Müdafiə Nazirliyi ilə baş redaktorlar razılığa gəldi
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi ilə baş redaktorlar razılığa gəldi

“Müdafiə Nazirliyi ilə baş redaktorlar arasında qeyri-rəsmi bir anlaşma baş tutdu”.

Bu sözləri Axar.az “Teleqraf MMC”-nin baş direktoru Aynur Camalqızı dünən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən ölkənin aparıcı media nümayəndələrinin görüşü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə media arasında münasibətlərin normal müstəvidə inkişafı üçün bu addım atılmalı idi:

“Mətbuat Şurasının təklifi ilə digər bütün qurumlarla da mütəmadi olaraq belə görüşlər keçirilməlidir. Ümumiyyətlə, orduda baş verən hər bir hadisə ictimaiyyəti düşündürür. Bu baxımdan, biz orada nazir müavini general-leytenant Kərim Vəliyevlə çox səmimi söhbətlərimiz oldu. Biz də öz fikirlərimizi, təkliflərimi çatdırdıq, Müdafiə Nazirliyi ilə daha operativ şəkildə işləmək istədiyimizi bildirdik. Onlar da bizə bunun üçün söz verdilər. Media ilə olan münasibətlərini daha da gücləndirəcəklərini bildirdilər. Nazirlikdə redaktorlar arasında qeyri-rəsmi bir anlaşma da baş tutdu. Milli maraqlar və dövlətçilik əleyhinə olan dəqiq olmayan məlumatların mətbuatda getməməsi üçün razılığa gəldik”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Müdafiə Nazirliyinin bu təklifini təqdirə layiq addım adlandırdı:

“Görüşün ən önəmli cəhəti olduqca səmimi və açıq bir söhbətin baş tutması idi. Görüş zamanı nazirliklə media arasındakı əlaqələrin inkişafı baxımından həddindən artıq maraqlı və düşündürücü təkliflər səsləndirildi. Belə görüşlərin davamlılığı üçün də təkliflər irəli sürüldü. Mən ümid edirəm ki, bu görüş növbəti belə tədbirlərin keçirilməsi üçün başlanğıc olacaq. Bunu ənənəni davam etdirmək həm mətbuatın, həm də nazirliyin marağındadır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da görüşün media üçün əhəmiyyətli olduğunu bildirdi:

“Mətbuat üçün böyük əhəmiyyət kəsb edən tədbir baş tutdu. Bu gün cəmiyyəti düşündürən bütün əsas məsələlər müzakirəyə çıxarılmışdı. Bu görüş ordu komandanlığı ilə mətbuatın çox səmimi bir dostluğuna növbəti təkan oldu. Mətbuatın irəli sürdüyü təkliflərə ordu komandanlığı öz münasibətini bildirdi. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya siyasətinə ölkə mediasının, jurnalistlərinin münasibəti kimi əsas məsələlər bütün detalları ilə müzakirə edildi. Hesab edirəm ki, bu həm ölkə, həm media üçün ən əhəmiyyətli görüşlərdən biri idi. Bu son 20 ildə baş tutan ən əhəmiyyətli görüşlərdən biri oldu. Bunun çox müsbət nəticələri olacaq”.

Qeyd edək ki, iyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib. Görüşdə tanınmış media nümayəndələri Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aydın Quliyev, Rəşad Məcid, Akif Aşırlı, Elçin Mirzəbəyli, Natiq Məmmədli, Yunus Oğuz, Aynur Camalqızı, Eynulla Fətullayev, Elbrus Ərud, Seymur Səfərli də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm