Polis Qusar meşəsində əməliyyat keçirdi: 2 nəfər saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Polis Qusar meşəsində əməliyyat keçirdi: 2 nəfər saxlanıldı

Ötən gün Qusar rayonunda ağacları məhv edən iki nəfər iş başında yaxalanıb. Qusar rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, dünən polisə məlumat daxil olub ki, iki nəfər meşəliyi məhv edir. Daxil olan məlumata əsasən polislər Qusar Meşə Mühafizə və Bərpası müəssisəsinin 24 saylı Meşə Dolayında əməliyyat keçiriblər. Əməliyyat zamanı Quba rayonunun Kürkün kənd sakinləri Alim Adigözəl oğlu Abdullayev və 1992-ci il təvəllüdlü Səfa Vəliyulla oğlu Alışov ağacları kəsərkən yaxalanıblar.


Polis onlara məxsus 2 ədəd “Tayqa” markalı elektrik mişarı və 2 ədəd “UAZ” markalı avtomobili tapıb. Avtomobillər kəsilmiş ağaclarla dolu olub.


Araşdırmalar zamanı məlum olub ki, onlar həmin gün 2 ədəd 35 diametrli vələs, 3 ədəd 50-60 diametrli fıstıq ağaclarını kökündən kəsilərək, xüsusi formalarda doğrayıblar. Ehtimal olunur ki, onlar ağacları Bakıdakı taxta sexlərinə aparırmışlar.


Müəssisənin gözətçisi Qədim Qədimovun ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, ağaclar qeyri-qanuni kəsilib. Kəsilən ağacların hamısı yaşıl və sağlam olub.


Rayon polis şöbəsinn rəisi Arif Əsədovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, fakt ciddi şəkildə araşdırılır. Həmin şəxslərin izahatları alınıb və hələlik onlar sərbəst buraxılıblar. Rəisin sözlərinə görə, onlara heç bir güzəşt olunmayacaq. Hazırda mütəxəssislər onların meşəyə vurduqları ziyanı hesablayırlar. Onlar müəyyən olunan məbləğ müqabilində cərimələnəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm