Millət vəkili:“İşləmək istəyən hər kəs üçün imkan yaradılıb”
Bizi izləyin

Qırmızı.az

Millət vəkili:“İşləmək istəyən hər kəs üçün imkan yaradılıb”

“Ölkəmizdə kənd təsərrüfatı və sənayenin inkişafı paralel həyata keçirilir. Çünki kənd təsərrüfatının inkişafı birbaşa sənayenin inkişafından, yeni texnologiyaların əldə edilməsindən asılıdır. Ona görə də, prezident tərəfindən son illər aqrar sahənin inkişafına xüsusi diqqət ayrılır. Fermerlərə güzəştli kreditlər verilməsi, taxılın əkilməsi, becərilməsi üçün fermerlərə əlavə ödənişlər edilməsi və vergilərdən azad edilmələri bu sahəyə olan diqqətin göstəricisidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə ölkədə kənd təsərrüfatı ilə yanaşı sənaye texnologiyası da inkişaf edir. Gəncə, Sumqayıt, Balaxanıda sənaye və texnoparklar yaradılması planlaşdırılır.

“Yalnız paytaxt deyil, regionlarda da sənaye və kənd təsərrüfatının inkişafına diqqət yetirilir. Millət vəkili seçildiyim Ağcabədi rayonunda həyata keçirilən dövlət siyasətinin nəticələrinin birbaşa şahidi oluram. Rayonda 5 böyük “Atena” süd kombinatı yaradılıb, gündə müxtəlif adda 40-45 ton süd məhsulu istehsal edilir. Sənayenin xammalla təmin edilməsi üçün ferma yaradılıb. Bundan başqa, rayonda pilot taxılçılıq təsərrüfatı yaradılıb, ötən il 54.7 sentner taxıl verib, bu il məhsuldarlıq 55 sentnerdən daha çoxdur. Bu həm də yüzlərlə insanın işlə təminatı deməkdir. Bu, yalnız bir rayonda olan göstəricilərdir. Eləcə də, digər rayonlarda da kənd təsərrüfatı sahəsində nailiyyətlər əldə edilir. Kənd təsərrüfatı sahələrinin inkişafı sənaye obyektlərinin yaradılmasına da təkan verir. Taxılçılığın inkişafı gələcəkdə çörək zavodları, makaron sexləri, günəbaxan yağı istehsal edən müəssisələrin yaradılması deməkdir. Ölkədə aqrar və sənaye sahələri birlikdə inkişaf edir. Sovet dövründə 25 kolxozundan 20-22 ton südü ən böyük qələbə hesab edirdik. İndi adi fermadan 40-45 ton süd götürülür. Yalnız bu rəqəmlə inkişafı müəyyən etmək olur. Bu ölkəyə yeni texnologiyaların, damazlıq heyvanların gətirilməsinin nəticəsidir”.

Millət vəkilinin sözlərinə görə, sahibkara verilən güzəştli kreditlər onları kənd təsərrüfatı sahəsində yeniliklər tətbiq etməyə həvəsləndirir.

T.Rzayev bildirib ki, dövlət proqramları əsasında bank sektorunun inkişafı üçün də müəyyən addımlar atılıb. Bölgələrdə bank sektorunun inkişaf etməsi qarşıya qoyulan əsas məqsədlərdəndir:

“Əvvəl rayonlarda 1-2 bank fəaliyyət göstərirdisə, indi bunların sayı 10-a yaxınlaşıb. Onlar həm fermerlərə, həm də az təminatlı ailələrə güzəştli kreditlər verirlər. Təqaüdçülərə kiçik təsərrüfatın inkişafı üçün kreditlər ayrılır. Bir sözlə, dövlətin həyata keçirdiyi siyasət nəticəsində işləmək istəyən hər kəsin dolanması üçün imkan yaradılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm