İntiharlar və onları doğuran səbəblər...
Bizi izləyin

Qırmızı.az

İntiharlar və onları doğuran səbəblər...

Son zamanlar cəmiyyəti narahat edən əsas problemlərdən biri də intihar hallarının kəskin şəkildə artması ilə bağlıdır. Məsələnin maraqlı cəhəti də ondan ibarətdir ki, daha çox gənclər intihara, ucuz ölümə əl atırlar. Bu gün Bakıda iki gənc qızın özünə qəsd etməsi də intiharın gənclər arasında daha geniş yayılmasından xəbər verir. Maraqlıdır, niyə öz mübarizə əzmini başa vurmuş, arzuları tükənmiş yaşlılar deyil, daha çox gənclər intihara meyil edirlər?

Bu barədə Publika.az-ın suallarını cavablandıran psixoloq-psixoterapevt Dəyanət Rzayevin sözlərinə görə, gənclərin intihara meyil etməsinin əsas səbəbi insanlar arasında münasibətlər sisteminin bərabər olmaması və gənclərin öz perspektivlərini görə bilməməsi ilə bağlıdır. Psixoloq hesab edir ki, ucuz ölüm hallarının qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə baş verən dərin təbəqələşməni aradan qaldırmaq və bərabər münasibətlər sistemini bərqərar etmək lazımdır:

“İntiharları doğuran bir neçə səbəb var. Onlardan sosial problemləri, cəmiyyətdə baş verən təbəqələşməni, sosial şəbəkələri və ən nəhayət, ailələri misal göstərmək olar. Biz bunun səbəblərini bilirik, amma önəm vermirik. Bu gün Azərbaycanda sosial psixiatriya, yəni ictimai psixiatriya, demək olar ki, sıfır vəziyyətdədir. Məsələn, insanda hər hansı problem baş verir, intihara meyililik və yaxud da başqa bir problem. Amma onun qarşısını almaq üçün biz cəmiyyət olaraq, demək olar ki, heç nə etmirik. İnsan intihar etməmişdən əvvəl müraciət edir, cəmiyyətdən, yaxın çevrəsindən kömək istəyir. Problemlərini dosta, tanışa danışır. Amma biz özümüzü çox ağıllı hesab etdiyimiz üçün həmin insana önəm vermirik. Oturub hər hansı məsləhət verməklə öz işimizi bitmiş hesab edirik. Ancaq nəzərə almaq lazımdır ki, problem bununla həll olunmur. Son nəticədə də insan çıxış yolunu intiharda görür”.

Psixoloqun sözlərinə görə, intihar hallarının artmasının əsas səbəblərindən biri də insanların bir-birindən uzaq düşməsi, cəmiyyətin sanki robotlaşması ilə bağlıdır:

“Əvvəllər insanlar həyət evində yaşayırdılar. Hər hansı problem baş verəndə də insanlar bir-birlərinə kömək edirdilər, çalışırdılar ki, onun problemini həll etsinlər. Ancaq indi insanlar hündür binalarda yaşayırlar. Hər kəs də öz mənzilində qapanıb oturub. Heç kim heç kimlə maraqlanmır, cəmiyyət sanki robotlaşıb. Hər kəsin başı qarışıb özünə, öz probleminə. Bu da təbii ki, sosial, ictimai bir problemdir. İnsanların bir-birindən uzaq düşməsi, bir-birini dinləməməsi də çox təhlükəli bir haldır.

Burada bəzən sosial şəbəkələri günahlandırırlar, ancaq qeyd edim ki, sosial şəbəkələrin, internetin o qədər də günahı yoxdur. İnsanlar sadəcə internetdən məlumat ala bilər ki, hansı yolla və necə intihar etsinlər. Əgər internet, sosial şəbəkələr intiharlara meydan açsaydı, onda gərək Avropada insan qalmayaydı”.

Dəyanət Rzayevin sözlərinə görə, intiharları doğuran əsas səbəb cəmiyyətdə baş verən dərin təbəqələşmə, cəmiyyətin varlılara və yoxsullara bölünməsi və ən əsası, insanlar arasında münasibətlər sisteminin qeyri-bərabər olması ilə bağlıdır:

“Burada əsas səbəb cəmiyyətdə baş verən təbəqələşmə, bir qrupun həddindən artıq varlanması, milyonlara sahib olması, digər qrupun isə problemlər məngənəsində boğulmasıdır. Fikir verirsinizsə, bu gün intihar edənlərin əksəriyyəti gənclərdir. Təbii ki, bunun da səbəbi gənclərin özlərində perespektiv görməməsi ilə bağlıdır. Əgər adamın pulu yoxdursa, arxasında heç kim dayanmayıbsa, insanda istər-istəməz belə bir düşüncə yaranır ki, mən heç kimə lazım deyiləm, mən tənhayam, mən həyatda heç nəyə nail ola bilməyəcəm. Bütün bunlar da son nəticədə intihara aparır. Bu gün ailələr var ki, öz uşağını müəllim yanında hazırlaşdırmaq üçün pul tapa bilmirlər. Bu da bir faktdır ki, xüsusi müəllim yanında hazırlaşmadan uşaq ali məktəbə daxil ola bilmir. Bütün bu problemlər isə insanları depressiyaya və son nəticədə də intihara aparır”.

Psixoloqun sözlərinə görə, intihar hallarının qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə baş verən dərin təbəqələşmə sistemini aradan qaldırmaq və bərabər münasibətlər sistemi yaratmaq lazımdır ki, bu işdə də QHT-lərin, mətbuatın və dövlətin üzərinə böyük öhdəliklər düşür:

“Bunun üçün təbəqələşməni və sosial ədalətsizliyi aradan qaldırmaq lazımdır. Sosial ədalət bərqərar olsa və dərin təbəqələşmə aradan qalxsa, intihar hallarının da sayı azalar. Burada söhbət maddi imkanların bərabər olmasından getmir. Təbii ki, heç bu, mümkün də deyil. Ancaq münasibətlər sistemi bərabərləşməlidir. Belə olsa, intihar hallarının da sayı azalmış olar. Baxın, Avropada dərin təbəqələşmə yoxdur, orda milyonçular, milyarderlər azdır. Bundan əlavə, Avropa insanları arasında bərabər münasibətlər sistemi mövcuddur. Ona görə də Avropa ölkələrində bu gün intihar hallarının sayı kəskin şəkildə azalıb. Bizdə də buna bərabər münasibətlər sisteminə ehtiyac var. Bu intiharlar artıq cəmiyyətə, bizim hər birimizə ötürülən bir mesajdır. İntihar edənlər cəmiyyətə deyirlər ki, artıq biz bu qaydada yaşaya bilmirik. Sosial ədalət və qanunlar hamı üçün – varlı üçün də, kasıb üçün də eyni olmalıdır”.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm