Dövlət qulluğuna müsabiqədə ən böyük maraq “ASAN xidmət”ə olub
Bizi izləyin

Qırmızı.az

Dövlət qulluğuna müsabiqədə ən böyük maraq “ASAN xidmət”ə olub

Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqədə ən böyük maraq "ASAN xidmət"ə olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Komissiya 13 iyun 2014-cü il tarixdə 3 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 12 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarının aparatındadır. Qeyd olunan müsabiqə üzrə qeydiyyat 14 iyul tarixdə başa çatıb.

Müsabiqədə iştirak etmək üçün Komissiyada qeydə alınmış 824 nəfərin 78,88%-ni gənclər təşkil edib. Ən çox namizədin (754 nəfər) qeydə alındığı dövlət orqanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) olub.

Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 21 iyul tarixdən etibarən başlayacaq.

Test imtahanı qrafiki Komissiyanın internet saytında yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda, nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.

Komissiya tərəfindən 1, 23, 30 aprel və 20 may tarixlərdə elan olunmuş müsabiqələrin isə hazırda müsahibə mərhələsi davam edir. Müsahibələrdə iştirak etmək üçün indiyə kimi Komissiyada qeydə alınmış 391 namizəddən 148-i bu mərhələdən də uğurla keçərək vakant dövlət qulluğu vəzifələrinə uyğun biliniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm