Ağzınız şirin olsun, əziz həmkarlar!
Bizi izləyin

Qırmızı.az

Ağzınız şirin olsun, əziz həmkarlar!

Bu gün fədakar jurnalistlərin peşə bayramıdır. Bütün həyatı informasiyanın quyruğunda sürünən, ömrü-günü yollara səpələnən, hamının sözünü yazan, öz sözü isə içində boğulan, öz həyatını yaşamağa vaxt tapmayan jurnalistlərin...

Jurnalistlərin həyatı vaxt burulğanında keçir, onlar həmişə harasa tələsirlər; kimdənsə müsahibə almağa, hadisə yerindən reportaj hazırlamağa, mətbuat konfransına... Bəzən adına xəbər dediyimiz o əjdaha ömrümüzü xımır-xımır yeyir. Bu, giley-güzar deyil, taledən giley-güzar etməzlər. Bizim də yazımızı yazan belə yazıb. Statistikaya görə, ən az yaşayan insanlar jurnalistlərdi. Çünki jurnalistin beyni günün iyirmi dörd saatı işləyir, jurnalist yatanda da səhər yazacağı mövzunu düşünür, bəzən yazacağı mövzular yuxularını da zəbt edir. Jurnalist hara gedirsə, orda informasiya axtarır, evdə, işdə, küçədə, səyahətdə, hər yerdə. Jurnalistin istirahəti də iş saatları sayılır, çünki o, bu istirahətdən də mütləq bir yazı çıxarmaq haqda düşünür.

Jurnalistika daim oyaq qalan beyindi, o beyin yata bilməz.

Bu əziz gündə bizdən ayrı düşmüş, amma daim bizimlə birlikdə olan qələm sahiblərimizi, sələflərimizi yad etmək istəyirəm. O insanları ki, bizə jurnalist sevgisi onlardan, onların sözündən keçib. Məmməd Nazimoğlu, Ağamalı Sadiq Əfəndi, Hüseyn Əfəndi, Tofiq Abdin, Adil Qaçayoğlu,Elçin Səlcuq, Pərviz və digərləri... Biz onlara baxıb düzlənmişik, onlardan öyrənmişik, necə yazmağı onlardan öyrənmişik. Onlar bu gün də bizimlədir, bizim içimizdə, düşüncələrimizdədirlər. Ruhları şad olsun!

Bu dəfə də bizim payımıza hərəyə bir dilim tort düşdü. Jurnalistin başını aldatmağa nə var ki?.. Ağzınız şirin olsun, əziz həmkarlar!

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm