret qadağası bəllidir, pəncərələrə gəldikdə isə buna səbəb suisidlər və digər xoşagəlməz halların yaşanması ehtimallarını aradan qaldırmaqdır. Xəstəxanada bu qadağanı həm də hər palatada 2 xəstənin qalması və pəncərə açılmasının tərəflər arasında narazılıq yaratmaması üçün edildiyini bildirdilər. Bunları nəzərə alaraq klinika rəhbərliyi mərkəzləşmiş isitmə və sərinlik xidməti təşkil edib.

Kimlər müraciət edə bilər?

BSM-nə paytaxtın bütün rayonlarından müraciət daxil ola bilər. Lakin bunun üçün ilk növbədə rayon xəstəxanalarından göndəriş olmalıdır.

Nərimanov rayonu sakinləri xəstəxanaya birbaşa müraciət edə bilərlər. Lor və şəkərli diabet xəstələri üçün isə heç bir məhdudiyyət yoxdur, yaşadığı rayondan asılı olmayaraq hər kəs müraciət edə bilər. Xəstəxanadan bildirdilər ki, fəaliyyət göstərdikləri dövrdə ən çox müraciət endokrinologiya və nevroloji şöbələrə olub.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bəbirov bildirib ki, endokrinologiyaya müraciətlər əsasən şəkərli diabet xəstələrinin sayının artması ilə əlaqədardır. Hazırda Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var.

42 əməliyyatdan 7-si qeysəriyyə

Laboratoriya, reanimasiya və əməliyyatxanalara daxil olmaq qadağan edilsə də, digər şöbələrə baxış keçirmək imkanı yaradıldı. Qruplar şəklində əvvəlcə doğum şöbəsində olduq. Qrupa rəhbərlik edən Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Cəmilə Ağazadə dedi ki, xəstələrin rahatlığı üçün bütün imkan yaradılıb. Doğuş şöbəsi 220 çarpayılıqdır, 12 mərtəbə də xəstələrin xidmətindədir. Doğum korpusunda 137 həkim çalışır və onların 66-sı həkim, 71-i orta və kiçik tibb işçiləridir. Doğum korpusuna qəbul edilən hamilə qadınlardan bütün növ xəstəliklərə qarşı analiz götürülür, lazımi müayinələr keçirilir. Əgər hamilə qadında hansısa patologiya qeydə alınarsa, onlar nəzarətə alınır və patologiya şöbəsində lazımi köməkliklər göstərilir.

Bakı Sağlamlıq Mərkəzində bu günə kimi 15-20% qeysəriyyə əməliyyatı ilə doğuş edilib.

Mərkəzin doğum bölməsinin müdiri Rəşad Sultan isə fəaliyyət göstərdikləri 3 həftə ərzində 42 doğuş həyata keçirildiyini bildirib. Onların 7-si qeysəriyyə əməliyyatı olub.

“Bu o deməkdir ki, ümumi xəstələrin 1/6-də qeysəriyyə üsulunu seçilib. Bu üsul tibbi göstəriş əsasında olur. Əlbəttə, “doğa bilmərəm”, “qorxuram” deyən xəstələr olur. Lakin biz onlara psixoloji yardım göstəririk. Düzdür, ananın çox qorxması da tibbi göstəriş hesab edilir. Lakin bu problemin aradan qalxması üçün anaya psixoloji dəstək göstərilməlidir. Xəstələr arasında təbii yolla doğuşa üstünlük verənlərin sayı daha çoxdur. Bir-iki il əvvəl qeysəriyyə yolu ilə doğuşa maraq daha çox idi. Amma indi bunun azaldığını müşahidə edirik. Qeysəriyyə əməliyyatının azalmasına səbəb praflaktiki maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin rolu böyükdür”.

Fizoloji doğuş 12-16 saat, təkrar doğuş isə 6-7 saat çəkir. Hazırda göndəriş əsasında xəstəxanada qalan və bir neçə günə əkiz uşaq dünyaya gətirəcək 22 yaşı Gülnar Bəkirova da təbii doğuş istədiyini deyir:

“Binəqədi rayonunda qadın məsləhətxanasında qeydiyyatda olmuşam. İki oğlum olacaq. Artıq bir neçə gün sonra olacaq. Təbii doğuş olacaq”.

Daha sonra şüa diaqnostika şöbəsində olduq. Şöbə müdiri Ramin İbrahimov ən müasir avadanlıqlarla xəstələrə xidmət etdiklərini dedi:

“Xəstəxana yeni olduğu üçün tam fəaliyyətə başlamayıb. Son model kompyuter tomoqrafiyası, nüvə maqnit rezonans tomoqrafiyası, digital rentgenoqrafiya cihazları var. Kompüter tomoqrafiyası 128 kəsitlidir və 10 saniyə ərzində tam müayinə aparmağa imkan verir. Zaman qısa olduğuna görə, bunun şüaları insanların sağlamlığı üçün zərərli deyil. Bu şöbədə 10 həkim çalışır. Paytaxtın müxtəlif rayonlarından müraciətlər olur. Bizim şöbəyə adətən poliklinikalardan göndərişlə gəlirlər, ya da digər şöbələrimizdən göndərilirlər. Şəkər xəstəliyi üzrə mərkəz olduğuna görə, bizim şöbəyə müraciətlər çox olur”.

R.İbrahimov qarın boşluğu, ağciyər üçün kompyuter tomoqrafiyası, əzələ, toxumalar, vətər və oynaqların müayinəsi üçün maqnit rezonans tomoqrafiyası aparatından istifadə etdiklərini bildirdi:

“Birinci aparatla 10 saniyəyə diaqnoz qoymaq mümkündürsə, ikincidə orqanlardan asılı olaraq 20 dəqiqədən 1 saata qədər müayinə tələb edilə bilər. Klinikanın kompyuter tomoqrafiya aparatının qiyməti 1 milyon dollardır. Ən müasir aparatlar hesab edilir. Əlbəttə, tibbdə hər gün yenilik və gələcəkdə daha müasirlərindən istifadə edilməsi arzuolunandır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm