Azərbaycanı cənginə alan xəstəlik - DİABET
Bizi izləyin

Qırmızı.az

Azərbaycanı cənginə alan xəstəlik - DİABET

Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir. Azərbaycanda 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, 2012-ci ildə bu rəqəm 163280, 2014-cü ilin ilk rübünün sonunda isə 200 minə yaxındır.

Bəs bu xəstəlik nədən yaranır?

Bu barədə həkim-endokrinoloq Səbinə Cəfərova Publika.az-a danışdı:

“Diabet, xroniki insulin çatışmazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Bu xəstəlik düzgün qidalanmadıqda və daha çox karbohidrat qidalarına üstünlük verməklə də yaranır.

• Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.

Piylənmə. Bədən çəkisinin artıqlığı və piy toxumasi miqdarının, xüsusi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssasliğını azaldır ki, bu da şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.

• Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.

• Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həssaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşı dərman maddələri aiddir.

• Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatışmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlükozanın miqdarının acqarına 110 mq%-dən yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı və lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır.”

İnsulin nə üçün lazımdır?

“İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir və yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir.

İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı ilə və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmazlığını əmələ gətirir və insulin çatışmazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.

2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir.


Çəkinizə diqqət edin…

“Müəyyən yaşdan sonra çəkiyə diqqət edilməlidir. Bel ölçüsü qadınlarda 88 sm, kişilərdə isə 95 sm-dən çox olmamalıdır. Əgər bu ölçüləri keçirsə, bu artıq diabetə meylliliyi göstərir.”

Diabetli xəstələr necə qidalanmalı?

“Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu ümumi qaydalara riayət etməlidir:

- Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulların arasında tərkibində fruktoza olan mallar da var. Hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.

Konfetlər, peçenye, mürəbbə, cem, şokolad, dondurma qidalanmadan çıxarılır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.

- Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.

- Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada "şəkərsiz" yazısı olan şirələri də qəbul etmək olmaz.

- Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır.

- Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir.

- Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Toyuğun dərisini yemək olmaz.

- 1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar.

- Kolbasa, sosiska və s. bu kimi məhsullar (hətta ən az yağlı növləri) qidalanmadan tam çıxarılır.

- Süd məhsulları (süd, kəsmik, kefir, qatıq, pendir) arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.

- Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.

- Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz.

- Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.

- Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir.

- Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir.

- Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.

Yuxarıdakı qızıl qaydalara riayət olunmazsa, orqan zədələnmələri, böyrək çatışmamazlığı, gözlərin zədələnməsi və digər fəsadlara səbəb ola bilər. Xəstə deyilənləri etməməklə yaşatma qabiliyyətini aldatmış olur.”

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm