Erməni ekspertlər: «Kəşfiyyata gedən özü ilə bayraq aparmaz» - VİDEO
Bizi izləyin

Qırmızı.az

Erməni ekspertlər: «Kəşfiyyata gedən özü ilə bayraq aparmaz» - VİDEO

Erməni kəşfiyyatçıları mülki şəxsləri diversant kimi təqdim edən Ermənistanı ələ saldı

Bir neçə gündür ki, Ermənistan mətbuatı, guya, Ermənistan xüsusi təyinatlılarının Azərbaycan diversiya qrupunu ələ keçirdiyi barədə məlumatlar dərc edir. Kəlbəcər rayonu ərazisində Ermənistan xüsusi təyinatlıları tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin diversant kimi təqdim olunması, Ermənistan hökumətinin hadisəni diversiya fəaliyyəti kimi adlandırması, ehtiyatda olan sabiq erməni kəşfiyyatçılarının da ciddi narazılığına səbəb olub. Hadisəni diversiya fəaliyyəti kimi adlandıran erməni hökumətini lağa qoyan Ermənistanın «Veteran kəşfiyyatçılar» Birliyinin rəhbəri Suren Karapetyan, birliyin üzvü Artur Binyatyan, Qornidzor dəstəsinin komandiri olmuş Ara Xudaverdiyan və erməni jurnalisti vəziyyəti birgə dəyərləndirərkən, Ermənistan hökumətinin bu hadisəyə diversiya fəaliyyəti donu geyindirməsini gülməli adlandırıblar. Hadisələri şərh edən kəşfiyyatçılar bildiriblər ki, hökumətin diversant kimi təqdim etdiyi qoca kişini yaşlı bir qadın aşkar edib və onun azərbaycanlı olduğundan şübhələndiyini bildirib.

Amma Ermənistan Müdafiə Nazirliyi özünü reklam edir ki, guya işləyir, əks-kəşfiyyat işi ilə məşğuldur, və guya onlar diversiya qrupunu aşkar ediblər. Erməni kəşfiyyatçılar bildiriblər ki, hökumət bununla öz avtoritetini artırıb, xalqa guya işlədiyini və onların təhlükəsizliyini təmin etdiyini göstərməyə c\əhd edir. Özü də bunu əhalini Azərbaycan kəşfiyyatı, diversiyası ilə qorxudub təşvişə salmaqla həyata keçirir.

Həbs olunmuş şəxslərdən birinin üzərində Azərbaycan bayrağının olmasını xüsusilə vurğulayan erməni kəşfiyyatçıları bildiriblər ki, təkcə bu amil onu deməyə əsas verir ki, həmin şəxslər nə kəşfiyyatçı, nə də diversant deyil. Çünki heç bir ölkənin diversantı və ya kəşfiyyatçısı üzərində aid olduğu dövlətin bayrağını gəzdirmir.

Erməni kəşfiyyatçıları həmçinin, hadisələrə diversiya donu geyindirən, başı Ermənistan dövlətini talamağa, məşuqələrinə qarışan hökuməti tənqid edərək ələ salıblar. Erməni kəşfiyyatçılarının dialoqunun tərcüməsini olduğu kimi oxuculara təqdim edirik:

«Diversantdır yoxsa futbol fanatı?»

«Veteran kəşfiyyatçılar» Birliyinin rəhbəri Suren Karapetyan – Sonuncu kəşfiyyat diversiya fəaliyyətlərinin dəyərləndiridikdə gülməlü nəticə ortaya çıxır.

«Qornidzor» dəstəsinin komandiri Ara Xudaverdiyan – Ermənistan dövlətinin simaları, ali baş komandan hara baxırlar, nə fikirləşirlər?

«Veteran kəşfiyyatçılar» birliyinin üzvü Artur Binyatyan – Bu cür fəaliyyətlər əgər bir başqa dövlətdə baş versəydi, ölkənin ali baş komandanı əmr verib bütün cavabdeh şəxsləri öz vəzifələrindən uzaqlaşdırardı.

Ara Xudaverdiyan- Rusiya ordusunun Ermənistan sərhəddini qorumalı olduğu barədə xəbərlər yayırlar, lakin 15 saylı maddəni unudublar deyəsən.

Suren Karapetyan – Dünən axşam sakinlərdən bizə məlum oldu ki, qaçmış adamlardan biri diversantdır. Onun diversant olub-olmamasını diyə bilmərəm, lakin Müdafiə Nazirliyi onu diversant adlandırır. Bizim fikrimizcə Müdafiə Nazirliyi etibarlı mənbə deyil. Müdafiə Nazirliyi qrup olduğunu bildirib bir adamın fotoşəklini göstərir. Daha sonra isə kəşfiyyat qrupu olduğunu bildirib nəyə görəsə yerli camaat təşvişə salırlar.

Jurnalist- Camaat bilmir ki, sakit otursun, yoxsa özlərini müdafiə etmək üçün silaha əl atsın. Müdafiə Nazirliyi özünü reklam edir ki, guya işləyir, əks-kəşfiyyat işi ilə məşğuldur. Lakin ilkin məlumatları «diversantları» birinci görən qadından alıblar. Qadın yaşlı adam gördüyünü və onların azərbaycanlı olduqlarından şübhələndiyini bildirib. Digər şübhəli bir məqam da var ki, yayılmış şəkli Müdafiə Ordusu yayıb, şəkildəki adam kəşfiyyatçıya oxşamır, aldadıcı ola bilər. Şəkillərdə avtomat, potron, silah və Azərbaycan bayrağı göstərilir. Bu nə deməkdir? Əgər siz düşmən arxasına kəşfiyyat fəaliyyəti üçün keçmisinizsə özünüzlə bayraq apararsınız? Bu necə kəşfiyyatçıdır? Diversantdır yoxsa futbol fanatı?

Ara Xudaverdiyan – Mən başa düşmürəm, bayrağı gətiriblər ki, Kəlbəcərin, Qavartın icra binasına, ya da Bağramyan 26-ya sancsınlar? Ümumi fakt budur ki, insanlar vahimə içindədirlər. Vətənpərvərlik hisləri çoxdur, yoxsa müharibə var ya yoxdur bilmirəm, bu vəziyyətdə belə qənaətə gəlirsən ki, çox gözəl yazılmış bir senaridir. Bu hadisə özlüyündə heç nə demir, bir-birinə zidd məlumatlar yayırlar. Məlumat verirlər ki, biz diversantları əsir götürən zaman ölü və yaralı vermişik. Azərbaycan tərəfindən soxulmuş diversiya qrupu Ermənistan Respublikasında diversiya aktı keçirməlidir. Halbu ki, onlardan birinin bədənindəki mənasız döymələr onun hərbi xidmətdə olmasını göstərmir. Belə diversiya olmaz, onda onlar üç rəngli aypara bayrağı, Azərbaycanın Konstitusiyasını və Quranı götürsünlər, konstitusiyanı milli məclisə versinlər, Quranı Eçmiədzinə qoysunlar, bayrağı da Bağramyan 26-ya sancsınlar. Bu da olsun diversiya. Belə fikir formalaşdırırlar ki, gərək Ermənistan sərhədlərini rus ordusu qorusun. Bəs onda biz nəyə görə vaxtında bu qədər qurban vermişik, pul xərcləmişik? Biz ola-ola sərhədlərimizə rus ordusu nəzarət etsin? Belə bir hadisə bir dəfə də baş verdi. Vayots Hovhatisyanın 2000 dollar rüşvət götürməsi hadisəsinə ictimaiyyət reaksiya verən kimi dərhal meydanda diversiya qrupu peyda oldu.

«Bu dəfə müharibə başlasa müharibəyə gedəcək adamlar 25 il ərzində ölkəni talan etmiş oliqarxlar olacaq, xalq yox…»

Artur Binyatyan – Bu qədər zarafat etdiniz başa düşdük, artıq bəsdirin. Sovet dövründə xüsusi təyinatlı briqadada xidmət etmiş bir şəxs kimi deyə bilərəm ki, sonuncu hadisəni kəşfiyyat diversiya fəaliyyəti adlandırmaq olmaz, bu gülüncdür. Azərbaycanlılar da indi bu hadisəyə gülürlər. Kəşfiyyatçı diversant heç vaxt əsir düşə bilməz. Kəşfiyyatçı diversant konkret tapşırıqla hər hansı bir dövlət obyektini və ya şəxsi məhv edir. Bu ola bilməz ki, kəşfiyyatçı diversant şəhərə girsin, nivanı atəşə tutsun və onu qaçırsın. Bu senariyə oxşayır. Mən onları kəşfiyyatçı diversant adlandırmaq istəmirəm. Onlar 30-40 km gəlib azmış ağılsız adamlardırlar, nə etdiklərini bilmirlər. Qayıdaq qarışıq vəziyyətə, bu vəziyyəti indiki hakimiyyətin oliqarxları yarada bilərlər ki, “insanlar sakit oturun yerinizdə, baş qaldırmayın”. Xəritəyə baxsaq görərik ki, həmin ərazi yetərincə keçilə biləndir. Postlar dağların başında yerləşir, buna görə də nəzarətsiz ərazilər çoxdur. Bunu aradan qaldırmaq üçün postların sayını artırmaq lazımdır. Bu hadisələr bir neçə ildir davam edir və qarşısını ala bilmirlər. Ali baş komandan buna görə yüksək rütbəli, vəzifəli şəxsləri tutduqları vəzifələrdən azad etməlidir. Götürək döyüş mövqeyindən, onun komandirindən, rütbəsi general olan marz rəhbərindən. Müdafiə Nazirliyi inkişafdan dayanmış bir qurumdur. Öz işlərindən başqa hər bir işlə məşğul olur. Məsələn balıqçılıq, heyvandarlıq və s. Bir neçə ay əvvəl Naxçıvandan, indi də Vardenisdən keçiblər. Azərbaycan xüsusi xidmət orqanları bizim zəif yerləri yoxlayırlar. Nə edək ki, bu zəif yerləri dolduraq. Qışda müdafiə zamanı 5 əsgər itki vermişdik, orada Azərbaycan ordusunun hansı silahlardan istifadə etdiklərini göstərdilər. Bu onu göstərir ki, bu silahların qarşısını almaq mümkün deyil. Bu onu göstərir ki, müharibənin başlanması 99% aydındır. Bu müharibə erməni azərbaycan xalqının müharibəsi yox, erməni oliqarxları ilə Azərbaycan Respublikasının müharibəsi olacaq. Ermənistan bütün maliyyəni müdafiəyə qoyur. İqtisadiyyat və kənd təsərrüfatı bərbad vəziyyətdədir. Bunu gizlətmək üçün baş verən prosesləri müharibə ilə əlaqələndirirlər. Günahı özlərindən atmaq üçün bunu edirlər. Cəbhə xəttində müşahidələr zamanı orada olan köhnə konserv qutuları deməyə əsas verir ki, Müdafiə Nazirliyinə ayrılan xərclər hara gedir. Bunu yoxlamaq üçün komissiya təyin etmək lazımdır.

Ara Xudaverdiyan – Mən bəyan edirəm ki, bu dəfə müharibə başlasa müharibəyə gedəcək adamlar 25 il ərzində ölkəni talan etmiş oliqarxlar, hakimiyyət nümayəndələri, parlament üzvləri, ali baş komandan və bütün onun şəxsi heyəti olacaq. Hakimiyyətdə oturanlar bilirlər ki, bu dövləti biz yaratmışıq, biz qan tökmüşük, həyatımızla risk etmişik. Dövlət isə bizim üçün heç nə etmir. Müstəqilliyi burada oturan oğlanlar qazanıb. Bayraqdar, aparıcı lider, özünümüdafiənin təməlini qoyan, Ermənistan Resdpublikasında birinci komandir olaraq açıqlama verirəm ki, biz hamımız dövləti bu vəziyyətdən daha yaxşı çixara bilərik, nəinki ayaqqabılarının parıltısına, sevgililərinin mənzillərinə, şəxsi bizneslərinə, dövləti məhv etmə planlarına başları qarışmış şəxslər.

Elçin ELDƏNİZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm